Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Erməni müəllim mənə var gücü ilə sillə vurdu" - FOTO

"Erməni müəllim mənə var gücü ilə sillə vurdu" - FOTO

Date: 5 October 2016 11:32

Peşə bayramını dərs otağında qeyd edən sənət aləminin tanınmış simalarından biri olan xalq artisti Bəsti Cəfərova primetime.az-a müsahibə verib.

Tanınmış aktrisa, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru ilə M.F.Axundovun "Lənkəran xanının vəziri" komediyasının stolarxası məşqləri zamanı görüşdük. O, söhbətimizə tələbələrindən nə dərəcədə razı qalıb-qalmaması ilə başladı:

- Bəzən deyirik ki, bizim dövrümüzdə tələbələr daha həvəsli olublar. Amma hər dövrün öz gəncləri var. Mən tələbələri, ümimiyyətlə, gəncləri sevirəm. Öz qızım da İncəsənət Universitetində təhsil alıb, tələbəlik həyatının nə demək olduğunu mən yaxşı bilirəm. Hərdən tələbələrimi danlayıram, nəsihət edirəm. Bilirsiniz, bəzən deyirlər ki, biz gəncləri qısqanırıq. Onların səhnəyə gəlməsinin qarşısını alırıq. Amma bu heç də belə deyil. Şəxsən mən heç kimi qısqanmıram. Anlayıram ki, onlar bizim gələcəyimizdir. Mənim tələbələrim sənətimin davamçılarıdır. Çox istəyirəm ki, sənətimizə, səhnəmizə istedadlı gənclər gəlsin. Bir həqiqəti qəbul etmək mütləqdir. Yol gənclərindir! Gənclərə ümidim böyükdür. Teatrın qapısına heç vaxt qıfıl asılmayacaq. Heç kim deməsin ki, bizdən sonra sənət olmayacaq. Hər zəmanənin, hər dövrün Hökumə Qurbanovası olub və düşünürəm ki, yenə də olacaq.

- Şükür, siz bəzi həmkarlarınızla müqayisədə çox pozitivsiniz.

- Yox, həqiqətən mən bu fikirdəyəm. Universitet sarıdan mən həmişə pozitiv olmuşam. Çox həvəslə dərslərə gəlmişəm. Heç vaxt ah-vay etməmişəm ki, mənim dərslərim bu qədər oldu.Yoruldum və s. Artıq 12 ildir pedaqoji fəaliyyətdəyəm və mənim dərs saatlarımın vaxtı dəyişməyib.

- Sənətdə olan müəllimlərin vəziyyəti necədir?

-Maddiyata önəm verən insan deyiləm. 38 ildir sənətdəyəm və heç vaxt maddi vəziyyətimdən danışmamışam. Mən xalqıma, dövlətimə sədaqətlə qulluq etmişəm. Bu həqiqətən belədir. Məsələn, Azərbaycandan kənara çıxanda, xüsusilə Türkiyədə, bizə dövlət sənətçisi deyirlər. Özümü həqiqi mənada dövlət sənətçisi hesab edirəm. Mən dövlətin aktrisasıyam, bu yolda yürümüşəm. Əməkdar, xalq artisti fəxri adını da dövlətdən almışam. Mənim qiymətimi dövlət verib. Sovet dövründə 25 il, indiki Heydər Əliyev Sarayında aparıcılıq etmişəm. 1978-ci ildən Akademik Milli Dram Teatrında çalışıram və bu teatrdan uzaqda olmamışam. Buna görə də özümə borc bildim ki, püxtələşmiş sənətkar kimi gənc nəslə bildiklərimi öyrədim. Məni universitetə çoxdan dəvət edirdilər. Amma o zamanlar qızımın yaşı az idi, həm də özümü tam hazır hiss etmirdim. 2004-cü ildə nəhayət Mədəniyyət və İncəsənət Universitetində dərs deməyə başladım. Artıq professor adını aldım. Çox məsuliyyətli insan olduğuma görə dərsimi də məsuliyyətlə aparıram.

- Bəsti xanım, məktəb illərinizdən danışın. Siz necə şagird olmusunuz?

- Bakının Nərimanov rayonunda 178 saylı orta məktəbdə 4 il təhsil almışam. 5-ci sinifdən məktəbi bitirənədək 82 saylı orta məktəbdə oxumuşam. Məktəb illərimi gözəl xatirələrlə yad edirəm.

- İlk müəllimlərinizi necə xatırlayırsınız?

- İlk müəllimim Lətifə xanımla bu yaxınlarda yaradıcılığımın 35 illiyinə həsr olunan verilişdə görüşdüm. Daha doğrusu, sinif yoldaşlarım mənə belə sürpriz etdilər. Lətifə xanım cavanlıqda çox gözəl idi. İllər sonra onunla görüşəndə eyni gözəlliyi müşahidə etdim. 1976-cı ildə məktəbi bitirib, İncəsənət İnstitutuna daxil oldum. Məktəb yoldaşlarımla hər il görüşürük. Çox mehribanıq. Bunun səbəbi odur ki, sinifimizin uşaqları ilə eyni həyətdə yaşayırdıq. Hamımız qonşu olmuşuq. 1959-cu ildə doğulan bütün uşaqları valideynlərimiz eyni məktəbə göndərdilər. Hər iki məktəbdə 10 il birlikdə oxuduq. Təəssüf ki, dünyasını dəyişən sinif yoldaşlarımız da var. Uşaqlıqda sağlamlığımda problem var idi. Əsəbləşəndə ürəyim gedirdi. Ona görə də bütün sinif üzərimdə əsirdi. Çalışırdılar ki, əsəbləşməyim, mənə bir şey olmasın. Qayğıma qalırdılar. Birlikdə oyunlar oynayırdıq. İllər otüb, amma onlarla görüşəndə özümü başqa aləmdə hiss edirəm. Onların saflığı, təmizliyi məni bu aləmdən qoparır.

- Məktəbdə sevdiyiniz və ya zəhləniz gedən müəllim olub? 

-Yox, zəhləm gedən müəllim olmayıb.

- Heç xətrinizə dəyən, sizə əl qaldıran müəllim də olmayıb?

- Hə, olub. 178 saylı məktəb rus məktəbi olduğuna görə, müəlimlərin əksəriyyəti yəhudilər və ermənilər idi. 1-ci sinifdə oxuyurdum. Tənəffüsdə dəhlizdə qaçanda erməni qadın müəllim ilə toqquşduq. O mənə var gücü ilə sillə vurdu. Yanağım qızardı. Üzümdə barmaqlarının izi qaldı. Ağlaya-ağlaya evə qaçdım. Anam məni bu halda görüb, məktəbə gətirdi və həmin müəllimə "cavab sillə"si vurdu. Bunu gözləməyən erməni qadın haray-həşir saldı. Bütün məktəb tökülüb gəldi, anamla məni milisə apardılar. İzahat alındı. Müəllimi danladılar ki, "Sizin uşağa əl qaldırmaq haqqınız yoxdur". Anama da dedilər ki, "Gərək siz də eyni cavabı verməyəydiniz. Belə olmazdı". Amma müəllim gedəndən sonra milis rəisi anama dedi ki, "Onların yanında belə dedim. Əslində siz düz eləmisiniz. Hər bir valideyn uşağını qorumalıdır". 

O hadisədən sonra anam mənə tapşırdı ki: "Heç vaxt ağlayıb, üstümə gəlmə. Həyatda sənə kimsə zərbə vuranda ağlama. Cavab verməyi, özünü qorumağı bacar". O zamandan anamın sözləri qulağımda sırğa olub. Bu günə qədər mənə vurulan zərbələrə layiqli cavab verməyi bacarıram.  

- Bəsti xanım, sizin dövrünüzdə də müəllimə hədiyyə verilirdi?

- Yox, sizin dediyiniz mənada hədiyyə-filan olmazdı. Sadəcə, 8 Martda müəllimə gül alırdıq və o zamanlar dəbdə olan açıqcalar yazırdıq. Bizim uşaqlığımız çox sadə, çox təmiz keçib. Sadəlövh uşaqlar olmuşuq.

Sevmədiyiniz fənn olub?

-Hə, olub. Humanitar fənlərdən qiymətlərim əla idi. Amma dəqiq elmlər, texniki fənlərlə aram olmayıb. Əzbərləyib, danışırdım. Fizika, kimya, cəbr, həndəsəni heç sevmirdim.

- İncəsənət İnstitutunda müəllimləriniz kim olub?

- İlk müəllimimiz Ədil İsgəndərov olub. Ədil müəllim bizə 2 il dərs dedi.

- Ədil müəllim sizi bəyənirdi?

-Hə, bəyənirdi. Rəhmətlik mənə deyirdi ki, "Sən səhnədə fors edirsən. Bir az səmimi ol" (Gülür) Hətta, uşaqlara deyib ki, "Bəstini varlı ailədən istəsələr də, sənəti atıb, ərə getməyəcək". Rəhmətlik mənim sənətə olan sonsuz sevgimi hiss edirdi. O vaxtlar düşünürdüm ki, Ədil müəllim bunu necə hiss edib? İllər ötəndən sonra, özüm müəllim kimi dərs deməyə başlayanda anladım ki, sənət sevgisi olan tələbə hiss olunur. Mən də hiss edirəm ki, hansı tələbəm sənətdə qalacaq, hansı qalmayacaq. 

- Nə xoşbəxt sizə ki, Ədil müəllimin tələbəsi olmusunuz, Tofiq Kazımov, Mehdi Məmmədov kimi nəhəng rejissorlarla çalışmısınız...

-Həqiqətən də, bu gün düşünəndə qürur hissi keçirirəm. Ədil İsgəndərov kimi nəhəng rejissorun tələbəsi olmaqla yanaşı, onun quruluş verdiyi tamaşada rol ifa etmişəm. O zamanlar Ədil müəllim, Tədris Teatrında tamaşalar qurardı və tələbələrini həmin tamaşalara cəlb edərdi. Tofiq Kazımov məni Milli Dram Teatrına dəvət edib. Mehdi Məmmədovla birlikdə çalışmışam. "İblis" əsərində Xavər obrazını ifa etmişəm. Həmin tamaşadan sonra Mehdi Məmmədov "Azərbaycan gəncləri" qəzetində mənim barəmdə yaxşı sözlər demişdi. Mehdi müəllim və Hökumə Qurbanova mənim Xavər obrazımı bəyənmişdi. Onların fikirləri yazılan qəzet səhifələrini şəxsi arxivimdə saxlayıram. Mehdi müəllim məni lirik-dramatik obrazların ifaçısı kimi görürdü. Sonuncu dəfə Mehdi Məmmədovla küçədə rastlaşdıq. Mənə dedi ki, Hüseyn Cavidin "Afət" əsərini hazırlamaq istəyirəm. Düzdür, indi çoxları deyir ki, Mehdi müəllimin belə fikri olmayıb. Amma mənə son görüşümüzdə özü demişdi. Yəqin ki, qismət olsaydı, mənə Alagöz obrazını tapşırardı. Amma qismətə baxın. İllər keçdi və Mehdi müəllimin tələbəsi olan Mehriban Ələkbərzadə "Afət"ə quruluş verdi və mən də Afət obrazını ifa etdim. Hər şey qismətdir. Ümumiyyətlə, mənim həyatımda belə uğurlu məqamlar çox olub. Məsələn, birinci "Natəvan"da (Qeyd: İlyas Əfəndiyevin "Xurşidbanu Natəvan" tamaşası nəzərdə tutulur) mənim rolum var idi. Həmin tamaşada Natəvan surətini Şəfiqə Məmmədova ifa etməliydi. Mən isə Güllü rolunda çıxış edəcəkdim. Həmin heyət ilə hazırlanan tamaşa alınmadı. Sonradan həmin obrazın adı dəyişdi, Bəyim oldu və Firəngiz Mütəllimova o obrazı ifa etdi. Amma yenə də, qismət... İllər keçdi..."Natəvan" yenidən bizim teatrda səhnəyə qoyuldu və mən Natəvan surətini yaratdım. Mən qismətə çox inanıram. Həyatımda rəqəmlərin də, maraqlı yeri var. Məsələn, 1989-cu ildə əməkdar artist fəxri adını aldım. 1998-də xalq artisti. 1959-cu ildə mən doğulmuşam. 1995-ci ildə qızım dünyaya gəlib. Allahın verdiyi qismətə heç kim qarışa bilməz. Ona görə də, mənim yolumu kəsən, işimə mane olmaq istəyən adamlara gülürəm. Axı, Allahın yazdığına bəndə necə qarışa bilər?

- Bəsti xanım, orta məktəbdə və institutda aşiq olduğunuz müəlliminiz olub?

-Yox, müəllim olmayıb. O zaman belə fikirlər ağlımıza gəlməzdi. Amma yuxarı sinifdə oxuyanda bir oğlandan çox xoşum gəlirdi. İndi yadıma düşəndə gülürəm. Üzünün cizgilərini də unutmuşam. Amma adı yadımda qalıb. Yunis (Gülür). Nəsə o, zamanlar Yunis adı mənə qəribə gəlirdi. Çox nizam-intizamlı şagird olmuşam. Ömrümdə dərsə gecikməzdim. Müəllimdən sonra sinfə daxil olmazdım. Yaltaq, satqın, sözgəzdirən deyildim. Çox səliqəli, təmizkar şagird olmuşam. Bir dəfə olmayıb ki, mənim məktəbli formamım yaxası çirkli olsun və ya saçlarım çirkli dərsə gedim. Belə şeylər olmayıb. Varlı ailədə böyüməmişəm. Ailədə məndən əvvəl iki bacım var idi. Üçüncü mən olmuşam.

- Ona görə adınızı Bəsti qoyublar?

- (Gülür) Hə. Mənim böyük bacım 1954-cü ildə, o biri bacım 1956-cı ildə doğulub. Mən doğulanda adımı əmim qoyub. Bəsti qoyublar ki, bəlkə, məndən sonra oğlan olar, amma dördüncü dəfə yenə qız doğulub. Beləliklə, dörd bacı olmuşuq. Adıma görə məktəb illərində kompleks keçirirdim. Əmimə deyirdim ki, "Bu nə addır, mənə vermisən? Amma sonralar sənətdə olduğum zamanlarda adımı sevdim. Bəsti Cəfərova cingiltili səslənir. Bilirsiniz, istedadlı insanın adının nə olması önəmli deyil. Əsas gördüyü iş, uğur qazandığı peşədir.

Milli.Az









Tags:  Erməni müəllim mənə var gücü sillə vurdu FOTO

RƏYLƏR


Top news