“Yalama Aqroparkı”nda 1564 ton yüksək keyfiyyətli dənlik qarğıdalı yığılıb

“Yalama Aqroparkı”nda 1564 ton yüksək keyfiyyətli dənlik qarğıdalı yığılıb
20:42 4 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 4 oktyabr. REPORT.AZ/ Xaçmaz rayonunda yerləşən “Yalama Aqroparkı”nda 100 ha sahədə qarğıdalı biçini başa çatdırılıb.
“Report” İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, Azərbaycanda rekord səviyyədə məhsuldarlıq - hər hektardan 156,4 sentner olmaqla, ümumilikdə 1564 ton yüksək keyfiyyətli dənlik qarğıdalı yığılıb.
Məlumata görə, yem bazasının formalaşdırılması məqsədilə növbəli əkin sistemi tətbiq olunmaqla müxtəlif kənd təsərrüfatı bitkiləri - 128,5 ha yonca, 228,5 ha arpa və 100 ha dənlik qarğıdalı əkilib. Əkin sahəsində rentabelliyin təmin olunması məqsədilə arpa biçini aparılıb və yüksək məhsuldarlıq əldə olunub. Arpa biçini aparılan sahənin 155 hektarına ikinci əkin olaraq silosluq qarğıdalı əkilib. Yaxın günlərdə isə 170 ha sahədə payızlıq arpa əkininə başlanacaq.
Qeyd edək ki, 523 ha sahədə yaradılan “Yalama Aqroparkı”nın birinci mərhələsi üzrə 3000 başlıq cins iri buynuzlu heyvandarlıq kompleksi, 385 ha sahədə iri taxılçılıq təsərrüfatı, gücü saatda 5 ton olan yem zavodu, tutumu 4,5 min ton olan taxıl anbarı kompleksi və digər zəruri infrastrukturlar yaradılıb.
İkinci mərhələdə isə aqroparkda müasir texnologiyanın tətbiqi ilə gündəlik emal gücü 100 ton olan süd emalı zavodu tikiləcək. Zavodda istehsal olunacaq kərə yağı, quru süd və pendir daxili bazarla yanaşı, xarici ölkələrə də ixrac ediləcək.
Hazırda aqroparkda 150 nəfər çalışır. Layihələrin növbəti mərhələsinin icrası nəticəsində yaradılacaq yeni iş yerlərinin sayı 300-ü ötəcək.

Xəbərin orijinal ünvanı: http://report.az/ask/yalama-aqroparki-nda-1564-ton-yuksek-keyfiyyetli-denlik-qargidali-yigilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR