BŞTİ müdiri: “İntihar hallarının səbəbləri müxtəlifdir”

BŞTİ müdiri: “İntihar hallarının səbəbləri müxtəlifdir”
18:24 4 Oktyabr 2016
46 Digər
Ölkə mətbuatı
A- A+

 

“Yalnız məktəb psixoloqları deyil, məktəbdə çalışan bütün hər kəs şagirdlərə qarşı həssas davranmalıdır”.

 

Bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva məktəbyaşlı uşaqların intiharı ilə bağlı Lent.az-ın sualını cavablandırarkən deyib.

 

 

Məktəbyaşlı uşaqlar arasında intihar hallarının artdığını təəssüf hissi ilə qeyd edən M.Vəliyeva deyib ki, bu problemin kökündə duran əsas məsələ uşağın diqqətdən kənar qalmasıdır: “Hər bir uşağın yaşamaq hüququ var. Əgər hər kimsə uşağı bu hüquqdan məhrum edirsə,  o ən qatı cinayətkardır. Rastlaşdığımız intihar hallarının səbəbləri müxtəlifdir. Təhlillər göstərir ki, valideynlərin ailə probleminin olması, ailələrdə yaranan problemlər nəticəsində uşağın diqqətdən kənarda qalması, yaş dövrü ilə bağlı uşaqda müşahidə olunan hansısa bir dəyişikliklər də uşaq intiharlarının səbəbidir. Amma  istənilən halda bunun əsas kökü uşağın diqqətdən kənarda qalmasıdır. Uşağa istər ailə istər məktəb tərəfindən diqqət göstərilsə, o, qayğı ilə əhatə olunduğunu bilsə, yəqin ki heç bir uşaq həyatdan əlini üzərək “SON” deməz”.

 

 

M.Vəliyeva deyib ki, məktəb rəhbərləri, müəllimlər uşaqlara qarşı həssaslıqlarını bir az da artırsalar yaxşı olar: “ Bəllidir ki, şagird ailəsində yaşanan problemlərin bir qismini məktəbə gətirir, bir qismini gizlədir. İstərdim ki, məktəb rəhbərləri, müəllimlər uşaqlara  qarşı həssaslığı bir az da artırsınlar. Eyni zamanda bilirik ki,  efir, sosial şəbəkələr bütün dünyada gedən proseslərin açıq ötürücüsüdür. Bəzi uşaqlar hansısa qüvvələrin təsiri altında, emosional durumda bu addımı atırlar.  Əgər söhbət məktəbdə oxuyan 1000-1500 uşaqdan gedirsə, əlbəttə onların hamısını diqqətdə saxlamaq çətindir.  Düşünürəm ki, məktəbdə olan insanların hamısı şagirdlərə qarşı həssaslıqla yanaşsalar bunu diqqətə götürmək olar”.

 

Qurum rəsmisi bildirib ki, ötən tədris ilində Bakı məktəblərinin 300-ə yaxın psixoloqu təlimlərə cəlb olunub: “Psixoloqlara şagirdlərin məktəbə adaptasiyası, yaş dövrü ilə əlaqədar müşahidə olunan problemlərin aradan qaldırılması məsələsi, valideyn-övlad münasibətləri mövzusunda təlimlər keçirildi. Bu istiqamətdə işimizi davam etdirəcəyik. Bununla bağlı iş mexanizmi yaratmağı düşünürük. Müəyyən mexanizmin yaradılması ilə bağlı təkliflər üzərində təhlillər aparırıq. Qeyd edirəm ki, məktəblərdə bu sahədə pərakəndəlik özünü göstərir”. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/255564

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR