Taksi dayancaqları pullu olacaq? - Bakıda xüsusi taksi dayanacaqları yaradılacaq

Taksi dayancaqları pullu olacaq? - Bakıda xüsusi taksi dayanacaqları yaradılacaq
07:47 5 Oktyabr 2016
37 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda xüsusi taksi dayanacaqlarının yaradılmasına başlanıb. Bu barədə "Trend"ə bildirən Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayevin sözlərinə görə, agentlik Bakıda taksi dayanacaqlarının fəaliyyət göstərməsi üçün yerlər müəyyənləşdirəcək.

M.Ağayev bildirib ki, taksi sürücüləri adətən əhalinin gur olduğu ticarət mərkəzləri və digər obyektlərin qarşısında dayanmaq istəyirlər ki, müştəriləri rahatlıqla cəlb edə bilsinlər. Bu proses şəhərdə tıxacların yaranmasına səbəb olur. "Bunun üçün xüsusi taksi dayanacaqları müəyyənləşdiririk. Dayanacaqlar şəhərdən kənarda olmamalı, digər tərəfdən isə hərəkətə maneçilik yaratmamalıdır. Artıq bununla bağlı bir neçə yer müəyyən edilib. Yaxın vaxtlarda taksilər həmin dayanacaqlara cəlb ediləcək",-deyən BNA-nın sektor müdirinin bildirdiyinə görə, bu dayanacaqlardan kənarda taksilərin fəaliyyəti qanunsuz hesab ediləcək.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarovanın "Ekspress"ə bildirdiyinə görə, Bakı Şəhəri İnzibati Ərazi Dairəsində 79 ədəd pasportlaşdırılmış, 81 ədəd pasportlaşdırılmamış taksi dayanacağı mövcuddur: "Sadəcə olaraq, bu dayanacaqlardan taksi sürücüləri heç vaxt istifadə etməyib. Səbəb kimi də göstərirlər ki, taksi dayanacaqları əyləncə və istirahət mərkəzləri, metro stansiyaları və avtobus dayanacaqları yaxınlığında, yəni sərnişinlərin daha sıx və sərnişin toplama imkanlarının daha geniş olduğu ərazilərdə deyil. İndidək həmin taksilərlə bağlı xüsusi heç bir qaydalar qoyulmayıb ki, bu tələblərə onlar əməl etsinlər".

Allahyarova bildirib ki, artıq Bakı Nəqliyyat Agentliyi bununla bağlı tələbləri hazırlayır. İlk növbədə fərqlənmə nişanı verdiklərini deyən müsahibimiz bildirir ki, BNA-da müvafiq bankda 18 manatlıq rüsumunu ödədikdən sonra taksi xidməti göstərən sürücü və ya sahibkar, şirkət rəhbəri çox qısa prosedurlardan keçərək agentlikdə fərqlənmə nişanını əldə edir. "Bundan sonra həmin taksi alınan fərqlənmə nişanı ilə bir ay leqal fəaliyyət göstərir".
Onun sözlərinə görə, BNA pasportlaşdırılmış və pasportlaşdırılmamış taksi dayanacaqlarını təhlil edir, agentlikdə bununla bağlı işçi qrupu yaradılıb və onlar taksi dayancaqlarına yerlərdə baxırlar. "Həmin taksi dayancaqlarının standartlara uyğun olub-olmaması araşdırılacaq. Bu dayanacaqlar standartlara uyğunlaşdırıldıqdan sonra taksi fəaliyyəti göstərən fərdi sahibkarlara veriləcək".

N.Allahyarova qeyd edib ki, sərnişin üçün həm metro stansiyası çıxışlarında, həm sözügedən xidmət mərkəzlərinin önündə və s. həmin taksi dayancaqlarına istiqamətləndirən məlumatverici lövhələr olacaq: "Sərnişin də taksi dayanacağının harda olacağını biləcək. Bu da sıxlığın aradan qaldırılacağına kömək edəcək".

Taksi dayanacaqlarının pullu və ya pulsuz olacağına gəlincə, həmsöhbətimiz bu barədə dəqiq məlumata malik deyil. Dediyinə görə, taksi dayanacaqları sadəcə taksilərin park edilməsi üçündür və ilkin mərhələdə ödənişli olmayacaq.

Yol təhlükəsizliyi və hərəkətləri qaydaları üzrə ekspert Azər Allahverənov qəzetimizə bildirib ki, Azərbaycanda taksi fəaliyyəti, xüsusilə dayanması ilə bağlı nizamsızlıq var: "Taksilər harda gəldi saxlayıb müştəri gözləyir. Döngələrdə, nəqliyyat vasitələrinin sıx olduğu yerdə, avtobus dayanacaqlarında da dayanan taksi sürücülərinə rast gəlirik. Onlarla aparılan söhbətlər zamanı aşkar olunur ki, həmin taksi sürücüləri dayanmaları üçün xüsusi yerlər olmadığından harda gəldi dayanır. Onlar məcburiyyət qarşısında qalıb harada balaca bir boş yer görsələr, maşını orda saxlayır və müştəri gözləyirlər" deyən ekspert belə bir vəziyyətdə taksilər üçün dayanacaqların salınmasını vacib sayır. Allahverənov hesab edir ki, taksi dayanacaqlarının yaradılmasına və taksi sürücülərin bunlardan geniş istifadəsinə nail olunarsa, paytaxt küçələrində yaşanan tıxacların, xoşagəlməz halların, avtobus dayanacaqlarının taksilər tərəfindən zəbt olunmasının qarşısı alınacaq. Ekspert bildirib ki, taksi dayanacaqları sahibləri və taksi sürücüləri arasında müəyyən razılaşma mütləq olmalıdır: "Məsələn, İstanbulda taksi dayanacağı var. Həmin dayanacaqda duran taksi sürücüləri ilə dayanacaq sahiblərinin müqavilə bağlayır".

Onun dediyinə görə, taksi fəaliyyəti ilə bağlı nizamsızlığı qısa zaman ərzində aradan qaldırmaq çətin məsələdir: "Müəyyən zamana ehtiyac var. Taksi dayanacaqlarının yaradılması, eyni zamanda, digər fəsadların aradan qaldırılması və müəyyən məsələlər silsilə şəkildə həllini tapmalıdır".
Müsahibimizə görə, bu dayancaqların pullu olması da gözlənilir. "Ola bilər ki, taksi dayanacaqlarının pullu modelləri tətbiq olunsun. Həm pullu, həm də pulsuz taksi dayancaqları yaradılsın. Beynəlxalq təcrübəyə görə, pullu və pulsuz dayanacaqlar da var".

A.Allahverənov bildirib ki, "onlayn" xidməti olan taskilər üçün bu, əl verməyəcək: "Çünki elə taksilərə dayanacaq lazım deyil. Onlara sifariş gəlir və onlar lazım olan ünvana gedirlər. Bu, daha çox fərdi taksi fəaliyyəti ilə məşğul olan, "onlayn" taksi fəaliyyətindən kənarda olan taksi sürücülərinin işinə yarayacaq".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/475860.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR