Cəlilabadlı müəllimin qeyri-adi əl işləri - REPORTAJ

Cəlilabadlı müəllimin qeyri-adi əl işləri - REPORTAJ
13:14 5 Oktyabr 2016
75 Digər
Ölkə mətbuatı
A- A+

Cəlilabad şəhər sakini, ixtisasca ingilis dili müəllimi olan 67 yaşlı Yusif Əliyevin maraqlı hobbisi var. O, uzun illərdir tərəvəz və meyvə toxumlarından müxtəlif əl işləri hazırlayır.
 
Yusif Əliyevin APA TV-nin cənub bürosuna verdiyi məlumata görə, hələ 7-ci sinifdə oxuyarkən babasının ağacdan tabaq düzəltdiyini görüb və bu işə həvəslənib: "Sonra tələbə olanda toxumlardan bir neçə hədiyyə düzəltdim. Əsgər gedib qayıdandan sonra bu işə daha böyük həvəs göstərməyə başladım. Mən əsasən bu işlərə hobbi kimi baxmışam və əsasən də bitki toxumlarından istifadə etmişəm".
 
Yusif müəllim əl işlərini hazırlayarkən xammal kimi əsasən tərəvəz, göyərti və meyvə toxumlarından istifadə edir. O, daha çox illüstrasiya və portret janrında əsərlər yaradır. Özünün dediyinə görə, işlənmiş hər hansı məişət əşyasının atılmasını heç cür rəva bilmir. Məsələn, onun istifadə olunmuş birdəfəlik üzqırxanlardan hazırladığı əl işinə baxarkən heyrətlənməyə bilmirsən. Yusif müəllim muzeyləri bəzəməyə layiq olan onlarla bu cür sənət əsərinin  müəllifidir: "Qarşınızda gördüyünüz bu musiqi aləti də çox sadə predmetlərdən, atılmış bir neçə əşyadan düzəldilib. Mən Türkiyədə olarkən buna oxşar musiqi aləti gördüm. Qayıdıb özüm də belə bir şey düzəltməyi qərara aldım. Burada sərinkeşin elektrik keçən hissəsindən, şkaf və siyirtmələrin tutacaqlarından, stul qıçından, bəzək üçün isə muncuqlardan istifadə olunub".
 
Yusif müəllim deyir ki, hər hansı əsər üzərində işləməmişdən əvvəl kağız üzərində onun eskizini işləyir: "İndi saz düzəltmək istəyirəm, onun da eskizi artıq hazırdır. Üst fanerini, qolunu kəsmişəm, aşıqları da yerindədir, amma arxa tərəfini əymək, suya qoymaq lazımdır ki, onları da marağım var edim".
 
Onu da qeyd edək ki, Yusif Əliyev hazırladığı sənət əsərlərinə gəlir mənbəyi kimi baxmır. Dediyinə görə, əgər bunlara gəlir mənbəyi kimi baxsaydı, indi evində onlardan heç biri qalmazdı: "Əlbəttə, istəsəydim əsərlərimi sata da bilərdim. Heydər Əliyevin, İlham Əliyevin portretini, eləcə də illüstrasiyaların bir çoxunu almaq istəyən olub, amma  satmamışam. Mənim əl işlərimdir, qoy qalıb, gələcəkdə övladlarım baxıb görəcəklər ki, var. Amma deyim ki, sifariş qəbul etmişəm. Onu da boş vaxtımda etmişəm".
 
Yusif müəllimin əl işləri Cəlilabad rayon Mədəniyyət və Turizm Şöbəsi rəhbərliyinin də diqqətini cəlb edib. Cəlilabad Dövlət Rəsm Qalereyasının direktoru Elçin Nəzərovun sözlərinə görə, şöbənin təşəbbüsü ilə yaxın günlərdə Cəlilabad Dövlət Rəsm Qalereyasında onun fərdi sərgisi açılacaq: "Biz Yusif müəllimin yaradıcılığı ilə yaxından maraqlanırıq, daim izləyirik. Yusif Əliyev ixtisasca ingilis dili müəllimi olmasına baxmayaraq, təsviri incəsənətin tətbiqi sənət növünə çox maraq göstərir. Bu maraq onu bitki toxumlarından gözəl əsərlər yaratmağa gətirib çıxarıb. Biz planlaşdırmışıq ki, rəsm qalereyasında yaxın günlərdə Yusif müəllimin fərdi sərgisini təşkil edək. Bununla istəyirik ki, Yusif müəllimi hamıya tanıdaq".

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/255637

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR