Arif Babayev sirrini açdı: “Məni görəndə siqareti pencəyinin altında gizlədirlər”

Arif Babayev sirrini açdı: “Məni görəndə siqareti pencəyinin altında gizlədirlər”
12:28 5 Oktyabr 2016
41 Digər
Ölkə mətbuatı
A- A+

Ömürlərini öyrətməyə, ucaltmağa sərf edən, əlimizdən tutub bizi uğura doğru istiqamətləndirən zəhmətkeş, cəfakeş müəllimlərimizin bu gün bayramıdır. Yəqin ki, hər kəs, əlindən tutub onlara “Ana”, “Vətən” kəlməsini yazmağı öyrədən əziz müəllimlərini xatırlayıb ürəklərində onlara minnətdarlıq duyğusunu ifadə edəcək. Elə biz də etdik. Bu gün tələbə yetişdirən müəllimlərə, ustadlara üz tutduq, onları təbrik etdik.

Beynəlxalq müəllimlər günündə məşhur müəllimlərimiz təəssüratlarını Publika.az-la bölüşdü.

Xalq artisti, ustad xanəndə, Milli Konservatoriyanın muğam kafedrasının müdiri Arif Babayev sərt müəllim olduğunu deyib:

“Mən olduqca tələbkar, məsuliyyətli, sərt müəlliməm. Belə olanda tələbə də məsuliyyətli olur. Mənim dərsimə gecikmək, dərsi bilməmək söhbəti ola bilməz. Əgər tələbə dərsə gecikirsə, o qapı dalında qalacaq. Dərsini yaxşı bilməyən, zəif tələbəyə çalışıram başa salım ki, belə olmaz, oxumaq lazımdır. Söz eşitməyəndə, yüngülcə “qulaqburması” olur. Sağ olsun tələbələrim, mənə həmişə hörmətlə yanaşıblar. Küçədə məni görəndə siqareti pencəklərinin altında gizlədiblər”.

Xalq artisti, Milli Konservatoriyanın müəllimi Mənsum İbrahimov tələbələrindən ağızdolusu danışdı:

“Müəllim anadan müəllim doğulur. O, xasiyyətcə müəllim olmalıdır. Mən mülayim müəlliməm, tələbələrim də bunu bilir. Onlarla dost kimiyəm. Tələbənin uğurunu görəndə fəxr edirəm. Yeri gəlmişkən, müəllim heç vaxt paxıl olmamalıdır, əgər paxıllıq hissi varsa, ondan müəllim çıxmayacaq. Tələbələrimin qiymətini kəsməmişəm. Görəndə ki, istedadı yoxdur, başa salmışam ki, bu sənət sənlik deyil, get indidən özünə başqa peşə seç”.

Vaxtilə saysız-hesabsız tələbə yetişdirən xalq artisti, tanınmış rejissor Ağakişi Kazımov müəllimlik peşəsini dünyada ən şərəfli peşə kimi qiymətləndirdi:

“O qədər tələbələrim var, indi hərəsi bir teatrda məşhur aktyor, rejissordur. Onların uğurunu görəndə ürəyim dağa dönür. Müəllim kimi təbrik etməyiniz məni xoşbəxt elədi. Bu gün teatrlarımızda çalışan istedadlı insanların uğuru müəllimlərin əməyinin bəhrəsidir”.

Cəvahir


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/171033.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR