Tanınmış polkovnik: "Dəmir qübbə" sistemi bizə lazımdır

Tanınmış polkovnik: "Dəmir qübbə" sistemi bizə lazımdır
07:12 6 Oktyabr 2016
90 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanın İsraildən silahların alınması ilə bağlı müəyyən müqavilələri var. İsrail silahları müasirliyi və keyfiyyətinə görə seçilir. "Dəmir qübbə" adlanan silah sistemi də ən müasirlərdən hesab olunur. Azərbaycanın müdafiəsi bizə nə qədər lazımdırsa, bunu təmin etmək üçün bizə bir o qədər də müasir silahlar lazımdır. Hər halda "dəmir qübbə" söhbəti Ermənistanın "İskəndər" raketlərinə malik olması məsələsi açıqlanandan sonra ortaya çıxıb. Mənə belə gəlir ki, bizim nə qədər müasir silahlarımız olsa, Azərbaycan müdafiəsini daha etibarlı təmin edə biləcək, daha güclü olacaq. Bu baxımdan götürsək, həmin "dəmir qübbə" sistemi bizə lazımdır.

Bunu Milli.Az-a açıqlamasında hərbi-siyasi məsələlər üzrə ekspert, ehtiyatda olan tanınmış polkovnik Şair Ramaldanov İsrailin Azərbaycana hava hücumundan müdafiə üzrə "dəmir qübbə" sistemləri satacağı ilə bağlı yayılan məlumatları şərh edərkən deyib.

Polkovnik Ş.Ramaldanovun fikrincə, belə bir silah sisteminin alınması dövrün və reallığın tələbidir: "Ermənistanda Müdafiə Nazirliyinə yeni rəhbərlik gəlib. Yeni rəhbərliyin təyinatı Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin yaxşılaşmasına yox, gərginləşdirilməsinə gətirib çıxara bilər. Bu fonda Ermənistan tərəfindən Azərbaycana qarşı müəyyən hədə-qorxu dolu bəyanatlar səsləndirilir, onların bəzi rəhbərləri artıq Bakını və ya Azərbaycanın mühüm obyektlərini vurmaqla hədələyirlər. Deyirlər, odsuz tüstü olmur. Deməli, bu söhbət Ermənistanın hansısa rəhbər dairələrində gedir. Ona görə də təbii ki, Azərbaycan da buna qarşı hansısa əks-tədbirlər görməli və ölkənin müdafiəsini təkmilləşdirməlidirlər. Bu baxımdan hesab edirəm ki, "dəmir qübbə"nin alınmasının bizim üçün heç bir ziyanı yoxdur. Həmin sistemin Azərbaycan tərəfindən alınması da real görünür, ola bilər. Əgər bu silah ortaya çıxıbsa, deməli, kiməsə lazımdır. "Dəmir qübbə" o deməkdir ki, bu sistem Azərbaycanın, o cümlədən mühüm obyektlərin hava hücumundan müdafiəsini bütün raketlərdən tam təmin edəcək və onun alınması realdır".

Qeyd edək ki, Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədr müavini, yəhudi əsilli deputat Yevda Abramov bildirib ki, bu yaxınlarda İsrail dövləti Azərbaycana elə silahlar verəcək ki, həmin silah "İsgəndər M"i havada udacaq və bu sistem artıq Azərbaycana göndərilmək üçün hazırdır: "Həmin silah "dəmir dəbilqə" adlanan hava hücumundan müdafiə sistemidir. Balıq tutan tor kimi raketi səmada tutur. Həmin silah "İsgəndər M" raketini yerə düşməyə belə imkan vermir. Odur ki, Ermənistan bizi "İsgəndər M" ilə qorxutmasın. Yaxın vaxtlarda Azərbaycan Ordusunun arsenalına İsrailin uzunmənzilli, tam strateji müasir silah növləri daxil ediləcək. Mən konkret danışmıram. Çünki bunlar hərbi sirlərdir. Bundan əlavə, aprel döyüşləri zamanı da İsrailin bizə satdığı pilotsuz təyyarələr Ermənistanda böyük vahimə yaratmışdı. Yəqin ki, "dəmir dəbilqə" daha da qorxudacaq".

İlkin İzzət

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/476269.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR