Türk həkimlərinin keçirdiyi nadir əməliyyatlar ATU-da translyasiya olunacaq

Türk həkimlərinin keçirdiyi nadir əməliyyatlar ATU-da translyasiya olunacaq
11:57 5 Oktyabr 2016
33 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 5 oktyabr. REPORT.AZ/ Azərbaycan Tibb Universiteti (ATU) Türkiyənin Memorial Xəstəxanalar Qrupu ilə əməkdaşlığı genişləndirmək niyyətindədir.
ATU-dan “Report”a verilən məlumata görə, yaxın gələcəkdə iki müəssisə arasında müştərək tədbirlər, birgə əməliyyatlar, seminar və elmi konfransların keçirilməsi planlaşdırılır.
Bu haqda ilkin razılıq Memorial Xəstəxanalar Qrupunun baş direktoru Uğur Genç ilə ATU rektoru, professor Gəray Gəraybəyli arasındakı görüş zamanı əldə olunub.
G.Gəraybəyli ATU ilə Memorial Xəstəxanalar Qrupu arasında uzun illərdir əməkdaşlığın mövcud olduğunu vurğulayıb. Rektor bildirib ki, indiyədək bir çox sahələrdə birgə tədbirlər təşkil olunub: “Lakin adətən bu tədbirlər tibbin əsas istiqamətləri - ginekologiya, endikrinologiya, cərrahiyyə ilə bağlı olub. Biz digər önəmli sahələr - pediatriya, oftalmologiya, psixiatriya, nevrologiyaya da diqqət ayırmaq istərdik”.
G.Gəraybəylinin sözlərin görə, indiyədək azərbaycanlı gənc həkimlərin Türkiyədə staj, praktiki kurslar keçməsi ilə bağlı problem olmayıb: "Həmçinin, rezidentura pilləsində çalışan həkimlər də qonuşu ölkədə praktikada ola bilirlər. Biz isə İstanbul Universitetinin müəllimlərinin ATU-dakı tədris prosesinə cəlb olunması arzusundayıq. Yalnız rezidentlər üçün deyil, tələbələrin də biliklərini artırması üçün xüsusi dərslərin keçirilməsi, əməliyyatların canlı yayımla nümayiş olunmasını təşkil etmək istərdik. Simulyasiya otaqlarımızda praktiki vərdişlərin tədrisi ilə bağlı qısamüddətli kursların təşkili tələbələrimizin bacarıqlarını artırması üçün böyük töhfə olmuş olardı”.
Memorial Xəstəxanalar Qrupunun nümayəndəsi Uğur Genç qeyd edib ki, Türkiyə tibbində invaziv cərrahiyyə, qaraciyər nəqli, radiologiya, süni mayalanma və digər sahələr üzrə ciddi nailiyyətlər əldə olunub və bu təcrübəni Azərbaycanla paylaşmaq niyyətindədirlər: “Türkiyənin fərqli yerlərində 10 xəstəxanamız var, burada 1000-dən çox yüksək səviyyəli peşəkar həkimlərimiz işləyir. Hesab edirik ki, bilik paylaşdığınız zaman dəyərlidir. Bu baxımdan, biliklərimizi Azərbaycanla paylaşmağa hər zaman hazırıq”.
Görüşdə qeyd olunub ki, Memorial Xəstəxanalar Qrupuna daxil tibb müəssisələrində hər il yüzlərlə qaraciyər nəqli əməliyyatı həyata keçirilir və onların 92 faizi uğurla nəticələnir. Bu klinikalarda ildə 125 min yataq xəstəsi var, 60 min əməliyyat aparılıb. Yaxın vaxtlarda İstanbulda bu şəbəkəyə daxil olan yeni xəstəxana açılacaq.
Söhbət zamanı əməkdaşlığın digər formatları müzakirə olunub. Türkiyə həkimlərinin ATU-da qısamüddətli kurs keçməsi, Türkiyəli həkimlərin keçirdiyi nadir əməliyyatların video translyasiya ilə ATU tələbələri üçün nümayiş etdirilməsi, tələbələrin praktiki biliklərini artırması məqsədilə digər tədbirlərin təşkili ilə bağlı ilkin razılıq əldə olunub.

Xəbərin orijinal ünvanı: http://report.az/sehiyye/turk-hekimlerinin-kecirdiyi-nadir-emeliyyatlar-atu-da-translyasiya-olunacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR