Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

İrəvan və Naxçıvan xanlıqları ilə bağlı MARAQLI FAKTLAR

İrəvan və Naxçıvan xanlıqları ilə bağlı MARAQLI FAKTLAR

Date: 6 October 2016 12:13

Türkiyədə yaşayan hüquqşünas Turhan Turqut İrəvan və Naxçıvan xanlıqlarının tarixi, əlaqələri barədə maraqlı məlumatlar açıqlayıb.

Bununla bağlı Naxçıvanın “Şərq qapısı” qəzetində geniş məqalə dərc olunub. Məqalədə İrəvan və Naxçıvan xanlarının qohumluq əlaqələri, tarixi torpaqlarımız uğrunda birgə mübarizəsi haqqında ətraflı bəhs olunur. Yazıda Abbasqulu xan İrəvanskinin tarixi xidmətlərindən geniş söhbət açılır.

Bildirilir ki, general-adyutant Hüseyn xan Naxçıvanski qardaşları Rəhim xana və Cəfərqulu xana külli miqdarda pul göndərirmiş ki, İrəvanda Abbasqulu xana çatdırsın. O, İrəvanın ətrafındakı torpaqları alsın, imkan verməsin ermənilərin almağına. Abbasqulu xan Naxçıvanskilərin İrəvanda səlahiyyətli nümayəndəsi olub. Məqalədə bir çox qaranlıq məsələlərə aydınlıq gətirilib, hər iki xanlığın tarixi ilə bağlı yeni faktlar açıqlanıb. Yazının geniş variantı ilə bu linkdən tanış ola bilərsiniz.

Görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin Naxçıvan şəhərindəki ev-muzeyində orijinal bir fotoşəkil var. Bu tarixi fotoşəkli ilk dəfə 2004-cü ildə “Şərq qapısı” qəzetində çap etdirmişik. Elə həmin yazıda bildirmişdik ki, bu fotoşəkillə bağlı araşdırmalara başlamışıq. İndiyədək bir çox kitablarda, jurnallarda və muzeylərdə maraqla qarşılanan bu fotoşəkildəki şəxsiyyətlərin bir neçəsi dəqiqləşsə də, axtarışlara, araşdırmalara son nöqtə qoyulmamışdı. Biz istəyirdik, şəxsiyyətlərin kimliyi dəqiq müəyyənləşdirilsin. Çünki hiss edirdik ki, müəyyənləşdirmədə ehtimallar da var. Artıq bir ay olar ki, araşdırmalarımıza son nöqtə qoyulub desək, səhv etmərik. 2004-cü ilədək çox az adamların gördüyü bu fotoşəkildəki şəxsiyyətlərin kimliyi və fəaliyyəti haqqında öyrəndiklərimizi oxucularla da bölüşmək arzusundayıq.
Qeyd edək ki, axtarışlarımızın uğurlu nəticələnməsinə “Avrasiya Gündəliyi” portalındakı müsahibə səbəb oldu. Bu ilin iyun ayında Bakıda Dünya Azərbaycanlılarının IV Qurultayı keçirildi. Qurultaya gələn nümayəndələrdən biri də İrəvan xanlarının qürbətdə yaşayan varislərindən olan Turhan Turqut idi. Onun “Avrasiya Gündəliyi” portalında müsahibəsi çox maraqla qarşılanmışdı.

Turhan Turqutun müsahibəsi, bir növ, ümumi xarakter daşıyırdı. Yəni o, İrəvan xanlarının şəcərəsinin dərinliyinə getməyərək bəzi maraqlı, vacib məqamlardan söhbət açmışdı. Necə deyərlər, maraq mənə də güc gəldi. Çünki Naxçıvan xanlığının tarixini araşdırarkən İrəvan xanlığı ilə bağlı bir çox məsələlər də mənim üçün aydınlaşmışdı.
Turhan Turqutla elektron poçt vasitəsilə tanışlıqdan sonra bir müddət hər gün məktublaşdıq. Onun haqqında bir az sonra.
Məqalədə bəzi məsələlərə daha ətraflı aydınlıq gətirmək üçün İrəvan xanlığının tarixinə azacıq da olsa, ekskurs edək.
Bir çox arxiv mənbələrindən və İrəvan xanlığına aid yazılmış kitablardan məlum olur ki, Həsənəli xan Qacar 1755-1759-cu illərdə İrəvan xanlığını idarə etmişdir. “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” (Bakı, 2009, səh. 53) monoqrafiyasında öz əksini tapan Həsənəli xanın İrəvanın yerli Qacarlarından olduğu haqda məlumatı bir çox mənbələr təsdiqləyir. Və oradaca qeyd edilmişdir ki, Həsənəli xan Qacar hələ Nadir şah dövründə İrəvan hakimi olmuş və şah tərəfindən cəzalandırılaraq hər iki gözü çıxarılmışdı. 1759-1760-cı illərdə onu qardaşı Hüseynəli xan Qacar əvəz etmişdir.
Buradaca bir haşiyə çıxmaq maraqlı olardı. Şəcərəşünas alim Ənvər Fərəcov “İrəvan xanları, onların mənşəyi, nəsilləri” adlı məqaləsində (Azərbaycan Tarixi Şəcərə Cəmiyyətinin xəbərləri, 6-cı buraxılış, Bakı, 2007, səh. 71-77) yazır: “Həsənəli xan İrəvanı yenidən qurmuş, iqtisadiyyatını dirçəltmiş, əhalisini yaxşı yaşamla təmin etmişdi. Həsənəli xanın Məhəmməd xan, Məhəmmədəli xan adlı oğulları vardı”.
Ənvər Fərəcov məqaləsini farsdilli sənədlər əsasında hazır­ladığından buradakı məlumatlar yenidir. Onun yazdığından məlum olur ki, 1827-ci ilin iyununda Naxçıvandakı Abbasabad qalasında gedən döyüşlərdə 4 min bəxtiyarı və azərbaycanlı sərbazlara Məhəmməd xan başçılıq edirmiş. Rusiya qoşunları qalanı tutandan sonra onu da Tiflisə əsir aparmışdılar.

Tədqiqatçı-alim Həsənəli xanın və Hüseynəli xanın atasının Xəlil xan olduğunu da qeyd etmişdir. Bu, həmin Xəlil xandır ki, 1751-1755-ci illərdə İrəvana xanlıq etmişdir.

İrəvan şəhərində anadan olan Hüseynəli xan mükəmməl mədrəsə təhsili almışdı. O, qurucu, səxavətli bir xan olmuşdur. Hətta o, İrəvan şəhərini yenidən qurmaq üçün Xoy xanlığının baş memarı Mirzə Cəfəri İrəvana dəvət etmişdi. Bu haqda “İrəvan xanlarının diplomatik məktubları” külliyyatında ətraflı məlumat vardır. Görkəmli Azərbaycan memarı Mirzə Cəfər Xoylu məşhur Yeni Xan Sarayını tikmişdir.

Azərbaycan memarlığının nadir incilərindən olan Göy məscidi Hüseynəli xan tikdirdiyi üçün onun şərəfinə hələ sağlığında və sonralar da bu məscid Hüseynəli xan məscidi adlanırdı. Həmin məscidi 1988-ci ildə erməni vandalları yandırmışlar.1783-cü il noyabrın 9-da qiyamçılar Hüseynəli xanı­ öldürmüşlər.

Hüseynəli xan Naxçıvan xanı I Kalbalı xanın və Xoy xanı Əhməd xanın qayınatası idi. Hüseynəli xanın Qulaməli xan və Məhəmməd xan, Məhəmmədqulu xan adlı oğulları, Tükəzban xanım və Səltənət xanım adlı qızları olmuşdur. Digər övladları da ola bilər, hələlikdə kameral siyahılarda yuxarıda qeyd etdiklərimizin adlarına rast gəlmişik.

Qulaməli xanın 15 yaşı vardı. Atasının ölümündən sonra onu xanlıq taxtına əyləşdirmişlər. Və o, cəmi 8 ay hakimiyyətdə qala bilmişdir. 1783-cü ildə hakimiyyətə gəlsə də, 1784-cü ilin yayında saray çevrilişi zamanı qətl edilmişdir. Onun yerinə 12 yaşlı Məhəmməd xan (bəzi mənbələrdə Məhəmmədhüseyn yazılıb – müəllif) təyin olunmuşdur. Məhəmməd xan da atası Hüseynəli xan kimi qurucu və xeyirxah bir xan olmuşdur. O, kürəkənləri naxçıvanlı I Kalbalı xanla çox vaxt eyni diplomatiya apardığından Fətəli şahın qəzəbinə gəlmiş və 1806-cı ildə tutulub Tehran həbsxanasına aparılmışdı. Qeyd edək ki, o, hələ Ağa Məhəmməd şah Qacarın da hakimiyyəti dövründə həbs edilmişdi. Sənədlərin dili ilə desək, Məhəmməd xan 1784-cü ildən 1805-ci ilin iyununa qədər İrəvana xanlıq etmişdir. (1797-ci ildə üçaylıq fasilə olub).

Məhəmməd xanın Rzaqulu xan, Həsənəli xan, Hüseynəli xan və Məhəmmədhüseyn xan adlı oğulları olmuşdur.
Ənvər Fərəcovun yazdığına görə, onların üçü şair olub. Qeyd edək ki, Xəlil xanın 3-cü oğlu Məhəmmədhəsən xanı 1783-cü ildə qardaşı Hüseynəli xanla birlikdə öldürmüşlər.

Ənvər Fərəcovun araşdırmalarında İrəvan Qacarlarının bu qolu Ziyadlılar kimi qeyd olunmuşdur. Bəzi kitablarda onlar Dəvəli Qacarlar kimi yazılmışdır. Xarici ölkələrdə yaşayan varislər isə Turqutlar olduqlarını yazırlar. Bizcə, İrəvanlı Hüseynəli xan Dəvəli Qacarlardandır. Hər halda bunun ciddi araşdırmaya ehtiyacı var. Çünki İrəvan xanlığında Dəvəli şəhəri olub və sovet hakimiyyəti illərində bu şəhəri Ararat adlandırıblar.
1806-cı ilin dekabrından 1827-ci il oktyabrın 13-dək İrəvana xanlıq edən Hüseynqulu xan Qacarın və qardaşı Sarı Aslanın (Həsən xanın) Hüseynəli xanla qohumluğu haqda hələ ki, baxdığımız sənədlərdə məlumata rast gəlmirik. Gürcüstan Milli Arxivində İrəvan xanı Məhəmməd xanın qardaşı Məmmədqulu xana məxsus olan bir arxiv qovluğunda onun hərbçi olması haqda məlumat vardır. Həmin sənəddən məlum olur ki, hərbi rütbəsi kapitandır. İrəvan xanlığı Rusiya tərəfindən işğal ediləndən sonra da İrəvanda yaşamış və xanlıq titulunu ondan almamışlar. Qeyd edək ki, ona məxsus arxiv işinin üzərində “Kapitan Məmmədqulu xan” yazılmışdır.
Məmmədqulu xanın oğlanlarından biri Mehbalı xan olub. Bəzən sənədlərdə Möhbalı, Möhübəli xan kimi də qeydlərə rast gəlinir.

Naxçıvan tarixinin XIX yüzilliyin ikinci yarısından üzübəri açılmamış səhifələrini araşdırarkən İrəvan xanlarının varislərindən olan Abbasqulu xan İrəvanskinin adına tez-tez rast gəlirik. Bizim araşdırdığımız fotoşəkildə Abbasqulu xan İrəvanski ortada əyləşmişdir.

Abbasqulu xan Mehbalı xan oğlu, təxminən, 1830-cu ildə İrəvan şəhərində doğulmuşdur. Babası Məmmədqulu xan 1846-cı ildə vəfat edəndə Abbasqulu xanın 16 yaşı vardı. Abbasqulu xan gənc yaşlarından İrəvan quberniyasında nüfuzlu şəxsiyyətlərdən biri olmuşdur. Onun İrəvan şəhərində 1860-cı ildən gördüyü işlər haqqında o dövrün mətbuatı da ətraflı məlumat verir. Abbasqulu xan dövrünün ziyalısı kimi tanınmış, İrəvan Şəhər Dumasına üzv seçilmişdir (1882-1899). O, maarifçilik işlərində də öz maddi köməyini əsirgəmə­mişdir. Abbasqulu xan İrəvan rus-türk məktəblərinin fəxri nəzarətçisi vəzifəsini daşımaqla bərabər, xeyriyyəçilik də etmişdir. Onun haqqında “Qafqaz təqvimi”ndə və “Qafqaz” qəzetində belə materiallara daha çox rast gəlirik. Abbasqulu xan Naxçıvanla çox bağlı olmuşdur.

Yuxarıda qeyd etdiyimiz kimi, İrəvanın Dəvəli Qacarlarını Naxçıvanın Kəngərli xanları ilə qohumluq telləri bağlayır. Abbasqulu xanın da həyat yoldaşlarından ikisi Naxçıvandan olmuşdur: general İsmayıl xanın qızı Tərlan xanım və general-mayor II Kalbalı xan Naxçıvanskinin qızı Zərrintac bəyim. Abbasqulu xanın ikinci həyat yoldaşı Tərlan xanımdan 7 övladı olub: Kərim xan, Əli xan, Həsən xan, Xanlar xan, Fəxrəntac xanım, Gövhərtac xanım və Tacı xanım. Haqqında söhbət açdığımız fotoşəkildə Abbasqulu xandan sağda oturan onun qızı Gövhərtac xanımdır, qucağındakı uşaq oğlu Əziz xandır. İkinci cərgədə solda ayaq üstdə dayanan ikinci şəxs onun həyat yoldaşı Bəhram xan Naxçıvanskidir. Bəhram xan 1872-ci ildə Naxçıvan şəhərində İsmayıl xanın oğlu Aman xanın ailəsində anadan olmuşdur. Anası Xanbikə Xurşidbanu Natəvanın qızıdır. Uşaqlıq illəri 1886-cı ildən etibarən Şuşada keçmişdir. 1899-1904-cü illərdə Naxçıvan şəhər polis pristavının köməkçisi işləmişdir. 1898-1903-cü illərdə Naxçıvan şəhərindəki müsəlman ibtidai məktəbinin fəxri nəzarətçisi də olmuşdur. Bəhram xanın kollej, katib, asessor, titulyar müşavir, yəni saray müşaviri olması haqda da məlumat vardır. O, 1906-1909-cu illərdə Naxçıvan şəhərinin starostası olmuşdur. 1919-cu ilin yanvar ayından Naxçıvan Araz-Türk Respublikasının xarici işlər naziri vəzifəsində işləmişdir. 1919-cu ilin avqustundan Naxçıvan şəhərində yerləşən Cənub-Qərbi Azərbaycan general-qubernatorunun köməkçisi işləyən Bəhram xan həmin ilin sonunda Azərbaycan Xalq Cümhuriyyətinin Daxili İşlər Nazirliyinin Lənkəranda tam səlahiyyətli nümayəndəsi təyin edilmişdir.

1920-ci ildən İrana mühacirətə gedən Bəhram xan Səlmasda və Təbrizdə yaşamışdır. O, Culfa-Təbriz dəmir yolunda yoxlayıcı işləməklə bərabər, həm də “Müstəqil Qafqaz” təşkilatının üzvü olmuşdur. Fotoşəkildə ikinci cərgədə Bəhram xandan sağda ayaq üstdə duran Abbasqulu xanın oğlu Həsən xandır. Onun qarşısında oturan qadın həyat yoldaşı Nuraleyin xanımdır. Rus hərbi şərqşünası K.N.Smirnov yazır ki, Abbasqulu xanın oğlu Həsən xan 1934-cü ildə İrəvanda yaşamışdır. Amma Həsən xanın oğul nəvəsi Turhan Turqutun dediyinə görə, onun ata babası Həsən xan 1927-ci ildə İrana, sonra isə Türkiyəyə mühacirət etmişdir.

Sözarası deyək ki, bu tarixi fotoşəklin doğru-dürüst araşdırılmasına Turhan Turqut köməklik göstərmişdir. Onun dediyinə görə, Həsən xan 1898-ci ildə Bəhmən Mirzə Qacarın qızlarından Nuraleyin xanımla ailə qurmuşdur. Bu nikahdan beş uşaqları olub: Hüseyn xan, Fərid xan, Ruhsarə, Sami və Adilə xanım.

Həsən xanın böyük oğlu Hüseyn xan 1900-cü ilin noyabr ayında İrəvan şəhərində doğulmuşdur. O, İrəvandakı gimnaziyanı bitirmişdir. 1917-ci ilin oktyabr ayında (köhnə təqvimlə), Rusiyada hökumətin yıxılmasından sonra erməni daşnaklarının terrorundan yaxa qurtarmaq üçün Həsən xan ailəlikcə Naxçıvana köçmüşdür. Bir müddət Naxçıvanın müdafiəsində döyüşən Həsən xanın oğlu Hüseyn xan sonralar Türkiyəyə getmiş və Osmanlı ordusunda zabit kimi hərbi xidmətə başlamışdır. Türkiyə ordusunun apardığı döyüşlərdə fərqlənən Hüseyn xan “Dəmir Hilal” nişanı ilə təltif edilmişdir. Sonrakı döyüşlərdə şücaətinə görə onu “İstiqlal” medalı ilə təltif etmişlər. Müharibə qurtardıqdan sonra Ankarada mühafizə alayında hərbi xidmətini davam etdirmişdir. 1930-cu ildə hava qüvvələrində hərbi xidmətə başlayan Hüseyn xan Fransaya iki illiyə ezam olunur. 1932-ci ildən 1946-cı ilədək hərbçi təyyarəçilərin yetişdirilməsində əlindən gələni əsirgəmir. Türkiyənin hava qüvvələrində çox sevilən, əfsanəvi bir zabitdən çox, həm də dərin zəkası ilə tanınır. 1960-cı ildə ona general hərbi rütbəsi verilir. Sonralar istefaya çıxan Hüseyn xan 1971-ci ildə Ankarada vəfat etmişdir. Hüseyn xan 1936-cı ildə Ləman adlı qızla ailə qurmuş, Nur və Turhan adlı iki uşağı olmuşdur. Onlardan biri – 1940-cı ildə doğulan Nur Ümit Arik adlı diplomatla ailə qurmuşdur. Digəri Turhan Turqutdur ki, 1946-cı ilin iyul ayında Türkiyənin İzmir şəhərində doğulmuş və Ankara Universitetinin Hüquq fakültəsini bitirmişdir.

Fotoşəkildə ön cərgədə soldan birinci Abbasqulu xanın oğlu Xanlar xandır, qucağındakı oğludur. Abbasqulu xanın qarşısında oturan isə sonbeşik qızı Tacı xanımdır. Maku sərdarının nəvəsi Əlixanla ailə qurmuşdur. Maraq üçün deyək ki, Əlixanın anası general-mayor II Kalbalı xanın qızı Şahbəyimdir.
Abbasqulu xandan solda oturan qızı Fəxrəntac xanımdır. Arxa cərgədə solda ayaq üstə dayanan Rəhim xan Naxçıvanski balaca qızı Xurşidlə, ondan sağdakı isə Fəxrəntac xanımın həyat yoldaşı Cəfərqulu xan Naxçıvanskidir.

Fəxrəntac xanımın yanındakı Cəfərqulu xanın ikinci həyat yoldaşıdır. Fəxrəntac xanımın qarşısında oturanlar onun qızı Nazlıbəyim, oğlu III Kalbalı xandır. Abbasqulu xanın böyük oğlu Həsən xan Türkiyənin Əskişəhərində 1956-cı ilədək yaşamış və orada da vəfat etmişdir. Onlar Türkiyədə Turqut familiyasını qəbul etmişlər. Turhan Turqutun dediyinə görə, babası Həsən xan deyirmiş ki, biz Turqutlar soyundanıq. Yəqin ki, Turqutlar Qacarların Türkiyədə yaşayan bir qolu olmuşdur.

Abbasqulu xan İrəvanski 1905-ci ildə İrəvanda və Naxçıvanda xalqı başına toplayaraq erməni daşnaklarına qarşı vuruşmuş, müsəlmanların İrəvandan köçürülməsinin qarşısını almışdır.
Abbasqulu xanın birinci həyat yoldaşı Bilqeyis xanımdan 3 övladı – 2 oğlu və 1 qızı olmuşdur. Böyük oğlu Əli xandır ki, evdə Ağa xan çağırıblar. Əli xan məşhur hərbçi idi. 1918-ci ildə Naxçıvanın müdafiəsində vuruşmuş, sonra qardaşı Kərim xanla Kabardaya getmişdir. Onun Bülbül xanım adlı qızı olmuş və bir müddət Naxçıvanda yaşamışdır.

Abbasqulu xanın ikinci oğlu Böyük xanın (əsl adı Məmmədqulu xandır) arvadı Tovuz xanım Naxçıvanskaya İsmayıl xanın oğlu Bəhman xanın qızıdır. Tovuz xanımın anası Çimnaz xanım general-mayor II Kalbalı xanın qızıdır. Məmmədqulu xanla Tovuz xanımın 7 övladı olub: Nazxanım, Yəməntac xanım, Mehdiqulu xan, Əfşan xanım, Allahyar xan, Davud xan və Nəcəf xan.

Allahyar xan 1919-cu ildə Naxçıvanda erməni daşnaklarına qarşı mərdliklə vuruşmuşdur. Sovet hakimiyyəti illərində o, Leninqradda (indiki Sankt-Peterburqda) Tibb İnstitutunda oxumuşdur. 1937-ci ildə repressiyanın qurbanı olmuşdur. Onun digər bacı-qardaşları haqqında əvvəlki yazılarımızda təfsilatı ilə söhbət açmışıq.
Bu gün dünyanın ən gözəl və abad şəhərlərindən biri olan Naxçıvanın mərkəzində Cəmşid xan Naxçıvanskinin ev-muzeyi yerləşir. Hər dəfə böyük salona gələndə bu tarixi fotoşəklin qarşısında dayanıram. Bir an ərzində Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanın azadlığı, müstəqilliyi uğrunda qəhrəmanlıqla döyüşmüş mərd oğulları xəyalən xatırlayıram... Bu tarix çox-çox qədimdir, zəfərlidir, faciəlidir. Məşhur polyak bəstəkarı Fridrix Şopenin 1837-1839-cu illərdə bəstələdiyi “Matəm marşı”nın sanki kədərli ladlarını eşidirəm... Burada böyük hüzn və dərin lirizm var...

Birdən dahi dövlət xadimi, müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin müdrik kəlamı daxilimdə böyük, sönməz işıqlanma yaradır: “... İrəvan xanlığı var, Naxçıvan xanlığı ilə İrəvan xanlığı bir-biri ilə çox bağlı idi. İndi ermənilər deyirlər ki, yox, orada ermənilər olubdur. Amma, həqiqətən, İrəvan xanlığıdır. Naxçıvan xanlığını siz dərindən öyrənəndə, mütləq İrəvan xanlığına gedib çıxacaqsınız. İrəvan xanlığı haqqında materialları Rusiyanın arxivlərində, Sankt-Peterburqda, rus imperiyasının arxivlərində tapacaqsınız və görəcəksiniz ki, dünyada nələr var”.

Yuxarıda haqqında söhbət açdığımız tarixi fotoşəkil də İrəvan və Naxçıvan xanlarının bir-birlərinə çox yaxın və sədaqətli olduqlarını təsdiqləyən orijinal arxiv sənədidir. Fotoşəklin arxasında çəkildiyi tarix rusca qeyd edilmişdir: Naxçıvan, 1906.

Abbasqulu xan hər iki tərəfin ağsaqqalı sayılırdı. Yazının sonunda bir arxiv sənədinin bizə çatdırdığı əhvalatı qürurla xatırlayıram. General-adyutant Hüseyn xan Naxçıvanski qardaşları Rəhim xana və Cəfərqulu xana külli miqdarda pul göndərirmiş ki, İrəvanda Abbasqulu xana çatdırsın. O, İrəvan ətrafındakı torpaqları alsın, imkan verməsin ermənilərin almağına. Abbasqulu xan Naxçıvanskilərin İrəvanda səlahiyyətli nümayəndəsi idi. Biz bu tarixi fotoşəkildəki şəxsiyyətlərin kimliyini Türkiyənin İstanbul şəhərində yaşayan Turhan Turqutun köməkliyi ilə araşdırıb sona yetirdik. Amma buradakı hərbçilərin, döyüşçülərin həyat və fəaliyyətlərinin xeyli hissəsi öyrənilməmiş qalır. Necə deyərlər, tədqiqatçı axtarış yollarında gərək.


Tags:  İrəvan Naxçıvan xanlıqları bağlı MARAQLI FAKTLAR



RƏYLƏR


Top news