"Report": Türkiyədə devalvasiya davam edəcək

"Report": Türkiyədə devalvasiya davam edəcək
10:32 6 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 6 oktyabr. REPORT.AZ/ Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları sentyabrın 23-30-da 4,1% azalaraq 99 mlrd. ABŞ dollarına kimi geriləyib. "Report"un "Hürriyət" qəzetinə istinadən verdiyi xəbərə görə, valyuta ehtiyatlarında azalma 4,3 mlrd. dollar təşkil edib. Türkiyənin qızıl-valyuta ehtiyatları isə hesabat həftəsində 4,1 mlrd. dollar və ya 3,4% azalaraq 117,8 mlrd. dollara düşüb. Valyuta ehtiyatlarındakı geriləməyə səbəb bankların və xəzinədarlığın Mərkəzi Bankda olan valyuta hesablarındakı azalma amili göstərilib.
Xatırladaq ki, sentyabrın 23-də "Moody's" beynəlxalq reytinq agentliyi Türkiyənin kredit reytinqini "investisiya edilməz" səviyyə - "Ba1"-ə endirib. Digər tərəfdən FES-in uçot dərəcəsini ilin sonuna qədər artırması ehtimalının güclənməsi və Avropa Mərkəzi Bankından gələn monetar ekspansiya xəbərləri ilə ABŞ dollarının məzənnəsi türk lirəsi ilə müqayisədə möhkəmlənərək 3,07 TRY/USD-yə yaxınlaşıb. Qeyd edək ki, bu məzənnənin rekord səviyyəsi iyulun 20-də (3,10 TRY/USD) qeydə alınıb.
"Report"un analitik qrupu "Moody's"in Türkiyənin reytinqini azaltmasının xarici investisiyalara, xüsusilə portfel investisiyalarına mənfi təsir edəcəyini bildirir. Belə ki, Türkiyənin valyuta ehtiyatlarının azalması məhz investorların ölkənin maliyyə aktivlərini, səhm və istiqrazlarını sataraq xarici valyutaya yönəlməsi səbəbindən baş verib. Bu tendensiyanın ilin sonuna qədər davam edəcəyi, məzənnənin 3,25-3,30 TRY/USD-yə kimi yüksələcəyi ehtimal edilir. Əsas fond indeksi - BİST-100-ün isə 15%-dək ucuzlaşaraq 66 000-ə kimi geriləyəcəyi proqnozlaşdırılır.
Analitiklər türk lirəsindəki ucuzlaşmanın inkişaf etməkdə olan ölkələrin milli valyutalarına mənfi təsir edəcəyini gözləyir. Xüsusilə ölkənin əsas ticarət tərəfdaşlarından biri olan Rusiya rublunun rəqabət qabiliyyətinin dəstəklənməsi məqsədilə ucuzlaşacağı proqnozlaşdırılır. Hər iki ölkənin milli valyutalarındakı ucuzlaşmanın isə öz növbəsində Azərbaycan manatına da təsirsiz ötüşməyəcəyi ehtimal edilir.

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/report-turkiyede-devalvasiya-davam-edecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR