"Ermənilər bizdən istifadə etmək istəyirlər" - ərəb jurnalist Milli.Az-a danışdı

"Ermənilər bizdən istifadə etmək istəyirlər" - ərəb jurnalist Milli.Az-a danışdı
13:32 5 Oktyabr 2016
53 Dünya
Ölkə mətbuatı
A- A+

"Suriyanın taleyi indi Hələb şəhərində həll olunur. Son iki gündə Suriya prezidenti Bəşər Əsədə sadiq qoşunlar şəhərin mərkəzi və şimal məhəllələrindəki hücumları dayandırıblar. Amma bu, sakitlik deyil. Hər şey istənilən an partlaya bilər. Ümumiyyətlə, Suriyada vəziyyət olduqca qorxuludur. Belə getsə, dünya Suriya adlı dövləti itirə bilər, çünki ABŞ, Rusiya, Səudiyyə Ərəbistanı, Çin və İran arasında Suriyadakı maraqlar toqquşması milyonlarla insanı girova, potensial qurbana çevirib".

Suriyada silahlı müxalifət qruplaşmalarını və təşkilatlarını birləşdirən "Azad Suriya Ordusu"nun ("Əl Ceyş əs Suri əl Hürr") ictimaiyyətlə əlaqələr və media departamentinin rəhbərlərindən biri Əhməd Mustafa Milli.Az əməkdaşı ilə söhbətində belə dedi:

- Son iki gündə əsas döyüşlər Hələb şəhərində gedir. Bəşər Əsədin qoşunları şəhərin Əyyun Tal və Heydəriyyə məhəllələrində hücuma keçiblər. Onlar qalaya doğru irəliləmək istəyirlər. Qoşunların qarşısını Xan Tuman, Rəşidin, Kəfr Nəmra və Haritan səmtlərində almışıq. Ən təlaş yaradan məqam isə budur ki, Rusiyanın hərbi təyyarələri "terrorçuları vurmaq" adı ilə Azad Suriya Ordusunun, müxalifətçilərin mövqelərini bombalayır, bununla da Bəşər Əsədin qoşunlarına yardım edir. Üstəlik, bombardmanlarda hədəf kimi dinc əhali də seçilib.

Bizdə olan məlumatlara görə, Rusiya bombardmanları daha da şiddətləndirmək, intensivləşdirmək niyyətindədir. Suriya sahillərinə "Admiral Kuznetsov" gəmisinin yaxınlaşması da bundan xəbər verir.

- Türkiyə Suriyanın şimalında "Fırat qalxanı" əməliyyatını davam etdirir, İŞİD-in mövqelərini bombalayır. Döyüşlər səngiməyib.

- Doğrudur, amma İŞİD sürəkli əks-hücumlara keçir. Buna rəğmən, Türkiyə ilə birlikdə döyüşürük və İŞİD-ə ağır zərbələr vururuq. Əl Bab şəhərinə hücuma hazırlaşsaq da, əsas məqsəd hələlik Məraya çıxışa nail olmaq, Əzzazdan şərqə doğru olan məkanları terrorçuların nəzarətindən çıxarmaqdır.

- Türkiyənin rəsmi dairələri Suriyaya hərbi kontingent yeritmək niyyətindədir.

- Əməliyyat artıq başlanıb. Türkiyədən daha 1000 hərbçi Suriyaya keçib və onlar bizimlə çiyin-çiyinə terrorçulara qarşı döyüşürlər.

- Azad Suriya Ordusunun döyüş qabiliyyətinin aşağı səviyyədə olduğu vurğulanır...

- Silahlarımız yoxdur. İŞİD-i əzmək üçün artilleriya qurğularına, zirehli texnikaya, iriçaplı pulemyotlara, minaatanlara ehtiyacımz var. İŞİD-in toplarına, reaktiv artilleriya sistemlərinə, tanklarına qarşı avtomat və pulemyotlarla vuruşuruq. Belə olan halda sürətli, qəti hücumdan necə danışmaq olar?! Üstəlik, Suriyanın şimalındakı kürdlər də guya İŞİD-ə qarşı mübarizə apardıqlarını desələr də, əslində "muxtariyyət" adı ilə şimal əraziləri tam ələ keçirmək niyyətindədirlər. Əl Babdan qərbə doğru olan ərazilərdə YPG və PYD aktivləşib. Onlar Əl Babı ələ keçirərək "Rojava" adlandırdıqları, Suriyanın Türkiyə ilə sərhədi boyunca olan əraziləri daxil edəcək "muxtariyyət"in qurulmasını başa çatdırmaq istəyirlər.

Bu səbəbdən Afrin və Rojava istiqamətində kürdlərin irəliləyişlərinin qarşısını almağa çalışırıq. İŞİD bütün səylərinə rəğmən, geriləyir. Onlar inadla, qəzəblə vuruşurlar, amma biz ən uzağı, bir-iki aya Əl Baba çıxaraq şəhəri terrorçulardan azad edəcəyik.

- Dediyindən belə məlum olur ki, Hələb Suriyanın taleyini, Əl Bab şəhəri isə ölkənin şimal ərazilərinin gələcəyini müəyyənləşdirir.

- Tamamilə doğrudur. Hələb kimin əlində olsa, Suriyaya o nəzarət edəcək. Əl Bab isə Suriyanın şimalının "açar"ıdır. Bu şəhəri azad etsək, kürdlər Suriyanın şimalında "Rojava"nı qura bilməyəcəklər.

- Kürdlərin PKK terror qruplaşmasının Suriyadakı qolları olan YPG və PYD-yə ABŞ-ın fəal yardımlar etdiyi də iddia olunur.

- Qismən belədir, çünki bu qruplara görə, Suriyanın şimalındakı kürdlərə görə ABŞ Türkiyə ilə münasibətləri korlayan deyil.  Əl Babı Suriya prezidenti Bəşər Əsədin qoşunları da Küveyrpis və Şam istiqamətlərindən irəliləməklə ələ keçirməyə can atdığından ABŞ indi heç bir halda gözləmə mövqeyi tuta bilməz.

İndi əsas məsələ şimaldakı döyüşlərin perspektivlərini hesablamaqdır. İŞİD həmin ərazilərdən çıxarılandan sonra PYD və YPG geri çəkilən deyil: əksinə, onlar ərazilərə nəzarətə nail olmağı arzulayırlar.

- Bu yaxınlaradək Suriyada "Əl Qaidə"nin təşkilatı olmuş "Cəbhət ən Nüsra" adını dəyişərək "Cəbhət əl Şam" olandan sonra qruplaşmanın lideri Gilaninin müşaviri Əbu əl Fərəc Məsri "taktikanı dəyişdik" deyirdi. O, ABŞ-ın xüsusi əməliyyatı, drondan buraxılan raketlə məhv edilib. "Cəbhət əş Şam"ın durumu indi nə yerdədir?

- Onlar Suriyadakı bütün silahlı müxalifəti ətraflarında birləşdirmək istəyirlər. Məsri İdlib muhafazasında (vilayətində - red.), Cisr əş Şüqur şəhərinin yaxınlığında məhv ediləndən sonra "Cəbhət əş Şam" təcili yerdəyişmələrə başlayıb. Onlar taktika ilə yanaşı, strategiyanı da dəyişirlər. Bilirsinizmi, situasiya çox gərginləşib. Bizdə olan məlumatlara görə, Səudiyyə Ərəbistanı "Ceyş əl İslam" qruplaşmasına 4 SAM-8 zenit-raket platforması verib. Beləliklə, həmin qruplaşma artıq təyyarə və helikopterləri də çox asanlıqla vuracaq. Rusiya bunu bildiyindən, bombardmanlar daha da şiddətlənəcək.

- Suriyada erməni icması var və onların rəhbərləri prezident Bəşər Əsədə sadiq olduqlarını deyirlər. Eyni zamanda, Hələb şəhərindəki ermənilərin bir qrupu Azad Suriya Ordusunun tərkibində "vuruşur". Belə ziddiyyəti necə izah edərdiniz?

- Ermənilər məqsədlərini reallaşdırmağa can atıblar və indi də belədir. Suriyada əvvəllər "Muhabarat"a (dövlət təhlükəsizlik xidməti - red.) işləyən, Hafiz Əsədin dönəmindən bəri agentura şəbəkəsində xüsusi yer tutanlar arasında ermənilər az deyildi. Bəşər Əsədə sadiq olduqları barədə sözləri də yalandır. Biz də onlara inanmırıq, çünki Suriyadakı ermənilər həmişə yalnız özlərini düşünüblər, indi də belədir. Bu günlərdə Ermənistandan Suriyadakı ermənilərə yardımlar göndərilib. Latakiyada yerə enən təyyarənin 40 tonluq yükü "humanitar yardım" adı ilə ermənilərə paylanıb. Bu yardımla bağlı yayılan fotolarda ərzaq, dərman, su görünür. Amma biz o yardımda silah-sursat olmadığına əmin deyilik.

- Suriyanın şimalındakı türkmənlərin "Sultan Murad" qruplaşmasının liderlərindən biri Əli Şeyx Salihin həlak olması xəbəri doğrudurmu?

- Əfsuslar olsun ki, doğrudur. Bu igid insanı itirdik.

Orxan Hun
Milli.Az













Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/476300.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR