Mircəfər Bağırova kələk gələn şairin övladı atasının sirlərini açdı: “O, sərxoşluq edirdi ki...” - FOTO/VİDEO

Mircəfər Bağırova kələk gələn şairin övladı atasının sirlərini açdı: “O, sərxoşluq edirdi ki...” - FOTO/VİDEO
12:33 6 Oktyabr 2016
52 Digər
Ölkə mətbuatı
A- A+

İyirminci əsr Azərbaycan ədəbiyyatında özünəməxsus xüsusiyyətləri olan dövr kimi tarixə düşdü. Əvvəlcə mürtəce çar Rusiyasının, cəmi 23 aylıq cümhuriyyət tariximizin, sonra isə 70 illik senzuralı sovet rejiminin bərqərar olduğu ötən yüzillik şair və yazıçılarımızın yaradıcılığına təsirsiz ötüşmədi. Bu dövrdə yaşamış ədiblərdən cəmi bir neçəsi ədəbiyyata yeni dəst-xətt, yeni üslub gətirdilər və ədəbiyyat tarixinə öz möhürlərini vurdular. Şair, qəzəlxan, Azərbaycan SSR Əməkdar İncəsənət Xadimi, habelə ilk dövlət mükafatı laureatı Əliağa Vahid də belə ədiblərdən idi.

Qəzəlxanın oğlu Ramiz İskəndərov Publika.az-a müsahibəsində atasının həyatı ilə bağlı bəzi maraqlı məqamları bölüşdü.

Xarratlıq edən şair

Əliağa Vahidin ilk öncə mədrəsədə oxuduğunu deyən Ramiz İskəndərov bildirdi ki, atası maddi çətinlik üzündən təhsilini yarımçıq qoyaraq xarratlıq edib. Lakin bir müddət sonra pedaqoji texnikumu bitirib: “Atam bununla yanaşı, Bakıdakı "Məcməüş-şüəra" ədəbi məclisində iştirak edib. Bütün bunlar onun gələcək fəaliyyətinə təsir edib və şair kimi yetişməsinə səbəb olub. Bəzi şairlərdən fərqli olaraq atam tərif şeirlərinə o qədər də əhəmiyyət verməyib və satirik janrda yazıb. O, yaradıcılığında cəmiyyətdəki nöqsanları, o cümlədən haqsızlıqları, geriliyi, ictimai qüsurları ifşa edib. Eyni zamanda gözəlliyi, sevgini tərənnüm edib və yeni nəsildə Vətənə məhəbbət aşılayıb”.

Vahidin ilk kitabı "Tamahın nəticəsi" olub: “O, "Kommunist" qəzeti, "Molla Nəsrəddin" jurnalı ilə əməkdaşlıq etsə də, qeyd edim ki, o vaxtlar kitab dərc etdirmək hər kəsə nəsib olmurdu. Bu, olduqca çətin proses idi. Hətta bəzən kiçik şeirlərə də əngəl yaradırdılar.

Atam tərcümə işi ilə də məşğul olurdu. Nizami Gəncəvinin, Əfzələddin Xaqaninin, Məhəmməd Füzulinin, Əlişir Nəvainin bəzi qəzəllərinin ana dilimizdə oxumağımızın səbəbkarı Vahiddir”.

“Atamın da adı olan ölüm siyahısı Bağırova gəlir və...”

Sovet rejiminin otuzuncu illərdə başladığı repressiya dalğasının təhdid etdiyi ölüm təhlükəsi qəzəlxanı da gözləyirmiş: “1939-cu ildə atam döşəməsi olmayan, köhnə, həşəratlarla dolu bir evdə yaşayırmış. Bir gün bir neçə nəfər daxmanın qapısını döyür. Soruşurlar ki, Vahid, sən burada yaşayırsan? O da cavab verir ki bəli. Gələnlər atama Mircəfər Bağırovun onu çağırdığını bildirirlər. Atam isə onlardan bir neçə dəqiqə gözləməyi xahiş edir. Bundan sonra Bağırova gözəl bir qəzəl yazıb və evə gələnlərlə birlikdə qəbula gedir.

Bağırov deyir:

- Eşitmişəm içirsən.

Atam cavab verir:

- Ağa, daha bundan sonra içmərəm.

Atam danışırdı ki, elə Bağırovun qəbulundan çıxandan sonra küçədəki köşklərdən birinə yaxınlaşaraq içməyə başlayır. Qəsdən özünü sərxoşluğa vurur. Elə bu vaxt Bağırovun sürücüsü ərazidən keçirmiş. O, Vahidin səntirləyə-səntirləyə getdiyini görərək bu barədə rəhbərə xəbər verir. Amma Bağırov heç nə demir.

Vahid qəsdən özünü sərxoşluğa vurubmuş ki, onunla işləri olmasın. Yoxsa atamı da güllələyəcəkdilər.

Atam həmişə deyərdi ki, repressiyaya görə özümü içki içən kimi göstərirdim. Bir gün Bağırova güllələnməli olan adamların adı olan siyahını təqdim ediblər. Şair və yazıçıların arasında atamın da adı yer alıb. Bağırov onun həbsinə etiraz edərək deyib ki, Vahid içən adamdır, hər gün sərxoş olur. Ondan ziyan gəlməz”.

Azərbaycan SSRİ-nin rəhbəri şairə Mehdi Hüseyn küçəsindəki binalardan birində 2 otaqlı mənzil bağışlayıb. Bağırov bununla yanaşı, evin bütün avadanlıqlarının, hətta süpürgədən tutmuş çarpayılara, yorğan-döşəklərə qədər hər şeyi aldırıb: “Atam birinci həyat yoldaşı ilə ora köçüb. Zərifə adlı tatar qızı ilə nikahı olmayıb. Onların evliliyi iki il çəkib”. Zərifə sonralar Vahidin oğlunun rus dili müəlliməsi olub: “Bir gün Bağırovun sağ əli Əyyub Zamanov atamı yanına çağırtdırıb soruşur:

- Sən vaxtilə pantürkistlərə qoşulmamısan?

- Yox, mən ancaq qəzəl yazıram, xalq şairiyəm.

Bu söhbətdən sonra araşdırma aparırlar. Amma dəlil tapa bilmədiklərindən onu birdəfəlik rahat buraxırlar.

Bağırovla ikinci görüşdən sonra Azərbaycan SSRİ-nin rəhbəri atama o vaxtkı pulla 10 min manat pul bağışlayıb”.

“Anam atama deyib ki, mən sənə yox, cavan adama ərə getmək istəyirəm”

Müsahibim deyir ki, atasının həyatını əks etdirən “Qəzəlxan” filmində bəzi epizodlar səhvdir: “Əvvəla atam heç vaxt qan qusmayıb. O, papiros çəkmir, spirtli içki də içmirdi. Yalnız qəlyan çəkərdi. Filmin rejissoru Şahmar Ələkbərov Vahidin həyatı ilə bağlı bizdən heç bir məlumat almayıb. Onunla cəmi bir dəfə Vahidin yubileyində görüşdük. Onda da bu haqda söhbətimiz olmadı. Şahmar Ələkbərov filmlə bağlı bütün məsləhətləri atamın dostu olmuş Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri Məmməd İskəndərovdan alıb”.

İlk evlilik həyatı uğursuz olan şair bir müddət Fenya adlı rus qadınla birlikdə yaşayıb: “O, atamın paltaryuyanı idi. Daha sonra atam anamla ailə qurub. Bir müddət sonra o zamankı Montin küçəsində - Ağa Nemətulla 47 ünvanında yeni ev alıb. Atam anamı bir neçə dəfə gördükdən sonra vurulub. Bir gün Cəfər Cabbarlının həyat yoldaşı Sona xanımın yanına gedərək soruşub ki, sizin qohumlarınız arasında Şərəbanı adlı qız var? Sona xanım hə deyəndən sonra atam xahiş edib ki, onları tanış etsin”.

Əliağa Vahid dəfələrlə təklif etsə də, qız onunla nikaha girməkdən imtina edib: “Anam atama deyib ki, mən sənə yox, cavan adama ərə getmək istəyirəm. Çünki onlar arasında 23 yaş fərqi vardı. Lakin buna baxmayaraq evləniblər və bir müddət o zamankı Montin küçəsində yaşayıblar. Bir gün anam atama deyir ki, mən burada yaşaya bilmirəm. Sağ, sol qonşularımızın hamısı ermənilər, ruslardır. Gəl buradan köçək. Bundan sonra ailəmiz Ələsgər Ələkbərov küçəsinə köçüb”.

“Böyük Vətən Müharibəsi illərində şairə fəxri ad verilməli imiş. Amma hansısa səbəblər üzündən bu, kağız üzərində qalıb”, - deyir müsahibim.

Yalnız 1959-cu ildə Məmməd İskəndərov ona Əməkdar incəsənət xadimi adını verib: “1939-cu ildən filarmoniyada “Azərbaycan toyu” verilişlərində iştirak etməyə başlayıb. Buna görə ona maaş verilirdi”.

Hər bir şair kimi Vahidin də özünəməxsus şeir yazmaq qaydası olub: “Atam qəzəllərini ancaq gecələr, hamı yatandan sonra yazardı. Sakitlik olan yerdə işləməyi sevirdi. Onun xeyli qəzəl dəftəri vardı. Bəzilərini oğurladılar. Səməd Vurğunun, Mikayıl Müşfiqin bir sıra şeirləri atama məxsusdur. Atam bədahətən qəzəl deyirdi. Hərdən kimlərsə onun qəzəllərini öz adlarına çıxırdılar. Şairlərin bəzilərinin poemalarını da atam yazıb”.

“Atamın Ağasəlimlə deyişməsinə hamı heyran olmuşdu”

Bir dəfə Vahidi Nardaranda keçirilən toya dəvət edirlər. Şair övladını da məclisə özü ilə aparmaq qərarına gəlir: “Axşam saat 10-da Ağahüseynlə atam meyxana deməyə başladılar. Bütün qafiyələri dedilər. Hamı onların qızğın deyişməsinə heyran qalmışdı. Meyxana qurtarandan sonra xeyli pul yığıldı. Yüzlük pulları atam götürürdü. Xırda pulları isə Ağahüseyn”.

Ramiz İskəndərovun sözlərinə görə, yaradıcılığı sonralar Vahidi Azərbaycan SSRİ-nin rəhbərliyində təmsil olunan bəzi şəxslərlə yaxınlaşdırıb: “Atam Mərkəzi Komitənin birinci katibi Vəli Axundovla tanış, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri Məmməd İskəndərovla dost idi. Onu hər yerdə hörmətlə, ehtiramla qarşılayır, küçədə görəndə salam verirdilər.

Atam 1965-ci ilin 1 oktyabrında dünyadan köçdü. Amma əgər həkim səhlənkarlığı olmasaydı, o bir neçə il də yaşayardı”.

Bir zamanlar şairin özünə qarşı edilən hörmət və ehtiram indi onun övladlarına münasibətdə mövcuddur: “Feyzulla Qasımzadə küçəsindəki bu evi prezident İlham Əliyev bağışlayıb. Bacım Firəngiz Əhmədli qəsəbəsində yaşayır. Əvvəllər metropolitendə və kitabxanada işləyirdi. Ona ilk mənzili ulu öndər Heydər Əliyev, hazırda yaşadığı evi isə prezident İlham Əliyev bağışlayıb”.

Anar Tağıyev,

Fotolar Elçin Muradındır












Xəbərin orijinal ünvanı: http://publika.az/projects/anarteqdimedir/171170.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR