Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Moskva, yoxsa Vaşinqton? - Xəzər uğrunda ölüm-dirim SAVAŞI

Moskva, yoxsa Vaşinqton? - Xəzər uğrunda ölüm-dirim SAVAŞI

Date: 5 October 2016 14:53

“Xəzərin dibində yalnız neft və qaz yoxdur, orada həmçinin Avropanın, hətta ABŞ-ın təhlükəsizliyinə açarlar var”.

Publika.az xəbər verir ki, bu fikirlə ABŞ-ın siyasi publisistikasının liderlərindən biri, ABŞ-ın xarici siyasət üzrə Duqlas və Sara Ellison Mərkəzinin direktoru Lyuk Koffi çıxış edib.

Baxmayaraq ki, Koffi şəxsi analitik strukturda işləyir, onun fikirlərinin çəkisi kifayət qədər böyükdür. Ona görə də onun məqaləsinin tezisləri Xəzərin bölünməsi məsələsində amerikapərəst mövqeyin başa düşülməsi baxımından maraqlı ola bilər.

Xəzərin statusunun müəyyənləşdirilməsi məsələsi SSRİ-nin dağılması ilə başlanıb və bu günə kimi Xəzərin statusu haqqında mübahisə davam edir: Xəzər dəniz, yoxsa göldür?

Koffi hesab edir ki, mübahisənin nəticəsi regionun enerji resurslarının hasili və emalına təsiri göstərəcək. Onun fikrincə, bu, Xəzəryanı ölkələrin təhlükəsizliyi və iqtisadiyyatı baxımından ABŞ-ın maraqlarına cavab verir.

Transxəzər qaz kəmərinin tikintisi xüsusi əhəmiyyət kəsb edir. Kəmər İran və Rusiyadan yan keçərək Avropa ilə Mərkəzi Asiyanı birləşdirəcək. İyulda Xəzəryanı dövlətlərinin xarici işlər nazirlərinin görüşü oldu. Həmin görüşdə Rusiyanın Xarici İşlər Nazirliyinin başçısı 2017-ci ildə dənizin statusu üzrə razılaşmanı bağlamağı təklif edib.

Hərçənd, Vaşinqton bu danışıqlara cəlb edilməyib. “Amma ABŞTransxəzər qaz kəmərinin tikintisinə siyasi dəstək göstərərək vəziyyəti diqqətlə monitorinq edir”, - Lyuk Koffi bildirib.

Xəzər Avropanın Rusiyadan müstəqilliyinə açar kimi

Koffi Lyukun fikrincə, Xəzər fövqəladə əhəmiyyətli regiondur. O, qeyd edir ki, ABŞ-ın maraqları üçün əsas çağırışlar Rusiya və İrandır. Ekspert bildirir ki, region Avropa və Asiyanın əhəmiyyətli coğrafi və mədəni dördyol ayırıcısı, həmçinin iqtisadi və hərbi fəaliyyəti olduqca aktiv olan teatrdır.

Duqlas və Sara Ellison Mərkəzinin direktoru bu fikirdədir ki, regionun enerji potensialı Avropanın Rusiya və İrandan asılılığını azaltmaq üçün kifayət edir və bu, ABŞ-ın Xəzər siyasətinin əsas bəndidir.

“Bu, Avropanın təhlükəsizliyinə və ABŞ-ın NATO üzrə öhdəliyinə birbaşa təsir edir. “Dəniz, yoxsa göl?” haqqında danışıqların nəticəsi Mərkəzi Asiyadan Avropaya gələcək neft-qaz boru kəmərlərinin marşrutlarına güclü təsir edəcək. Transxəzər qaz kəməri Avropaya lazımlıdır, amma Rusiya və İran bu layihəni bloklamağa çalışır”, - o, bildirib.

Dəniz, yoxsa göl?

SSRİ-nin dağılması ilə Xəzərin sahilində daha üç dövlət - Azərbaycan, Qazaxıstan və Türkmənistan yarandı. Koffi Lyuk qeyd edir ki, beş ölkə ötən müddət ərzində Xəzərin bölünməsi məsələsində razılaşa bilməyib. Xəzərin statusu məsələsi – yəni, onun dəniz, yoxsa göl olması məsələsi hələ də həll edilməyib.

“Əgər Xəzər dənizdirsə, o halda dənizlərin bölünməsini nizama salan beynəlxalq qanunvericiliyi tətbiq etmək lazımdır. Bu zaman Qazaxıstan udmuş olacaq və Xəzərin 29,9 faizi ona çatacaq. Eyni bölgü üzrə Azərbaycan 20,7, Türkmənistan 19,2, Rusiya 15,6, İran isə 14,6 faizini əldə edəcək. Xəzər dəniz olaraq tanınacağı halda, hər ölkə mineralların geoloji kəşfiyyatı üçün öz sahillərindən 15 dəniz milinə, balıqçılıq üçün isə 10 dəniz milinə nəzarət edəcək. Dənizin digər ərazisi beş Xəzəryanı dövlət arasında bölüşdürülür. Xəzərdə vəziyyəti dəyişdirə biləcək istənilən qərar, məsələn, boru kəmərlərinin tikintisi üçün beş ölkənin razılığı tələb ediləcək”, - ekspert vurğulayıb.

O, sözügedən yanaşmanın rəqiblərinin olduğunu bildirib: “Rusiya və İran əmindir ki, Xəzər göldür”.

Lyuk Koffi Xəzər dövlətlərinin dəniz dibinin bəzi hissələrinin bölgüsü üzrə razılaşdığını xatırladır. Belə ki, 2014-cü ildə Rusiyanın Həştərxan şəhərində keçirilən Xəzər sammitində beş ölkə razılaşdı ki, ölkələrin suveren hüquqları geoloji kəşfiyyat və hasilat üçün 15 dəniz mili, balıqçılıq üçün 10 dəniz mili üzərinə yayılır.

Rəqabət aparan maraqlar

Azərbaycan və Qazaxıstan Xəzəri dəniz kimi bölmək istəyirlər. 2002-ci ildə bu ölkələr Rusiya ilə razılaşmaları imzalayaraq Xəzərdə milli sektorları tanıyıblar. 2015-ci ilin mayında Türkmənistan və Qazaxıstan Xəzərdə dəniz sərhədlərini uyğunlaşdırıb. Amma hazırda Türkmənistan və Azərbaycan, həmçinin Türkmənistan və İran arasında dəniz sərhədləri ilə bağlı mübahisələr qalır.

Ekspert bildirir ki, Rusiya daxili mübahisələrə görə məsələyə vahid münasibəti hazırlaya bilmir. Rusiyanın Xarici İşlər Nazirliyi Xəzəri göl hesab edir. Nazirlik güman edir ki, bu yanaşma regionda Rusiyanın üstün geosiyasi vəziyyətinin saxlanılmasına imkan yaradır. Rusiyanın Energetika Nazirliyi, həmçinin “Qazprom” və “Lukoyl” Xəzərin dəniz kimi tanınması üçün mübarizə aparır. Çünki bu, onlara regionda neft-qaz müqavilələri üçün mübarizə aparmaq imkanı verəcək.

Moskvanın mövqeyi “su ümumi, bölünmüş dib” kimi ifadə edilir. Rusiya bu siyasətlə dəniz səthində gəmiçilik hüquqlarını dəstəkləmək niyyətindədir. Bu siyasət neft və qaz məsələlərini həll etmək üçün daha praqmatikdir. Azərbaycan və Qazaxıstan bu tezislə razılaşıb.

Sahil xətti ən qısa olan İran üçün Xəzər birmənalı olaraq göldür. İran 1921 və 1940-cı il müqavilələrinə istinad edir.

ABŞ nə etməli?

Xəzər Avropa və Asiya arasında yerləşir. Lyuk Koffi qeyd edir ki, ABŞ-ın müttəfiqlərinin olduğu bu iki bölgə enerji resurslarının ən çox sərf edildiyi bazarlardır.

ABŞ-ın nə etməli olduğuna gəlincə, ekspert təklifləri aşağıdakılardır:

- Regionda öz mövcudluğunu gözəçarpan dərəcədə artırmaq. Başlanğıc olaraq, ABŞ rəsmilərinin regiona yüksək səviyyəli səfərləri təşkil edilə bilər. Birləşmiş Ştatların rəsmiləri ən yüksək səviyyədə bölgəyə daha çox göndərilməlidir.

- Problemin (Xəzərin statusu məsələsi –red.) dinc sülh və ən sürətli həllini dəstəkləmək. Bu, regionun enerji təhlükəsizliyi üzrə vəziyyətini yaxşılaşdıracaq və potensial problemlərin mənbəyini aradan qaldıracaq.

- Transxəzər qaz kəmərinin tikintisi layihəsinə siyasi dəstəyi təklif etmək. Çünki Avropa Rusiya qazına alternativlər axtarır.

“Baxmayaraq ki, Xəzər haqqında danışıqlar onilliklər boyunca aparılır, geosiyasi vəziyyətdə heç nə dəyişmir. Hətta, Xəzəryanı ölkələrin Qazaxıstanda keçirdiyi son görüş də ümid vermədi. Hər halda, Xəzər Amerikanın özünün və onun müttəfiqlərinin energetika təhlükəsizliyinin təminatı üçün böyük potensiala malikdir”, - Lyuk Koffi yekunlaşdırıb.

Ömər Dağlı


Tags:  Moskva Vaşinqton Xəzər uğrunda ölüm-dirim SAVAŞI


RƏYLƏR


Top news