Türkiyədə aparılan cərrahiyyə əməliyyatları Bakıda canlı yayımlanacaq

Türkiyədə aparılan cərrahiyyə əməliyyatları Bakıda canlı yayımlanacaq
13:05 5 Oktyabr 2016
41 Ölkə
Ölkə mətbuatı
A- A+

Türkiyənin Memorial Xəstəxanalar Qrupunun həkimlərinin keçirdiyi nadir əməliyyatlar Azərbaycan Tibb Uuniversitetində translyasiya olunacaq.

Milli.Az xəbər verir ki, Azərbaycan Tibb Universiteti (ATU) türkiyənin Memorial Xəstəxanalar Qrupu ilə əməkdaşlığı genişləndirmək niyyətindədir. Yaxın gələcəkdə iki müəssisə arasında müştərək tədbirlər, birgə əməliyyatlar, seminar və elmi konfransların keçirilməsi planlaşdırılır. Bu haqda ilkin razılıq Memorial Xəstəxanalar Qrupunun baş direktoru Uğur Genç ilə ATU-nun rektoru, professor Gəray Gəraybəyli arasındakı  görüş zamanı əldə olunub.

Görüş zamanı ATU rektoru, professor Gəray Gəraybəyli bildirib ki, indiyədək Memorial Xəstəxanalar Qrupu ilə bir çox sahələrdə birgə tədbirlər təşkil olunub: "Lakin adətən bu tədbirlər tibbin əsas istiqamətləri - ginekologiya, endokrinologiya, cərrahiyyə ilə bağlı olub. Biz digər önəmli sahələr - pediatriya, oftalmologiya, psixiatriya, nevrologiyaya da diqqət ayırmaq istərdik".

Rektorun sözlərinə görə, indiyədək azərbaycanlı gənc həkimlərin Türkiyədə staj, praktiki kurslar keçməsi ilə bağlı problem olmayıb. Həmçinin, rezidentura pilləsində çalışan həkimlər də qonşu ölkədə praktikada ola bilirlər: "Biz isə İstanbul Universitetinin müəllimlərinin ATU-dakı tədris prosesinə cəlb olunması arzusundayıq. Yalnız rezidentlər üçün deyil, tələbələrin də biliklərini artırmaq üçün xüsusi dərslərin keçirilməsi, əməliyyatların canlı yayımla nümayiş olunmasını təşkil etmək istərdik. Simulyasiya otaqlarımızda praktiki vərdişlərin tədrisi ilə bağlı qısamüddətli kursların təşkili tələbələrimizin bacarıqlarını artırması üçün böyük töhfə olmuş olardı".

Memorial Xəstəxanalar Qrupunun baş direktoru Cənab Uğur Genç isə qeyd edib ki, Türkiyədə invaziv cərrahiyyə, qaraciyər nəqli, radiologiya, süni mayalanma və digər sahələr üzrə ciddi nailiyyətlər əldə olunub və onlar bu təcrübəni Azərbaycanla paylaşmaq niyyətindədirlər: "Türkiyənin fərqli yerlərində 10 xəstəxanamız var, burada 1000-dən çox yüksək səviyyəli peşəkar həkimlərimiz işləyir. Bilgi paylaşdığınız zaman dəyərlidir. Bu baxımdan, biliklərimizi Azərbaycanla paylaşmağa hər zaman hazırıq".

Söhbət zamanı əməkdaşlığın digər formatları da müzakirə olunub. Türkiyə həkimlərinin ATU-da qısamüddətli kurs keçməsi, onların keçirdiyi nadir əməliyyatların video translyasiya ilə ATU  tələbələri üçün nümayiş etdirilməsi, tələbələrin praktiki biliklərini artırması məqsədilə digər tədbirlərin təşkili ilə bağlı ilkin razılıq əldə olunub.

Zərif Nisə

Milli.Az




Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/476276.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR