Rusiya Dövlət Ermitajının direktoru Milli Azərbaycan Tarixi Muzeyinin direktoruna məktub ünvanlayıb

Rusiya Dövlət Ermitajının direktoru Milli Azərbaycan Tarixi Muzeyinin direktoruna məktub ünvanlayıb
11:17 6 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 6 oktyabr. REPORT.AZ/ Rusiya Dövlət Ermitajının saytında Ermitajın direktoru Mixail Piotrovskinin AMEA Milli Azərbaycan Tarixi Muzeyinin direktoru akademik N.Vəlixanlıya ünvanlandığı məktubun mətni dərc olunub.
Muzeyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, məktubda hər iki muzey arasında mövcud olan ənənəvi dostluq münasibətlərini yüksək qiymətləndirən M.Piotrovski Sankt-Peterburqda keçirilən beynəlxalq konfransda erməni alimi A.Akopyanın məruzəsinin təhrif olunmuş ad altında təqdim olunmasını anlaşılmazlıq adlandırılıb.
O qeyd etib ki, AMEA Prezidenti akademik A.Əlizadənin və akademik N.Vəlixanlının dəstəyi ilə Azərbaycan alimlərinin konfransda iştirak etməsindən məmnundur və gələcək elmi əlaqələrin inkişaf etdirilməsini dəstəkləyir.
Xatırladaq ki, sentyabrın 26-29-da Sankt-Peterburqda, Dövlət Ermitajında islam numizmatikasına həsr olunmuş beynəlxalq elmi konfrans keçirilmişdir. Konfransın proqramına erməni alimi A.Akopyanın İrəvan, Naxçıvan, Qarabağ, Gəncə xanlıqlarının ərazisinin “Şərqi Ermənistan” adı ilə təqdim olunduğu məruzə daxil edilib.
Bununla əlaqədar AMEA Milli Azərbaycan Tarixi Muzeyi Dövlət Ermitajına etiraz məktubu göndərmişdi. Etiraz məktubundan sonra məruzənin adından “Şərqi Ermənistan” sözləri çıxarılıb. Konfrans vaxtı erməni aliminin təxribatının qarşısını almaq və tarixi həqiqəti auditoriyaya çatdırmaq məqsədilə AMEA Rəyasət Heyəti və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin dəstəyi ilə bir qrup alim Sankt-Peterburqa ezam edilib. Nümayəndə heyətinin tərkibinə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika və epiqrafika elmi fond şöbəsinin müdiri t.ü.e.d., prof. Əli Rəcəbli, AMEA Hüquq və İnsan Hüquqları İnstitutunun elmi işçisi Rizvan Hüseynov və t.ü.f.d. Anar Sadıxov daxildir. Sentyabrın 26-da Azərbaycan nümayəndə heyətinin üzvləri Ermitajın direktoru M.B.Piotrovski ilə görüşübr. M.B.Piotrovski Azərbaycan alimlərinin nüfuzlu elmi tədbirdə iştirakından məmnunluğunu və A.Akopyanın məruzəsinin ilkin adının təşkilat komitəsi ilə razılaşdırılmadığını bildirib. O, həmçinin elmin siyasətə qarışmasının və Qafqaz tarixinin siyasiləşdirilməsinin əleyhinə olduğunu qeyd edib. 

Xəbərin orijinal ünvanı: http://report.az/medeniyyet-siyaseti/rusiya-dovlet-ermitajinin-direktoru-milli-azerbaycan-tarixi-muzeyinin-direktoruna-mektub-unvanlayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR