Manana: "Sevgimizi qorumaq üçün hər şey edəcəyik" - FOTO

Manana: "Sevgimizi qorumaq üçün hər şey edəcəyik" - FOTO
12:52 5 Oktyabr 2016
65 Şou
Ölkə mətbuatı
A- A+

Milli.Az bildirir ki, əməkdar artist Manana Caparidze "qafqazinfo"ya müsahibə verib.

- Sizin Azərbaycana gəlməyiniz barədə müxtəlif versiyalar irəli sürülür. Necə oldu ki, Bakıya köçmək barədə qərara gəldiz?

- İlk dəfə Azərbaycana 1998-ci ildə gəlmişəm. İki günlük qastrol idi. Hər şey buradan başladı. 17 yaşım var idi, ancaq 4 yaşımdan mahnı ifa etməyə başlamışam. Valideynlərim oxumağımı istəyiblər. Ona görə ki, istedadımı kəşf ediblər. O zamanlar CD-filan olmayıb. Kasset zamanları idi, rəhmətlik qardaşım sinfonik musiqilər qoyardı, mən qulaq asardım. Qardaşım məni çox dəstəkləyirdi. İncəsənət Gimnaziyasını məktəblə paralel olaraq bitirmişəm, Almaniya Müasir İncəsənət, Cazz və Şou-biznes Akademiyasının Gürcüstandakı filialını bitirdim. Cazz üzrə təhsil almışam. ABŞ və digər ölkələrə qastrol səfərlərim olub.

İlk dəfə Moskvaya qastrola getmişəm, o zaman 10 yaşım var idi. Beynəlxalq Kino Festivalı idi. Mənimlə birgə Alen Delon də qonaq idi. Rusiyanın bir çox tanınmışlarıyla tanış oldum. Bu yaxınlarda Aqutin Tbilisiyə gəlmişdi. Məni orada xatırladı. Daha sonra müsabiqələrdə iştirak etdim. Mən indi öz tariximdən danışıram. Uşaq vaxtı çox aktiv olmuşam. Hər dəfə məni dəstəkləyirdilər.

O zaman insanlar çətin yaşayırdı. 90-cı illər çox çətin idi. Babamın maaşı çox az idi, şou-biznesdə iş görmək üçün kifayət etmirdi. Bu sənət elədir ki, pul xərcləmək lazımdır. Hər şey puldan asılı idi. Mənim valideynlərim isə 5 otaqlı evinin bir otağını satdı. Düzdür, biz pis yaşamamışıq, hər şey yaxşı idi. Amma danışdığım illər çətin idi. Hər yan qaranlıq, işıqlar yox idi. Daha sonra qardaşım öldü, valideynlərim üçün yaşamaq çətin oldu.

Amma inanırdıq ki, hər şey yaxşı olacaq. Onda 9 yaşım var idi. Onlara deyirdim ki, qardaşım mənə söyləyib ki, peşəkar və layiqli bir ifaçı ol. İlk dəfə mənə pianoda ifa etməyi o öyrətmişdi. İdmançı idi, karate ilə məşğul olurdu. Mənimlə gəzəndə söyləyirdi ki, yuxarı, göydəki ən çox parlayan ulduza bax. Demişdi ki, bilmirəm nə vaxta kimi sənin yanında olacam, amma o ulduza baxanda bil ki, həmişə yanındayam, səni qoruyacam. Hələ də həmin ulduza baxanda səsi qulağıma gəlir.

Mənim üçün bu sözlər hər şey deməkdir. Ölümündən sonra karate ilə məşğul olmağa çalışdım. Valideynlərim 3 ay məni apardılar. Daha sonra gedə bilmədim. Almaniyada əsgərlikdə idi. 6 ay sonra evə qayıdacaqdı, amma olmadı. Bu barədə danışmaq çox çətindir.

- Bakıya gələndə artıq tanınmış bir ifaçı idiniz?

- Bəli, Gürcütsanda tanınırdım. Prezident Eduard Şevardnadze zamanında bütün dövlət tədbirlərində çıxış edirdim. Sizə bir söz deyim ki, Şevardnadzenin təqaüdünü almalı idim. Ancaq bir nəfərin atası şokolad zavodunun rəhbəri idi. O qız heç müsabiqədə çıxmamışdı, amma mənim təqaüdüm ona verilmişdi. Valideynlər heç nə demədilər, daha sonra onlar öz səhvlərini düzəltdilər. Mənə zəng vuraraq dedilər ki, sənədlər səhv düşüb, təqaüdünüz bərpa olub. Bundan başqa Nani Breqvadzenin komandasında idim. Gürcüstanda kişilər arasında Vaxtanq Kikabidze, xanımlardan isə Nani Breqvadze o dövrün nömrə 1-ləridir. Bütün mədəni konsertlərdə müəllimlərin köməyi ilə çıxış etməyə başladım, onlarla yaxın münasibətlərim var.

Daha sonra mənə dəvətnamə göndərildi. "Miss and Mrs Azerbaijan" müsabiqəsində çıxış etməli idim. Əyləncə mərkəzlərindən birində final gecəsi baş tuturdu. Onlar istəyirdilər ki, Gürcüstandan gənc bir müğənni Bakıda çıxış etsin. Bizi tapdılar, valideynlərimə müraciət etdilər. Əlbəttə, o vaxtlar qərarları onlar verirdilər. 17 yaşım var idi. İndiki dövlər çox fərqlidir. İndi 17 yaşlı xanımlar öz qərarlarını verə bilirlər. Bizdə isə fərqlidir. Mənim yerimə qərarı valideynlərim verirdilər. Azərbaycana gəldim, tarixi gün idi. Hər şey bundan sonra başladı. Çıxış etdim, daha sonra bizə daha bir təklif irəli sürdülər.

Dedilər ki, bir konsert var, orada da çıxış edin, biz də 1 həftə artıq qaldıq. Bundan sonra tədbirlər çoxaldı, 1 ay qalmağımızı istədilər. Atam bundan narahat oldu, məni Bakıya dəvət edən insanları tanımaq istədi. Atam onları Gürcüstana dəvət etdi, qonaqları əla qarşıladı. Anam və atam azərbaycanlılar kimi qonaqpərvərdilər. Atam onları tanıdı, mədəni şəkildə qərar verdi, mənə icazə verdi. Dedi ki, sizin xəbəriniz olsun ki, Manana tək deyil, onun ailəsi var. Onlar isə məni qızları kimi qəbul etdilər. Bakıya gəldim, anamla burada kirayə yaşadıq. Bakıda da hər şey çətin idi. Hər yan qaranlıq idi. Sizə bir söz deyim ki, rəhmətlik Heydər Əliyev çox şey etdi. Ürəkdən deyirəm, ölkə tamamilə dəyişdi. Biz bu zamanda Bakıya gəldik.

Mən şəhərə çox çıxmırdım. Maşından şəhəri görürdüm, palmalar gözümə sataşırdı, bir az mənə Batumini xatırladırdı. Gürcüstanla bağlı bir şeylər axtarırdım, mənə asan olmağını istəyirdim. Təsəvvür edin ki, dostum yox idi, danışa da bilmirdim. Azərbaycan dilində başa düşmürdüm. Anam deyirdi ki, sən öz işinlə məşğul ol, hər şey yaxşı olacaq. Yavaş-yavaş "salam", "sağ ol" sözlərini öyrənməyə başladım. Buradakı dostlarım mənə "xuliqanski" sözlər öyrədirdilər, guya həmin sözlər "salam-sağ ol" deməkdir. Məndə hamıyla elə danışırdım. Əlbəttə, zarafat etmək istəyirdilər.

- Sizin Azərbaycanda məşhurlaşmağınıza dəstək olan şəxslər kimlər idi?

- İndi onlarla əlaqəm var. Lali xanım idi, nənəsi gürcüdür. Mənə konsertdə qulaq asdı, bəyəndi, sonra "Royal klub"da çıxş etməyə başladım. Jurnalistlərin də marağına səbəb olmuşdum. Lali xanım mənə çox kömək oldu, Azərbaycanda tanınmağa başladım.

- Yəqin ki, həmin illər bizim şou-biznes ulduzlarından sizi dəstəkləməyənlər də oldu...

- Əlbəttə, olub. Valideynlərim mənə deyiblər ki, real ol, fantaziyalarda uçma... Az yaşım var idi. Bəzən çox ağlayırdım. Anamgil deyirdilər ki, bu cür insanlara oxşama, həyat səni dəyişdirməsin, çalış ki, sən həyatı dəyişdir. İnsanı dəyişmək çox çətindir. Onlara necə deyə bilərdim ki, məni sevin? Məsələn, "Royal klub"da Zeynəb Xanlarovanı gördüm. Mənim ad günüm dekabrın 28-də idi. Elə o vaxt Zeynəb xanım da doğulub, ad günü keçirilirdi. Onun haqqında çox eşitmişdim, babam onun mahnılarına qulaq asırdı. O zalda bütün tanınmış müğənnilər orada idi.

Mənə də şərəfli idi ki, onların qarşısında çıxış etdim. Daha sonra Flora Kərimova ilə tanış oldum. Bundan əlavə, İlhamə Quliyeva, Alim Qasımovla tanışlığımız oldu. Bir müddət sonra müasir mahnı ifa edən sənətçiləri tanıdım. Pop diva Aygün Kazımovanı gördüm. Mənim 17, onun isə 28 yaşı var idi. O, mənə qulaq asdı, dedi ki, onun böyük gələcəyi var. İndi söz-söhbətlər yaydılar. Söylədilər ki, Aygün sənin arxanca danışıb. Amma mən cavab verdim ki, siz nə danışırsız-danışın. Fakt budur ki, Aygün Kazımova mənimlə bağlı fikirlərini üzümə deyib. Onun dediyini öz qulaqlarımla eşitmişəm.

İlk görüşdən hörmət qazanıb, elə də davam edəcək. Hər şeyə qlobal baxmaq lazımdır. Düzdür, Bakıya gəlməyimdən çox adam narahat ola bilərdi. Otağa gəlirdim, salamımı almırdılar. Onları qınamıram, bəlkə də tanımırdılar. Ola bilsin ki, "salam" sözünü aydın demirdim, onlar başa düşmürdülər. Anam deyirdi ki, bir-iki və üç dəfə salam olmayacaq, amma daha sonra hər şey qaydasına düşəcək. Mən öz insanlığımı göstərirdim, dua edirdim ki, hər şey yaxşı olsun. Allahıma minnətdaram ki, hər şey yaxşı oldu. Qismətimizi biz yazırıq, Allah bizə həyat verib.

- Siz başqa bir dövlətin vətəndaşı idiz, o dövrlərdə sizin yolunuzu kəsənlər olubmu?

- Mən estrada janrında oxuyurdum, əcnəbi mahnılara üstünlük verirdim. Azərbaycan milli mahnılarına bələd deyildim, gürcü folklor mahnıları səsləndirirdim. Belə şeylər olurdu, ancaq həyata real baxmaq lazımdır. Mən onlar kimi xalq mahnıları ifa edə bilmirdim. Məni səhnəyə çağıranda hər kəs təəccüblənirdi. Elə bilirdilər ki, kök və ağ saçlı bir xanımam. Amma səhnədə balaca qız ifa edirdi. Düşünürdülər ki, Avropa musiqilərini yaxşı səsləndirirəm. AzTV bir dəfə çəkilişə gəlmişdi, məni də orada tanıdılar.

Zəmanə böyük rol oynadı, dövlət kanalında çıxış etməyə başladım. Heç nə anlamırdım. Deyirdilər ki, alqışlayın, elə mən də hamıya baxıb əl çalırdım. Onların etdiklərini təkrarlayırdım. Mənə qarşı olan müğənnilər ola bilərdi, ancaq hiss etdirmirdilər. Ancaq salam vermirdilər. Mən artıq 18 ildir ki, burada yaşayıram. İndi onların bacısıyam, bəlkə də, zaman lazım idi. Məni tanıdılar, qəbul etdilər. Çox balaca qız idim, vaxtı ilə kiminsə gözünə görünmürdüm. Bu cümlə ikimənalıdır. Kim necə istəyirsə, elə qəbul etsin. Düşünürdüm ki, bir gün məni qəbul edəcəklər.

- Azərbaycanda öz dövlətinizdən çox məşhursuz. Bu sizi kədərləndirir?

- Gürcüstanda indi tanınıram. Hər dəfə oraya gedəndə verilişlərə çağırırlar, mağazın proqramları çəkilişlər edirlər. Haqqımda süjetlər gedir, qeyd edirlər ki, gürcü müğənni Azərbaycanda məşhurdur və s. O zaman hər şeyi tərk edib Bakıya gəlmək faciə idi. Valideynlər, müəllimlər elə başa düşürdülər ki, 28 yaşa kimi Tbilisidə yaşayacam. Qastrollara çox gedib-gəlirdim. Ancaq heç bir ölkədə yaşamadım. Çox insan da inanmırdı ki, mən Azərbaycanda yaşayacam. Sıfırdan başlamaq çətin idi, eyni yolu təkrar getməyə başladım. Müsabiqələrə qoşulurdum. Seçim qarşısında qalmışdım, ya bura, ya da oranı seçməli idim.

Fikirləşmədən dedim ki, nə olar-olsun. Azərbaycanda yaşayırdım, Gürcüstanı "Qolos Azii" beynəlxalq müsabiqəsində təmsil etmək istəyirdim. Daha sonra Gürcüstana getdim, mədəniyyət naziri ilə görüşmək istəyirdik. Sənədləri müsabiqəyə göndərməli idik. Nazir ölkə xaricində idi. Bir neçə dəfə müraciət etdim, alınmadı, Bakıya qayıtdım. Ancaq müsabiqəyə 1 ay qalmışdı. O vaxt ki, Respublika Sarayında konsert var idi. Həmin konsertdə rəhmətlik Heydər Əliyev də hörmətli qonaq kimi ora gəlmişdi.

Artıq Azərbaycan dilində bir neçə mahnı ifa etməyə başlamışdım. Tofiq Quliyevin "Sənə də qalmaz" və Şövkət Ələkbərovanın "Ağlaya-ağlaya" mahnılarını səsləndirirdim. O konsertdə mənim Azərbaycan mahnısı ifa etməyimi istəmişdilər. Mən də "İntizar" mahnısını səsləndirdim. Rəqs edə-edə mahnını oxudum. Heydər Əliyev çox mədəni insandır. Onu hansı formada təqdim edəcəyimi bilmirəm. Hərtərəfli insan idi. O, konsertdən sonra müğənnilərə yaxınlaşırdı, hamıyla salamlaşırdı. Heydər Əliyev həmin vaxt səhnə arxasına gəldi. Cənab lideri yaxşı tanıyanlar qabağa getməyə başladılar, mən isə arxada qaldım.

Məni heç kim tanımırdı. Öz yerimi həmişə bilmişəm. Heydər Əliyev ilk mənim əlimdən tutub mərkəzə gətirdi. Dedi ki, qızım, gəl. Mən də Azərbaycan dilində danışmağı bacarmırdım, ancaq anlayırdım. Dedi ki, adın nədir? Başa düşdüm, Manana olduğunu söylədim. Söylədi ki, bizim dildə nə gözəl oxuyursan. Mənə sual verdi ki, Azərbaycanda dilində danışırsan? Mən də "yavaş-yavaş" cavabını verdim, güldü. Mədəni insanlara dedi ki, siz bilirsiz, bu kimdir? İstəyirdi ki, məni hamı öz qızı kimi qəbul etsin. Mənim həyatımda böyül rol oynadı, bununla da insanlara yaxınlaşdım, yolum açıldı. Məhz bundan sonra həmin müsabiqədə Azərbaycanı təmsil etmək istədim.

Sənədlərimi hazırladım, həmin dövrdə mədəniyyət nazirimiz Polad Bülbüloğluna müraciət etdim. Anamla nazirliyə getdik. Mən Polad müəllimə dedim ki, ilk müsabiqədir, Azərbaycanı təmsil etmək istəyirəm. Söylədim ki, mən qalib olacam. Qalib olmasam, mənim üçün ayıb olacaq və Azərbaycana qayıtmayacam. Mənim arzum Azərbaycan xalqını orada təmsil etməkdir. Bir gürcü mahnı, bir ingilis dilində klassika, bir də Vaqif Gərayzadə musiqi yazdı, ifa etdim. 45 ölkə təmsilçisi iştirak edirdi.

Vaxtında sənədlərimiz göndərdik. 45-50 yaşlı iştirakçılar çıxış edirdilər. Çətinliklər çox idi, ancaq mən qalib oldum. Azərbaycana qayıtdım, Polad müəllim məni yüksək səviyyədə qarşıladı. İnanırsız, çox maraqlı anlar idi. Azərbaycan bayrağı yüksəldi, mən səhnəyə çıxdım. Arxamda bayraq dalğalandı, mən isə xaç çəkdim. Mənim üçün fərqi yoxdur. Allah birdir. Evimdə Bibliya, Quran var. Onları eyni yerdə qoymuşam. Bəlkə də, olmaz. Mən bu cür inanıram.

- Yeri gəlmişkən, hamı Polad Bülbüloğlu ilə qohum olduğunuzu söyləyir.

- Mən mədəni konsertlərdə Polad müəllimlə görüşürəm. Deyir ki, yenə haqqımızda şayiə yayırlar? Kaş ki, həqiqi qohum olardıq, məsələnin belə nöqtəsini qoyardıq. Elə bu yaxın aylarda Gürcüstanda görüşdük.

- Həmin qalibiyyəti Gürcüstan necə qarşıladı?

- Gürcüstanda müəllimlərim incidilər, onlarsız qərar vermişdim, Azərbaycanı təmsil etməliydim. Onlar ürəkdən istəmirdilər ki, Azərbaycanın bayrağını dalğalandırım. İnsanlar var idi ki, yollarımı Gürcüstanda bağladılar. Əlbəttə, gürcü xalqının hamsına şamil etmək istəmirəm. Radioda mahnılarıma qadağa qoyuldu, Azərbaycanı seçdiyim üçün çox çətinliklərlə üzləşdim.

Təsəvvür edin ki, ölkəmdə mənə qadağalar qoyulub, Azərbaycanda heç kəs mənə salam vermir. Çıxılmaz vəziyyətdə idim. Mən artıq seçimimi etmişdim. İstəmirdim ki, insanlar məni pis başa düşsünlər. Zaman keçdi, hər şey düzəldi. Mənim iki dövlətim var. Ömrümün yarısını orada, yarısını isə burada yaşamışam. Məni başa düşməyən insanlara deyirdim ki, mən məcburam, məni Azərbaycan xalqı yaşadır. Onlardan biri oldum. Bir neçə aydan sonra "Slavyanski bazar" müsabiqəsinə getdim, Azərbaycanı təmsil etdim, yenə qalib oldum.

Daha sonra Praqaya getdim, laureat oldum. Artıq müsbaiqələrdə münsiflər məni tanıyırdılar, qalib olan pulu da qazanır. Deyirdilər ki, yenə çamadanları doldurmaq üçün gəlmisən? Sonra Şanxaya getdim, qalib oldum. Mən özümə sübut etmək istəyirdim ki, bu işi bacarıram. Məni Azərbaycan xalqı qarşıladı, mən isə bu cür onlara minnətdarlığımı bildirdim.

- Azərbaycandan birdəfəlik Gürcüstana köçmək planınız var?

- Evim, hər şeyim var. Dilini öyrənirəm, işimi qurmuşam. Bunları necə ata bilərəm? Ənənələrini öyrənmişəm, insanlarını bu ölkədə kəşf etmişəm, həyatımın gözəl anlarını burada yaşamışam. Necə atıb getmək olar? İndi deyirsən ki, sıfırdan başlayım? Bir dəfə İngiltərəyə getmişdim. Hamı yazdı ki, Manana ölkəni tərk edir. Halbuki, mən qastrol səfərinə getmişdim. Mən qızımı bu ölkədə dünyaya gətirmişəm. Həyat yoldaşım iki ölkə arasında qalıb.

- Həyat yoldaşınız Georgi tez-tez Azərbaycana gəlir?

- Bəli, tez-tez Azərbaycana gəlir, mən də oraya gedirəm.

- Həyat yoldaşınızla maraqlı tanışlığınız olub, elə deyilmi?

- Atam rəhmətə getmişdi, 2005-ci ildə dünyasını dəyişdi. Anamı götürüb bir az sakitləşmək, uzaqlaşmaq istəyirdik. Anam çətin günlər yaşayırdı. O deyirdi ki, Gürcüstana getmək istəmirəm, xatirələr yadıma düşür. Mən də dedim ki, başqa ölkəyə getməyək, Gürcüstanda istirahət edək. Atamın ölümündən 1 il keçmişdi. Qara dəniz sahilinə yollandıq. 9 gün qaldıq, Georginin babasının evi orada idi. Həmin evdə otaq kirayələmək istədim. O vaxtlar elə də böyük otellər yox idi.

4 nəfər getmişdik, əmim qızı və həyat yoldaşı bizimlə idilər. Ancaq onların evində yer olmadı, başqa yerdən kirayə otaq tapdıq. Georgi o vaxtlar Tbilisi İcra Hakimiyyətində çalışırdı. Çox məşğul imiş, bir gün istirahətə gəlib. Biz dincəlirdik, uzaqdan mənə baxırdı. Gürcüstan kanallarında məni həmişə göstərirdilər. Mənim burada olmağım barədə süjet vermişdilər. Georgi də bunları görmüşdü. Məni tanıyırdı, yaxınlaşıb bizimlə oturmaq istədiyini söylədi. Halbuki, çimərlik tam boş idi, hava çox isti idi. Anam da cavab verdi ki, guya burada başqa yer yoxdu? (Gülür) Daha sonra birtəhər oturdu.

Söylədi ki, siz o qız deyilsiz? Bakıda uğur qazanan... Mən isə bir qədər əsəbləşdim. Azərbaycanda məni "Manana xanım" deyə çağırırlar. Bu kimdi ki, mənə "qız" deyə müraciət edir. Sizinlə səmimi danışıram. Dedim ki, əlbəttə, o qızam. Söylədi ki, sizinlə fəxr edirik. Anamla siyasətdən, tarixdən müzakirə apardılar. Sağollaşdıq, söylədi ki, şəkil çəkdirmək olar? Mən də söylədim ki, belə yerlərdə şəkil çəkdirməyi sevmirəm, başqa vaxt alınar. Ancaq heç foto çəkdirmək istəmirdim. Ona görə ki, qorxurdum, tanımırdım. Bizim şəkli göstərib başqalarına nə deyəcəkdi? Xırdalıqları çox düşünürəm. Məni axtarmağa başladı.

Nömrəmizi tapıb zəng vurmuşdu. Amma cəmi bir dəfə zəng vurub hal-əhval tutdu. Aylar keçdi, yenə zəng vurdu. Daha sonra mədəni insan olduğunu düşündüm, dost olduq. Gürcü dostlarımın siyahısına daxil oldu. Sosial şəbəkələr yarandı, danışmağa başladım. 1 il keçdi, zaman-zaman hisslər yarandı.

- O, Gürcüstanda, siz Azərbaycanda yaşayırsız. Məsafələr münasibətlərə təsir etmir?

- Yox, həmişə deyirəm ki, Allah məni sevir. Çünki o məni çox yaxşı başa düşür, dəstəkləyir. Biz uşaq üçün ailə qurmamışıq. Şükürlər olsun ki, uşaqlarım da dünyaya gəlib. Biz eyni yola baxırıq, eyni düşünürük. Ən vacib şey odur ki, biz eyni nəfəs alırıq. Mənim planlarımı bilir, mən də onun planlarını bilirəm. Mən ona, o da mənə güvənir. Biz bilirik ki, Allah bizə məhəbbət bəxş etdi. Hər şey gözəl gedir, günü gündən də gözəlləşir. Allaha minnətdaram, bizi məhəbbətimiz qoruyur. Sizə deyim ki, bizim münasibətdə mübahisə olmayıb. Çünki bir-birimizə qulaq asırıq. Mən onun üçün, o da mənim üçün maraqlı insandır. Sevgimizi qorumaq üçün hər şey edəcəyik. Arzum odur ki, uşaqlarımız məhəbbət dolu bir ailədə doğulsun.

- Uşaqlar orada yaşayırlar?

- David orada yaşayır, hələ balacadı. Bura gətirib-aparmaq istəmirəm. Elizabeti 7 aylığında Gürcüstana aparıb-gətirirdim. Amma narahat olur, qrafiki pozulurdu. Oğlum 1 ay orada, bir ay isə burada qalır. Orada nənə-baba var, nəvələrini görmək istəyirlər. Çox çətindir. Elizabetin 7 yaşı var, 3-cü sinifdə oxuyur. Noyabrda 8 yaşı olacaq. İngilis dilində təhsil alır, Bakıda məktəbə qoymuşuq. Çox ağıllı və intelektual qızdır. İdman, rəqslə məşğuldur. Ondan soruşurlar ki, böyüyəndə nə olmaq istəyirsən? Deyir ki, səfir-diplomat olacam.

- Həyat yoldaşınız yenə İcra Hakimiyyətində çalışır?

-Yox, indi öz biznesini qurub. Tbilisidə, Bakurianidə otelləri var. Özü hüquqşunasdır, ancaq öz ayaqları üstündə dura bilir. Onun haqqında çox danışıram. İstedadlı adamdır. Hərdən dostlarla, ailə üzvlərimizlə otururuq, başqaları başa düşməsin deyə gizli Azərbaycan dilində danışmağa başlayırıq. O, həzin mahnılarımı çox bəyənir. Onun üçün rus dilində özüm sözlərini yazdığım bir mahnı var. "Tı i ya" adlanır, ona həsr etmişəm. Onun üçün hər gün ifa edirəm. Demək olar ki, məhəbbət mövzusunda bütün mahnıları onu düşünüb oxuyuram.

- Sizi eyni imicdə görürük, heç dəyişmək fikriniz yoxdur?

- Niyə dəyişim? Mənə Londondan musiqi şirkəti əməkdaşlıq təklifi etmişdi. Söylədilər ki, saçını rəngləyəcəksən, kəsdirəcəksən, biz istəyən kimi geyinəcəksən. Mən isə razılaşmadım. Məşhurluq üçün paltarı çıxarmaq lazım deyil. Özümü qalmaqala atmaq, mübahisə etmək istəmirəm. O zaman insan istedadsız görünür. Elə müğənnilər var ki, heç vaxt dəyişmir. Mən münsif kimi "Səs Azərbaycan"da yaşayırdım, bir az dəyişiklik edirdilər. Ancaq mən Mananayam, bu cür qəbul olunmuşam. Dəyişmək fikrim yoxdur, inanın ki, saçıma rəng qoymamışam, uşaqlıqdakı saçlarımdır. Bir az ağ saçlar var, gizlədirəm. Bir-iki ağ saç normal şeydir. Hələ dəyişməyə ehtiyacım yoxdur.

- Sonda ənənəvi sual verim. Yeni mövsümdə bizi nə gözləyir?

- Mənim Gürcüstanda konsertim gözlənilir. Oktaybrda dəqiq tarix məlum olacaq. Yeni mahnılar hazırlayıram. İndi müsahibədən sonra studiyaya gedəcəm. Müslüm Maqomayevin mahnısını ifa edəcəm. İsraildə ötən ay konsert vermişəm. "Sevgimizin dənizində" adlı mahnı ifa etmişəm. Georgi ilə tanışlığımızdan bəhs edir. Onunla necə görüşmüşəmsə, hamsı mahnılarda əks olundu. Daha sonra Murad Ariflə duet oxumuşam. "Yaşasın sevgilər" adlı mahnının sözləri Sevinc Şirin yazıb, Murad isə bəstələyib.

Milli.Az










Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/476238.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR