Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Gürcüstanda azərbaycanlı namizəd: "Plakatlarım cırılır, hədələnirəm, amma..."

Gürcüstanda azərbaycanlı namizəd: "Plakatlarım cırılır, hədələnirəm, amma..."

Date: 4 October 2016 23:57

Oktyabrin 8-də Gürcüstanda keçiriləcək parlament seçkisinə ciddi hazırlaşanlardan biri də 26 yaşlı Samirə İsmayılovadır. 30-a yaxın azərbaycanlı namizədin arasında tək qadın olan Samirə İsmayılova Bolnisi rayonu üzrə mübarizə aparır.
Milli.Az azadliq.org-a istinadən S.İsmayılovanın müsahibəsini təqdim edir:

- Bolnisi rayonundanam, 8 ildir ki, ictimai-siyasi həyatdayam. Gürcüstanda Texniki Universiteti bitirmişəm, Londonda politologiya və xarici dillər üzrə təhsilimi davam etdirmişəm. Macarıstanda, Avstriyada siyasi elmlər üzrə təhsil almışam.

- Samirə xanım, Gürcüstanda azərbaycanlı qadınların elə də fəal olmadığı deyilir. Siz nə əcəb fərqləndiniz və yolunuzu siyasətdən saldınız?

- Elədir, burda nəinki qadınlar, heç azərbaycanlı kişilər də ictimai-siyasi həyatda fəal deyillər. 2008-ci ildən qeyri-hökumət təşkilatlarında fəallıq etmişəm, öz QHT-mi yaratmışam, Təhsil Nazirliyində çalışmışam, Gürcüstan parlamentində ekspert kimi işləmişəm. Mikail Saakashvili-nin prezidentlik dönəmində onun etnik azlıqlar üzrə müşavir-məsləhətçisi olmuşam. Beləcə, siyasətə gəldim və bu, mənim parlament seçkilərində namizəd kimi, ilk iştirakım deyil. 2013-cü ildə Vahid Milli Hərəkat Partiyasının proporsional siyahısında 39-cu yerdə mübarizə aparırdım. Sadəcə, bizim partiya seçkiləri uduzdu. Bu dəfə majoritar qaydada qatılmışam. Bölgə mənə yad deyil, həm burdanam, həm də fəaliyyətim boyunca azərbaycanlılar yaşayan bölgələrin camaatı ilə işləmişəm. Partiya lideri Mikail Saakashvili seçkiyə qatılmağımla bağlı təşəbbüs irəli sürdü, mən də bu təşəbbüsü dəstəklədim. Mənsub olduğum partiyanın namizədliyimi irəli sürməsi o deməkdir ki, biz etniklərin, ö cümlədən, azərbaycanlıların ölkədə ictimai-siyasi fəaliyyətinin güclənməsini istəyirik.

- Bu dəfə namizədliyinizi majoritar qaydada verməyiniz o deməkdirmi ki, partiyanın proporsional qaydada qələbə çalacağına inamınız azdır?

- Əksinə, bu dəfə partiyamızın qələbə çalacağına inamımız çox böyükdür. Majoritarda da yerlərin əksəriyyətini qazanacağımızı düşünürəm. Bu inamı keçirdiyimiz görüşlər, seçicilərdən aldığımız dəstək yaradır.

- Seçilsəniz, bölgədə hansı problemin həllinə çalışacaqsınız?

- Əslində, təkcə bölgənin yox, bütün ölkənin əsas problemi işsizlikdir. Bizim qarşımızda da duran əsas məqsəd yeni iş yerlərinin yaradılmasıdır. Bundan başqa, təhsil, məhkəmə sistemindəki problemlərin həlli də qarşımızda durur. Hakimiyyətdə olarkən, müəyyən səhvlərə yol vermişik. Bu səhvləri düzəltməyə çalışacağıq. Dördillik müxalifətlik bizə düzgün addımlar atmaq üçün yaxşı dərs verdi.

- Görüşlərinizdə seçiciləriniz hansı problemləri qaldırırlar?

- Gündəlik problemlərdir: infrastruktur çatışmazlığı, suvarmada yaşanan çətinliklər və s. Adamlar görürlər ki, Saakashvili vaxtında qoyulan qaydalar pozulur. Bölgədə yaşayan insanlar bunu özlərinə təhlükə olaraq görməyə başlayıblar. Onlar yenidən kriminal ünsürlərin ortaya çıxmasından, rüşvətin qayıtmasından narahatdırlar.

- Seçilmə şansınızı necə dəyərləndirirsiniz?

- Hakim partiyadan olan rəqibim bu rayonun icra başçısı olub və bölgədə nüfuzu yoxdur. Digər rəqiblərimi də elə güclü saymıram. Fikrimcə, şansım çoxdur və ona da inanıram ki, azərbaycanlılar bu dəfə seçici kimi çox fəal olacaqlar.

- Müxalifət namizədi kimi təbliğat prosesinə hansı maneələr yaradılır?

- Məsələn, plakatlarım cırılır. Görüşlərimə problem yaratmağa çalışırlar. Hədə dolu mesajlar alıram. Amma bunların heç biri bizi qorxutmur və yolumuzdan döndərmir. Seçici səslərini qorumağı bacaracağıq.

- Gürcü kəndlərində azərbaycanlı namizədi necə qarşılayırlar?

- Çox yaxşı. Biz bir şeyə razılaşırıq ki, hansı millətdən olsaq da, eyni ölkənin vətəndaşıyıq və gələcəyi də birgə qurmalıyıq.

Milli.Az


Tags:  Gürcüstanda azərbaycanlı namizəd Plakatlarım cırılır hədələnirəm

RƏYLƏR


Top news