Toyda iki qardaş bıçaqlandı - Şəkidə

Toyda iki qardaş bıçaqlandı - Şəkidə
00:14 6 Oktyabr 2016
60 Digər
Ölkə mətbuatı
A- A+

Şəkidə şadlıq sarayında keçirilən toy məclisində dava baş verib, iki qardaş həmkəndlisi tərəfindən bıçaqlanıb.

 

Şəki Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, oktyabrın 5-i axşam saat 18:30 radələrində rayonun Baş Laysqı kənd sakinləri olan iki qardaş 1983-cü il təvəllüdlü Təbriz Vəli oğlu Qəribov və onun 1992-ci il təvəllüdlü qardaşı Qalib bıçaq yarası xəsarətləri ilə xəstəxanaya daxil olublar.

 

Müayinə zamanı Təbriz Qəribova sağ kürək nahiyəsində kəsilmiş və deşilmiş 8 bıçaq yarası, qardaşı Qalibə isə sol bazunun yuxarı üçdə birinin kəsilmiş yarası diaqnozu qoyulub. Təbriz Qəribovun üzərində cərrahiyə əməliyyatı aparıldıqdan sonra xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir. Qalibin yarası yüngül olduğu üçün ona lazımi tibbi yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.

 

Şəki Şəhər-Rayon Polis Şöbəsindən APA-ya bildirilib ki, hadisə oktyabrın 5-i axşam saatlarında rayonun Şin kəndinin inzibati ərazisində fəaliyyət göstərən şadlıq evinin həyətində baş verib. Şadlıq evində keçirilən toy məclisində Təbriz Qəribov və həmkəndlisi 1996-cı il təvəllüdlü Mikayıl Rafiq oğlu Bəkirovun arasında hələ ki istintaqa məlum olmayan səbəbdən mübahisə düşüb. Daha sonra Təbriz Qəribov və Mikayıl Bəkirov aralarında yaranan mübahisəni şadlıq sarayının həyətində davam etdiriblər. Bu zaman sərxoş vəziyyətdə olan Mikayıl Bəkirov üzərində olan bıçaqla Təbriz Qəribovun sağ kürək nahiyəsinə çoxsaylı bıçaq zərbəsi vurub. Mikayıl Bəkirov Təbriz Qəribovun köməyinə gələn qardaşı Qalibin də sol qoluna bıçaqla xəsarət yetirdikdən sonra hadisə yerindən qaçıb.

 

Hazırda hadisəni törətməkdə şübhəli sayılan Mikayıl Bəkirovun tutularaq istintaqa təhvil edilməsi istiqamətində əməliyyat-axtarış tədbiri keçirilir. Məlumatda bildirilir ki, çoxsaylı bıçaq yarası alan Təbriz Qəribov Şəki və ətraf rayonlarda toy məclislərində oxuyan müğənnidir.

 

Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/255699

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR