Əsgərlikdən gizlənən iranlılar, oynamayan “futbolçular” - I Divizionda legioner oyunu

Əsgərlikdən gizlənən iranlılar, oynamayan “futbolçular”  -  I Divizionda legioner oyunu
14:37 5 Oktyabr 2016
31 İdman
Ölkə mətbuatı
A- A+


Futbol üzrə Azərbaycan çempionatının I divizionunda qəribə işlər dönür. Klub rəhbərləri düşünürlər ki, aşağı dəstədir, gözdən uzaq, könüldən iraqdılar. Ona görə də əllərindən gələni ardına qoymurlar.  Elə bir bazar açıblar – heyran olmamaq mümkün deyil. 


Ölkə futbolunun durumundan az-çox xəbərdarsınız. Bilet, forma, atribut satışı, ciddi reklam müqavilələrində danışmaq belə, mənasızdır. Yeganə gəlir mənbəyi transfer bazarıdır. Görmüşük ki, bizim qəbildən olan diyarlarda əcnəbiləri ucuz qiymətə gətirib, inkişaf etdirdikdən sonra daha yaxşı qiymətə satırlar. Ancaq I divizion klubları elə bir işə əl atıblar ki, şeytanın da ağlına gəlməz...


Gəlin, öncə I divizionda mübarizə aparan klublardakı legionerlərin sayına və təmsil etdikləri ölkələrə baxaq.  14 klubdan 6-sı əcnəbi sifariş edib: ümumi say 19 nəfərdir:


Şahdağ 

1. Seyedaydın Hosseyni (İran)

2. Nami Masud (İran)

3. Ziazi Seyedhosseyn (İran)

4. Uçe Çukunyere (Nigeriya)

5. Patrik Sani (Nigeriya)

6. Viktor Emenayo (Nigeriya)

7. Arsen Koçyev (Rusiya)

8. Maqomedsaid Maqomedov (Rusiya)


Rəvan

1. Omid Masumi (İran)

2. Saed Faxarişalde (İran)

3. Çangiz Şahriari (İran)

4. Cavid Taleb (İran)


Şəmkir

1. Ture Morifere (Fildişi Sahili)

2. Abdulla Zilpuqarov (Rusiya)


Bakılı 

1. Hadı Azımı (İran)

2. Mohammadcafar Mozrai (İran)


Energetik

1. Sopehr Torkamanianafşar (İran)

2. Vahid Rostami (İran)


Mil-Muğan

1. Seyidhemid Mirabdullahi (İran)



Keçək məsələnin məğzinə. I divizionda mübarizə aparan klublarımızın kasad büdcəyə malik olmaları heç kimə sirr deyil. Yuxarıda qeyd edilən futbolçuların heç birinin milli komanda üzvü olmadığını nəzərə alsaq, onda gərək klublar hər oyunçunun sifarişinə görə Peşəkar Futbol Liqasına 5 min manat rüsum ödəsin. Sual yaranır: futbolçusuna 150-200 manat maaş verə bilməyən “Energetik” 10 min manatı necə ödəyib? Digər tərəfdən, illərdi böyük hesablı məğlubiyyətlərdən zövq alan Mingəçevir klubuna legioner cəlb etmək nəyə lazımdır?


Başqa bir məqam sifariş edilən 19 əcnəbi futbolçudan 8-nin geridə qalan 4 tur ərzində meydana çıxmasıdır. Legioner  ehtiyatda qalacaqsa, onu gətirib xərclərini qarşılamağın, rüsum ödəməyin mənası nədir?  Məsələn, “Şahdağ” hamıdan çox – 8 yadelli sifariş edib. Lakin onlardan 3-ü indiyə qədər meydana çıxıb. Digər 5-dən xəbər yoxdur. Meydana çıxmaq da bir dərdir. Qusar klubu bugünlərdə dünya mediasının belə diqqətini çəkdi. Səbəb isə pasportunda 23 yaşı olduğu qeyd edilən nigeriyalı oyunçusu Viktor Emenayonun 40 yaşlı birisi kimi görünməsidir.

“Mil-Muğan”la “Bakılı” sifariş etdikləri əcnəbiləri hələlik bəsləyib, oynatmırlar. “Rəvan”da isə 4-ündən 1-i oynayıb, digər 3 nəfər dincəlir.

Agah olun ki, oyun keçirən əcnəbilərdən 2-si qol vura bilib. Ture Morifere ilə Viktor Emenayo hərəyə bir dəfə fərqləniblər. 


Təbii ki, səbəbsiz heç nə olmur. Legioner gətir, maaş ver, ev tut, geyim ver, qarnın doyurt, rüsum ödə - amma oynatma... Səbəb olmalıdır, axı. 


Diqqət yetirdinizsə, 19 futbolçudan 12-nin iranlıdır. Onların “sirrini” çözmüşük. Daha doğrusu, artıq bir müddətdir ki, bu barədə söhbətlər dolaşır. Sən demə, klublarımızın sifariş etdikləri iranlıların çoxu heç futbolçu deyil. Onların adını “google”da axtarışa versəniz, heç nə tapmayacaqsınız. Növbəti sual yaranır: bəs, bu iranlılar ölkəmizdə nə gəzir? İş ondadır ki, həmin “futbolçular” İranda əsgərlikdən yayınanlardı. İranda idman və təhsilə görə xaricdə olanlar şəxslərə hərbi xidmətdən möhlət hüququ verirlər. Ona görə də, cənublular bizim menecerlərlə iş birliyinə girib müəyyən məbləğ müqabilində (10 manat olduğu bildirilir) adlarını klublarımıza yazdırır, özləri də oynamaq əvəzinə, sadəcə, burada yaşayırlar. Təbii ki, klublar da kimsəni havayı götürmür. Menecerlər iranlılardan aldıqları puldan klub rəhbərlərinə, məşqçilərə də verirlər. 

Üstəlik, futbolçu klubla müqavilə bağlasa da, maaş almır, onun məvacibi klubdakı şəxslərə çatır. Özləri isə şəxsi vəsaitləri hesabına ölkəmizdə yaşayırlar.    


İranlılarla məsələ aydındır. Afrika və Rusiyadan olanların nə fırıldaq çevirdiyini bilmirik. Lakin aşağı-yuxarı oxşar səbəb olacağından əminik.


Görürsünüz Azərbaycan futbolu necə inkişafadır? Bu cür pul qazanmaq heç ingilislərin ağlına gəlməz. Bizə də bircə “bazar olsun” demək qalır...  


Fanat.AZ



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-sgrlikdn-gizlnn-iranllar-oynamayan-futbolcular-t53104.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR