Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Dəbdəbəli toylar qadağan olunub, ancaq toylar indi yasa oxşayır...

Dəbdəbəli toylar qadağan olunub, ancaq toylar indi yasa oxşayır...

Date: 4 October 2016 19:42

Dağıstanda yeni "toy qanunları"  yayılmaqdadır.

Milli.Az azadliq.org-a istinadən bildirir ki, Dağıstanın bir çox kəndlərində icmalar (camaatlar) toy mərasimlərini xüsusi qaydalarla keçirirlər. "Toy qanunu"nu pozanları məscidlərin xeyrinə cərimələyirlər. Bu yeni qanunun hüquqi əsası yoxdur, amma faktiki olaraq, onu az adam pozur.

"Mərasim bir gündən artıq çəkə bilməz"

Levaşi kəndi də belə kəndlərdəndir. Bu kənddə oğlunu evləndirmək istəyən ailə toy mərasimlərinə öz gəlirindən bir neçə dəfə artıq pul xərcləməli olurdu. İnsanlar uşaqlarına toy edə bilməkdən ötrü böyük borca girirdilər.

Ona görə, Levaşi camaatı toylar ailələri müflis eləməsin deyə, xüsusi qaydalar fikirləşib. Kəndin "toy qanunu"nda göstərilir ki, mərasim bir gündən artıq çəkə bilməz. "Qanun"da hədiyyələrin məbləği də göstərilir: "Bəyin cehizi gəlinlə nişanlanandan etibarən 300 min rublu (4800 dollar) keçə bilməz. Gəlinin cehizi 300 min rublu keçə bilməz". Hədiyyələrin miqdarına xüsusi komissiya nəzarət edir və onların ümumi dəyərini hesablayır. Yalnız qiymətlər qaydaya uyğun olanda, nikaha razılıq verilir.

Başlıq pulu uzağı 8 min

Yerli sakinlərin sözlərinə görə, bu qaydaların tətbiq olunmasından sonra gəlin üçün verilən başlıq pulunu 500 min rubl (8 min dollar) civarında saxlaya biliblər. Ancaq qaydalara hamı əməl etmir.

Dövlətin dotasiyası ilə yaşayan, işsizlik səviyyəsinin yüksək, orta aylıq əməkhaqqınınsa 10 min rubl (160 dollar) olduğu Dağıstanda toya çəkilən xərclər çox böyükdür. Ona görə də çox zaman ailələr toy xərclərini ödəməkdən ötrü borca girməli olurlar.

Untsukul rayonunda isə bir neçə il əvvəl kəndlərin birinin imamı yerli camaata başlıq pulunu 50 min rubla (800 dollar) endirməyi təklif edib. İcmanın qoyduğu qaydanı pozanlar məscidə böyük miqdarda cərimə ödəməli olurdular. Məsələn, başlıq pulu 50 min rublu, yaxud da masanın üzərindəki yeməklərin sayı 7-ni keçəndə, məscidə 30 min rubl (indiki məzənnə ilə 480 dollar) cərimə ödəməli olurdular.

Sakinlərdən birinin sözlərinə görə, iş o yerə çatıbmış ki, qaydalara əməl etməyənləri kənd qəbiristanlığında basdırmayacaqları ilə hədələyirmişlər. Yeni evlənənlər yalnız yataq otağına mebel düzə bilərdilər. Digər otaqlara mebel qoyulduğu zaman mollalar onları götürüb aparırmış. Ancaq sonra kənddə həmin imamı dəyişdiriblər və sakitlik bərpa olunub.

Gəlinə 320 dollar hədiyyə

Çirköy kəndi Dağıstanda ən dəbdəbəli toyların keçirildiyi yerlərdən biri idi. Ancaq indi bu kənddə toylar çox sadə keçirilir. Kəndi şərti olaraq dörd hissəyə bölüblər. Hər hissəyə bir adam nəzarət edir. O, toy edən ailələr arasında maarifləndirmə həyata keçirir. Qaydaları pozanlarsa kənd televiziyasında qınanıla bilər.

Çirköy kəndinin yeni qanunlarına görə, nişandan sonra gəlinə 20 min rubl (320 dollar) hədiyyə etmək olar. Toydan əvvəl gətirilən "böyük çamadan"a isə 80 min rubldan (1280 dollar) artıq xərc çəkmək olmaz. Bəylə gəlinin qohumlarına bir-birinə hədiyyələr bağışlamaq yasaqlanır. Yalnız yataq otağı, mətbəx və hamama mebel yığmaq olar. Oğlan 22 yaşına çatmamış evləndirilməlidir.

Çirköydə toylar artıq Dağıstanın çox yerlərində olduğu kimi, mövlud, dini mərasim şəklində baş tutur.

Toylar yasa oxşayır

Dağıstanlı sosioloq Zaid Abdulagatov bu yenilikləri cəmiyyətin klerikallaşması ilə izah edir: "Problemi belə həll etmək mümkün deyil. Dağıstanda ekstremizm və mənəviyyatla bağlı durumun niyə belə olmasını anlamağa başlayıram".

Sosioloqun sözlərinə görə, yerli mətbuatda çıxmış bir məqalənin başlığı yerinə düşür: "Bizim toylarımız get-gedə daha çox yasa oxşayır".

"İndi toylarda da yaslardakı kimi, musiqi çalınmır, çünki bu, şəriətə ziddir. İndi dini mahnıları təkcə dəfn zamanı yox, toylarda da oxuyurlar. Ancaq əcdadlarımız dindar olsalar da, adətlərə də əməl edirdilər. Məsələn, onlarda toylar toy kimi keçirilirdi: rəqs edirdilər və oxuyurdular", - deyə Abdulagatov əlavə edib.

Milli.Az


Tags:  Dəbdəbəli toylar qadağan olunub toylar indi yasa oxşayır

RƏYLƏR


Top news