Azərbaycan Xalça Muzeyində "Əlvan iplərin oyunu" adlı sərginin açılış mərasimi keçiriləcək

Azərbaycan Xalça Muzeyində "Əlvan iplərin oyunu" adlı sərginin açılış mərasimi keçiriləcək
16:37 5 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Cari ilin 7 oktyabr tarixində saat 17-00-da Azərbaycan Xalça Muzeyində "Əlvan iplərin oyunu Belqrad Etnoqrafiya Muzeyinin kolleksiyasından Pirot kilimləri" adlı sərginin açılış mərasimi keçiriləcək.

Serbiyada ən qədim və ən əsas kolleksiyalardan biri olan Belqrad Etnoqrafiya Muzeyinin Pirot kilimləri kolleksiyasına 1792-1932-ci illərdə toxunmuş 169 ədəd xalça məmulatı daxildir. Xronoloji ardıcıllıqla seçilmiş 26 eksponatdan ibarət sərginin keçirilməsində məqsəd Serbiya cəmiyyətinin geniş sosial-iqtisadi və tarixi dəyişiklikləri ərəfəsində Pirot kilim toxuculuğunun xüsusi inkişaf və keçid mərhələlərini təcəssüm etdirməkdir.

Serbiyanın cənub-şərqində yerləşən Pirot şəhəri XVIII-XIX əsrlərdə iqtisadi-coğrafi, təbii və mədəni-tarixi amillərin birgə təsiri sayəsində Balkanlarda əsas kilim toxuculuq mərkəzi idi. Buna şəhərin Avropa ilə Şərqi birləşdirən ticarət marşrutundakı mövqeyi, Stara Planina dağındakı ənənəvi qoyunçuluq təsərrüfatının verdiyi yüksək keyfiyyətli, zəngin yun xammalının olması və yerli icmada toxuculuq ənənəsinin geniş yayılmasının təsiri var idi.

Pirot kilimləri Serbiyanın milli toxuculuq sənətində mədəni-tarixi və bədii dəyərinə görə Serbiya kilim toxuculuğunun ən mükəmməl məhsulu olması ilə seçilir. Kilimlər ornamentlərin zəngin və xüsusi düzülüşünə, ahəngdar rəng palitrasına, yüksək keyfiyyətli yun və mükəmməl toxuma üsuluna görə səciyyələnirlər. Pirot kilimlərinin naxışları həndəsi, əsasən nəbati, həmçinin zoomorf, antropomorf və abstrakt motivlərdən ibarətdir.

Onu da qeyd etmək lazımdır ki, 2015-ci ilin 7 aprel tarixində Azərbaycan Xalça Muzeyi və Belqrad Etnoqrafiya Muzeyi arasında mədəniyyət, muzey işinin inkişafı və mədəni irsin qorunması sahəsində beş il ərzində birgə əməkdaşlıq memorandumu imzalanmışdır. Həmin sənədə əsasən 2015-2020-ci illər ərzində muzeylər arasında sıx əməkdaşlıq əlaqələrinin qurulması, "sənət mübadiləsi" layihəsi çərçivəsində Bakıda Serbiya sənət əsərlərindən ibarət sərginin təşkili və 2017-ci ilin may-iyun aylarında Belqrad Etnoqrafiya Muzeyində "Azərbaycan Xalça Muzeyinin kolleksiyasından xovsuz xalçalar və xalça məmulatları" adlı sərginin keçirilməsi planlaşdırılıb.

"Əlvan iplərin oyunu - Belqrad Etnoqrafiya Muzeyinin kolleksiyasından Pirot kilimləri" adlı sərgi 7 oktyabr tarixindən 6 noyabr tarixinədək şəhərimizin sakinlərinə və qonaqlarına açıq elan olunur.
İnformasiya dəstəyi- Trend.az, Day.Az, Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/476405.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR