Atom-raket BLEFİ

Atom-raket BLEFİ
11:12 5 Oktyabr 2016
52 Ölkə
Ölkə mətbuatı
A- A+

Ermənistan hakimiyyətinin saxta təbliğatına baxmayaraq, Qarabağdakı dördgünlük müharibədəki məğlubiyyət regionda qüvvələr balansının ən yaxşı göstəricisidir. Bunu onların yalnız ciddi şəxsi heyəti və hərbi texnika itkisi deyil, bir sıra ordu generallarının səs-küylə istefaya göndərilməsi də dolayısı ilə təsdiqləyib. Vasitəçilərin, ilk növbədə, Rusiya prezidenti Vladimir Putinin müdaxiləsindən sonra, cəbhə xəttində atəşkəs rejimi bərpa olunsa da, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin "dondurulmuş münaqişə" adlandırılmasının doğru olmadığı bir daha təsdiqləndi.

Yalnız Azərbaycan və Ermənistan üçün deyil, bütünlükdə region üçün ciddi fəsadlara yol aça biləcək böyük müharibəni önləmək bu dəfə mümkün oldu. Lakin sülh danışıqlarının irəli aparılması cəhdlərinin növbəti dəfə iflasa uğrayacağı təqdirdə, Azərbaycanın özünümüdafiə, ərazi bütövlüyünün bərpası hüququndan işğalçı erməni qüvvələrinə zərbələrin endirilməsi yolu ilə istifadə edəcəyi istisna deyil. Milli.Az regionplus.az-a istinadən bildirir ki, bu vəziyyət, həmçinin sülh danışıqlarında zəif tərəf kimi iştirak etmək istəməyən Ermənistan hakimiyyətini bütün mümkün hiylələrə getməyə vadar edir. Erməni elitasının qeyri-adekvat, təxribatçı hədələrə əl atması, konkret desək, atom-raket fırıldağı və şantajı ilə məşğul olması onun əlində real mübarizə vasitələrinin olmadığını açıq şəkildə göstərir.
Xatırladaq ki, bu ilin aprelində baş vermiş döyüşlərdən dərhal sonra, Ermənistanın sabiq baş naziri, hazırda deputat olan Qrant Baqratyan ölkəsinin atom silahına malik olduğuna dair qalmaqallı bəyanat səsləndirmişdi. Söhbət son dərəcə təhlükəli məsələdən getməsəydi, bunu, əlbəttə ki, müxalifətçi siyasətçinin qeyri-adi yolla özünə diqqət çəkmək cəhdi kimi dəyərləndirmək olardı. Üstəlik, ermənilərin atom blefi əvvəllər də fərqli mənbələrdən gəlmişdi.
Əslində isə hələ Sovetlər dönəmindən nüvə sahəsində təcrübəsi, elmi potensialı olmuş Ukrayna atom silahına malik deyilsə, Ermənistan bu silaha necə yiyələnə bilər? Ermənilərin hərc-mərclik illərində haradansa nüvə qurğuları oğurladıqlarına və ya aldıqlarına inanmaq çətindir. Moskvanın erməni əlaltısına tam nəzarət etdiyini də nəzərə alsaq, bu, baş versəydi belə (fantastik səslənsə də), həmin qurğular çoxdan rusların nəzarətinə qaytarılmışdı. Rusiyanın Ermənistana gizli yolla atom döyüş sursatları verməsi də istisnadır. Müvafiq olaraq, demək, söhbət "çirkli bomba"dan gedə bilər. Bu, düşmən ərazisinin və obyektlərinin radioaktiv çirklənməyə məruz qoyulması məqsədilə adi döyüş sursatlarının nüvə tullantıları ilə "üzlənməsi"dir.
Təcrübədə heç bir hərbi münaqişədə belə vasitələrdən istifadə olunmayıb. Onun effektivliyi azdır. Üstəlik, buna getmək qərarına gəlmiş tərəf üçün bu addımın beynəlxalq siyasi-hüquqi fəsadları xeyli ağır ola bilər. Nüvə döyüş sursatları deyərkən, özəyi "uran 238"dən ibarət mərmi və bombaların nəzərdə tutulduğu istisna deyil. Bu material qurğuşun örtükdən bir qədər ağırdır və daha yüksək dağıdıcı gücə malikdir. Belə sursatlar nüvə tərkibinə malikdir və onlardan istifadə olunduğu halda, müəyyən qədər radiasiya yayılması mümkündür. Amma onları, az qala, nüvə silahına tay tutmaq olmaz. Belə silahlardan Amerika Silahlı Qüvvələri İraqda istifadə edib və bu, radiasiyaya səbəb olmayıb.
Belə olan təqdirdə, ortaya sual çıxır: ermənilərin atom-raket fırıldağı, şantajının məqsədi nədir? Ermənistanın bəzi "hərbi analitiklər"ini oxumuşuq, onlar Azərbaycanla müqayisədə dövlətlərinin zəif olduğunu etiraf edir, Karl fon Klauzevisin nəzəriyyəsinə əsaslanmağı lazım bilirlər. Bu görkəmli alman hərbi nəzəriyyəçisi hələ XIX əsrdə zəif rəqibin güclüyə üstün gəlməsinə, üstəli,k buna güc tətbiq etmədən, regional və ya qlobal düzəni ciddi şəkildə pozmadan nail olmağa imkan verəcək 3 vasitəni sadalayırdı:
- birincisi, elə etmək lazımdır ki, düşmən mübarizəni davam etdirə bilməsin;
- ikincisi, çalışmaq lazımdır ki, düşmən qalib gələ bilməyəcəyinə inansın;
- üçüncüsü, düşməni inandırmaq lazımdır ki, o, qalib olsa belə, qələbə ona çox baha başa gələcək.
Azərbaycan müxtəlif səbəblərdən 1993-1994-cü illər müharibəsində torpaqlarının 20%-ni itirsə də, onun mübarizəni davam etdirmək bacarığına heç zaman şübhə olmayıb; üstəlik, o vaxtdan keçən dövrdə tərəflərin imkanları arasında son dərəcə ciddi fərq yaranıb. Ermənistanla müqayisədə Azərbaycan demoqrafik, maddi-iqtisadi, indi isə həm də hərbi baxımdan dəfələrlə üstündür.
Apreldə baş vermiş 4 günlük müharibə ermənilərin və himayədarlarının Azərbaycan Silahlı Qüvvələrinin öz torpaqlarını geri qaytarmaq iqtidarında olmadığına dair tirajladığı mifi dağıdıb. Odur ki, indi ermənilər mifik "atom bombası" haqqında yalanlarla, İrəvanda bu yaxınlarda keçirilən paradda Rusiya istehsalı olan "İsgəndər" operativ-taktiki raket komplekslərinin nümayəişilə guya Azərbaycanı qorxutmağa çalışır. Bakı beynəlxalq hüquqla tanınmış özünümüdafiə haqqından istifadə edərək ərazilərini erməni işğalından azad etməyə hər cür əsası olduğu təqdirdə həyati əhəmiyyətli hədəflərinə zərbələrin endirilə biləcəyi ilə hədələnir.
Amma bu cəhdlər əbəsdir. Sentyabrın 21-də Bakıda Müdafiə Nazirliyinin ali rəhbərliyinin iştirakı ilə iclas keçirilib. Müdafiə naziri, general-polkovnik Zakir Həsənov bildirib ki, Azərbaycan Silahlı Qüvvələri düşmənin strateji və hərbi təyinatlı obyektlərini məhv edəcək raket-artilleriya qurğularına, sistemlərinə malikdir. Azərbaycanlı hərbi ekspertlər isə Naxçıvan Muxtar Respublikasının ərazisindən İrəvandakı və digər ərazilərdəki həyati əhəmiyyətili hədəflərin vurulmasının mümkünlüyünə diqqət çəkib. Bunun üçün orduda "Uraqan" və "Smerç" reaktiv sistemləri, həmçinin Türkiyə istehsalı olan "Kasirga" TR-300 qurğuları var. Üstəlik, "İsgəndər" raket kompleksi divizionu yeni tankların, artilleriyanın, aviasiyanın alınması ilə çoxdan Azərbaycanın xeyrinə dəyişmiş qüvvələr balansına təsir göstərmir.
Ermənistanda bəzi KİV rusların "İsgəndər"indən eyforiyaya qapılaraq, "İrəvan elə silah əldə edib ki, Azərbaycan Qarabağı unuda bilər" başlığı ilə çıxsa da, ağıllı siyasətçilər və analitiklər bunun belə olmadığını bilir; məsələn, Qafqaz İnstitutunun direktoru Aleksandr İsgəndəryan sentyabrın 22-də keçirdiyi mətbuat konfransın deyib: "İsgəndər" raket kompleksləri aprel hadisələri tipli eskalasiyaların qarşısını alacaq vasitə deyil".
Bəs görəsən, "İsgəndər" raket kompleksləri Ermənistana həqiqətən satılıb, yoxsa onları, sadəcə, Azərbaycanla Türkiyəni qorxutmaq üçün İrəvandakı parada çıxarıblar? Bu sualın cavabından asılı olmayaraq, Bakı Moskvadan izahat tələb etmək, müvafiq beynəlxalq strukturların diqqətini təhlükəli raket silahlarının yayılması faktının qəuledilməzliyinə çəkmək haqqına malikdir. Bu tipli raket sistemlərini Vaşinqton hətta ikitərəfli müttəfiqlik müqaviləsi olan, üstəlik NATO-dakı tərəfdaşlarından biri olan Türkiyəyə belə, satmayıb. Rusiya ilə ümumi ittifaq dövləti olan Belarusa da "İsgəndər" verilməyib.
Bütün bunların fonunda istər Ermənistanın atom silahına malik olduğuna dair təxribatçı bəyanatına, istərsə də "İsgəndər" operativ-taktiki raket komplekslərinin nümayişinə beynəlxalq reaksiyanın olmaması təəccüblüdür. Bu cür konvensiyalara zidd silah nümayişinin, hədələrin Azərbaycandan, yaxud hər hansı digər müsəlman ölkəsindən gələcəyi halda buna KİV-in, ABŞ konqresmenlərinin, analitiklərinin, həmçinin digər Qərb dövlətlərinin hansı reaksiyanı verə biləcəyini təsəvvür etmək çətin deyil.
Amma istənilən halda, Ermənistanın atom-raket yalanı və şantajı heç bir halda Azərbaycanın hazırkı status-kvonun sonsuzluğadək uzanmasına göz yumması, yaxud ölkənin ərazi bütövlüyü və suverenliyinə zərər verəcək qəbuledilməz güzəştlərə getməsi ilə nəticələnməyəcək. Əgər yaranmış şəraitlə əlaqədar Azərbaycan işğal olunmuş ərazilərinin azad edilməsı üçün miqyaslı hərbi əməliyatları bir müddət təxirə salmaq məcburiyyətində qalacaqsa belə, Bakının Ermənistanı bundan sonra da nəqliyyat və iqtisadi təcridlə, təmas xəttində silahlı təzyiqlərlə, diplomatik və informasiya mübarizəsinin davam etdirilməsi ilə əldən salmasına heç nə mane olmayacaq.
Kənardan dəstək ermənilərə hələ bir müddət də Azərbaycana ərazi iddialarını davam etdirməkdə kömək edə bilər. Lakin yaramaz və "dalana aparan" siyasətin davamı, sadəcə, məğlubiyyətin vaxtını uzadacaq, onu daha ağrılı, daha sarsıdıcı edəcək. Azərbaycanın işğal olunmuş ərazilərinə ilişib-qalmış ermənilər ildən-ilə öz dövlətlərini itirirlər. Ermənistanın qonşuları ilə düşmənçiliyi, onlara qarşı ərazi iddiaları bu ölkəni blokadaya salıb, regional əməkdaşlıqdan, layihələrdən kənarda qoyub. Nəticədə, heç bir perspektivi olmayan ölkəni hər il daha yaxşı həyat axtaran 10 minlərlə insan tərk edir. Ermənistanın müstəqillik illərindəki emiqrantlarının ümumi sayı bu dövrdə doğulanların sayının dörddəbirini ötüb. Azərbaycanın işğal edilmiş torpaqları gec-tez boşaldılacaq. Dünyaya səpələnmiş milyondan artıq erməni vətəndaşı "tarixi" vətəninə qaytarmaq isə çətin ki, mümkün olsun.
Bu arada Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədrləri yaxın zamanlarda regiona səfər edəcək. Bu, vasitəçilərin Azərbaycan və Ermənistanın XİN başçıları ilə Nyu-Yorkda keçirdikləri görüşdən sonra yaydıqları birgə bəyanatda bildirilir.
Ümid edək ki, vasitəçi fövqəldövlətlər - ənənəvi olaraq ermənilərə himayədarlıq edən Rusiya, ABŞ və Fransa nəhayət, İrəvanı danışıqlarda konstruktiv mövqe tutmağa razı salacaq.
Bu da öz növbəsində regionda uzumüddətli sülh və əməkdaşlığa yol açardı.

Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/476205.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR