"Azərbaycan yığması çətin rəqibdir"

"Azərbaycan yığması çətin rəqibdir"
14:37 5 Oktyabr 2016
49 İdman
Ölkə mətbuatı
A- A+

"Bu gün komandanın məşqindən razı qaldım. Əsas odur ki, Azərbaycan və San-Marino ilə oyunlarda da bu cür təsir bağışlayaq".

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri Norveç yığmasının baş məşqçisi Per-Matias Hoqmo deyib.

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində bu həftə Azərbaycan yığmasının qonağı olacaq norveçlilərin çalışdırıcısı "Ulleval" stadionunda dünənki məşqdən sonra brifinq keçirib. Yerli jurnalistlərin suallarını cavablandıran təcrübəli mütəxəssis daha çox millimizlə görüş barədə danışıb.
 
O, hazırda bütün diqqətini Azərbaycanla oyuna yönəltdiyini bildirib: "İndiki məqamda məni daha çox Bakı səfəri düşündürür. Bütün diqqətimizi Azərbaycanla qarşılaşmaya yönəltmişik. Keçən il onları öz meydanlarında 1:0 hesabı ilə məğlub etmək mümkün olmuşdu. Lakin "Ulleval"dakı matçda bizdən 1 xal almışdılar. Bu da göstərir ki, Azərbaycan yığması çətin rəqibdir".
 
Millimizin dünya reytinqində 133-cü pillədə qərarlaşmasına toxunan Hoqmo bunları deyib: "Kağız üzərində favorit Norveç yığması ola bilər. Ancaq bu o demək deyil ki, bizi asan görüş gözləyir. İşimiz çətin olacaq. Azərbaycanla görüşdə müdafiə xəttimizin çıxışından çox şey asılıdır. Rəqibin qol epizodu yaratmasına nə qədər az şans versək, bir o qədər yaxşıdır. Söhbət Azərbaycan yığmasının təhlükəli əks-hücumlarından gedir. Buna imkan verməməliyik".
 
Hoqmo istənilən halda Bakıdan qələbə ilə qayıtmaq arzusunda olduqlarını əlavə edib. Onun sözlərinə görə, digər nəticə Norveç yığmasını qane etməyəcək: "Biz yalnız qələbə barədə düşünürük. Qarşıdakı 3 oyunda hədəf 7 xal toplamaqdır. Bu isə o deməkdir ki, Azərbaycan və San-Marinoya qalib gəlməliyik. Çexiya ilə görüşdə isə heç-heçə də bizi qane edər".
 
Qeyd edək ki, Azərbaycan - Norveç matçı oktyabrın 8-də Bakı Olimpiya Stadionunda keçiriləcək.  

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/476250.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR