Valideynləri maraqlandıran sual: Uşaq niyə tez-tez xəstələnir?

Valideynləri maraqlandıran sual: Uşaq niyə tez-tez xəstələnir?
23:52 5 Oktyabr 2016
136 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli.Az lent.az-a istinadən pediatr Günay Rəsulovanın məqaləsini təqdim edir.

Azyaşlı uşaqların tez-tez xəstələnməsi valideynlərin çox böyük narahatlıqlarına səbəb olur. İlk aylarda ana südü ilə qidalanan uşaqlarda təbii immunitetin olmasına bağlı bir qoruyuculuq olur. Adətən 1 yaşdan sonra uşaqlarda "boğaz gəlmə", öskürmə, qrip, ishal, qusma, qulaq ağrısı, sinusitlə bağlı xəstələnmə hallarının sayı artır. Bu xəstələnmə halları bağça və erkən məktəb yaşlarında pik həddə çatır. Bağçaya gedən və məktəbə başlayan uşaqlarda il boyu burun axma, öskürmə, boğaz ağrısı, asqırma və s. şikayətlər davam edir. Bu durumun tək bir açıqlaması vardır.
 
Erkən yaşlı uşaqlarda immun sistemin yetkinsizliyi
 
Uşaq orqanizmi mikroblarla yeni tanış olduqda orqanizm bu mikrobla mübarizə aparmaq üçün "xəstələnir" və hər xəstələnmə vaxtında müəyyən qədər immun antitellər qazanmış olur. Beləliklə, tez-tez xəstələnən uşaqların irəli yaşlarda immuniteti daha güclü olur. Odur ki, əziz valideynlər, övladınızın tez-tez xəstələnməsi onun gələcəkdə daha sağlam və dirəncli olacağından xəbər verir. Lakin uşaqlarda təbii immunitetin formalaşmasına bir sıra maneçiliklər törətmək olmaz. Məsələn:

- Qızdırmanı tez düşürmək
 
- Soyuqdan qorxub uşaqları il boyu "qəfəsdə" tutmaq

- "İstəmir", - deyə uşaqları bol-bol meyvə və tərəvəzlərdən məhrum qoymaq (Tərəvəz və meyvə dadlarına uşaqları səbrlə alışdırmaq lazımdır. Qəbulumda olan uşaqların 90 faizinin yediyi tərəvəz kartof, meyvə isə banandır)
 
- Virus infeksiyaları zamanı antibiotiklər qəbul etmək
 
- Uşaqların yaşına uyğun rutin müayinələrdən keçirməmək (bilinməyən bəzi xroniki xəstəliklər - raxit, anemiya, sidik yolu infeksiyası zamanı immunitet aşağı olur)
 
- Uşaqların qeyri-düzgün həyat tərzi, yuxu rejimi, qida rejimi immunitetin formalaşmasına mənfi təsir edən faktorlardır

Sağlam düşüncəli valideyn sağlam övlad böyüdər. Hər birinizin maariflənərək sağlam düşüncəyə malik olması və övladlarımızın sağlam olması diləyi ilə.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/476417.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR