Araz Əlizadə: “Azərbaycanın müstəqilliyi Ayaz Mütəllibovun dövründə qazanılıb”

Araz Əlizadə: “Azərbaycanın müstəqilliyi Ayaz Mütəllibovun dövründə qazanılıb”
13:38 5 Oktyabr 2016
74 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Sosial Demokrat Partiyasının sədri, Milli Məclisin deputatı Araz Əlizadənin Publika.az-a müsahibəsi:

– Bir neçə gündən sonra Azərbaycanın müstəqillik qazanmasının 25 illiyi qeyd olunacaq. Ancaq maraqlı olan məqam odur ki, 1989-cu il sentyabrın 23-də Respublika Ali Sovetinin sessiyası “Azərbaycan SSRİ-nin suverenliyi haqqında” Qanun və 1991-ci ilin avqustun 30-da Müstəqillik haqqında Bəyannamə qəbul etdiyi halda, nədən Azərbaycanın müstəqilliyinin tarixi 1991-ci il 18 oktyabr tarixindən - Konstitusiya Aktının qəbul olunmasından götürüldü? Halbuki, müstəqillik tariximizin yaşı 1989-cu il sentyabrın 23-ü tarixindən götürülsəydi, o zaman SSRİ-dən ilk ayrılan dövlət Azərbaycan olacaqdı...

– Bilirsiz, o zaman Azərbaycanda xeyli sayda ədəbiyyat adamı, şair və filoloqlar siyasətə qoşulmuşdu. Həmin vaxtı Ayaz Mütəllibov hakimiyyətdə olan zaman bizdə Suverenlik Aktı və Müstəqillik Haqqında Bəyannamə də var idi. Mən misalı Rusiyadan gətirmək istəyirəm. Rusiya suverenliyi haqqında aktını qəbul edəndə, mən Moskvada idim və onlara baxıb gülürdüm. Onlara deyirdim ki, Azərbaycan, Moldova və Baltikyanı ölkələr öz müstəqillik aktlarını qəbul edərək sizin təsirinizdən çıxır. Bəs siz suverenlik aktını qəbul etməklə kimin təsiri altından çıxırsız? Onların mənə cavabı belə oldu ki, bununla bağlı təklif var, ona görə də suverenlik aktı qəbul edilib. Yəni, həmin vaxtı bu cür sənədlər nə qədər çox qəbul olunurdusa, onlara “afərin” deyilirdi.

O ki, qaldı Azərbaycanda Müstəqillik Aktının 18 oktyabrda qəbul edilməsi məsələsinə. Belə bir deyim var ki, qələbənin hər zaman valideynləri olur, məğlubiyyət isə yetim olur. O dövrdə Azərbaycanın Müstəqillik Aktının mətnini hazırlayan Elmira Qafarovanın köməkçisi Cahangir Nəcəfov olub. Sonradan Hacıbaba Əzimov (müəllif - Vahid Azərbaycan Milli Birlik Partiyasının sədri) dedi ki, onun müəllifi mənəm. Daha sonra isə bu sənədin müəlliflərinin sayı çoxaldı.

–1991-ci ilin avqustun 30-da da Müstəqillik haqqında Bəyannamə, 1991-ci il oktyabrın 18-də isə “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul olunub. Bütün bunları nəzərə alsaq, Azərbaycanın Dövlət Müstəqilliyi Gününün Ayaz Mütəllibovun xidmətləri saymaq olarmı?

– Əslində, bu belədir. Bütün bunlar Ayaz Mütəllibovun dövründə qəbul olunub. Ancaq xidmət bir adamın adına yazıla bilməz. Bir nəfərin xidməti olması üçün həmin sənədləri təkcə özü yazıb hazırlamalı və qəbul etməlidir. Amma müstəqilliyimiz həmin tarixdən hesablanmadı. O vaxtı belə qərara gəlindi ki, müstəqillik tarixi 1918-ci ildən hesablansın. Nədənsə deyilir ki, Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Əslində, Azərbaycan SSRİ-dən sonra yaranmış dövlətdir. Hesab edirəm ki, bütün bu məsələlər hüquqşünaslar və konstitusiya üzrə mütəxəssislər üçün yaxşı mövzudur.

Digər tərəfdən isə mən bu cür məsələlərə az fikir verirəm. Əgər hər məğlubiyyəti və ya qalibiyyəti bir adamın adına yazsaq, o zaman tarix necə olar? Misal üçün, desək ki, Kəlbəcəri itirdik, bu, Əbülfəz Elçibəyin, İsa Qəmbərin, Arif Hacılının və sairə şəxslərin məğlubiyyətidir. Sadəcə olaraq, Milli Ordumuz yox idi, ona görə də məğlub olurduq.

Ayaz Mütəllibov: “Nuru Paşanın ala bilmədiyi Kamo və Çaykəndi azad etdik” – MÜSAHİBƏ

Azərbaycanın birinci prezidenti Ayaz Mütəllibovun Publika.az müsahibəsi:

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida/171041.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR