"Əminəm ki, AZAL I dəstəyə düşməyəcək" Fikrət Hüseynov

"Əminəm ki, AZAL I dəstəyə düşməyəcək"  Fikrət Hüseynov
13:47 6 Oktyabr 2016
23 İdman
Ölkə mətbuatı
A- A+


Klublar Komitəsinin sədri Fikrət Hüseynov bu gün baş tutan toplantıdan sonra jurnalistlərin suallarını cavablandırıb. Fanat.Az saytı xəbər verir ki, AZAL-ın vitse-prezidenti gündəmdəki məsələlərdən söz açıb.



-  Bu gün gündəmdə hansı məsələlər vardı?


- Klublar Komitəsi bir aydan çoxdur yığışmırdı.  Komandalar Avropa Liqasında oynadığı üçün imkan olmurdu. Gündəliyimizdə 5 əsas məsələ vardı. Lisenziyalaşdırılma Qrupunun rəhbəri Elçin Məmmədov çıxış elədi. Klublardakı problemlər barədə məlumat verdi. Biz də həmin nöqsanları qeyd etdik. Növbəti tədbirəcən sözümüzü deyəcəyik. İkinci məsələ “Qəbələ” klubunun təklifi idi – U-19 Liqası 3 dövrəli keçirilsin. Qərara gəldik ki, belə çətin olar. Düşündük ki, çempionatın sonunda ilk 4 yeri komanda arasında 3 dövrəli turnir keçirilsin və mükafatçılar bu yolla müəyyənləşdirilsin. Limitlə bağlı məsələmiz vardı. “Qarabağ” və “Qəbələ” kimi klublar təklif edirlər ki, yeni mövsümdən 7+4 sisteminə keçək. Yəni, 7 legioner, 3 yerli və 1 nəfər 21 yaşadək yerli oyunçu. Elə klublar oldu ki, bunun əleyhinə çıxış etdilər. Məsələn,  “İnter”ə 2 mövsümlük transfer qadağası qoyulub və onlar komandalarını yerli oyunçular üzərində qurublar.  Bu məsələyə növbəti yığıncaqlarda baxacağıq, təklifimizi İcraiyyə Komitəsinə bildirəcəyik. Çünki qərarı onlar verir. Başqa bir məsələ - Əsasnamədə qeyd edilib ki, Premyer Liqanı 1 klub tərk edəcək, I divizionda ilk 3 yeri tutan kollektivlər elitaya yüksələcək. Qərara gəldik ki, cari mövsümdən I divizionda ilk 2 yeri tutan komandalar yüksək dəstəyə vəsiqə qazansın, 3-cü yeri tutanla Premyer Liqanın sonuncusu pley-off oynasın. 


- Amma nəzərə alaq ki, elitaya lisenziyalaşdırmanın tələblərinə cavab verən klublar gəlir...


- Bu bizə aid olan məsələ deyil. Kim lisenziya alırsa, həmin komanda gəlir. Yəni, 3-ü yeri 9-cu yerdəki klub da əvəzləyə bilər. Bilirsiniz,  diviziondan gələn klubların hansı vəziyyətdə gələcəyi bilinmir. Ancaq hazırda Premyer Liqada olan 8 komandanın təcrübəsi çoxdur, şəraitləri var.


- Yəqin ki, bu, sizin təklifinizdir. Çünki AZAL sonuncu pillədədir. 


- Xeyr, təklifi mən verməmişəm. Üstəlik, başqa klublar da bu fikri dəstəklədilər. Bu, AZAL-ı qorumaq üçün deyil. 7 tur oynanılıb, sabah kim sonda olacaq bilinmir. AZAL-da iş düzgün qurulub. Bir az maliyyə problemi var, o da qış fasiləsindən sonra düzələ bilər. Tərlan Əhmədov öz yerindədir, yaxşı məşqçidir. Biz ona inanırıq. Onu da qeyd edim ki, Tərlan müəllim demək olar ki, komandanı sıfırdan yığıb. İgid bir məşqçidir.


- AZAL I diviziona düşsə, fəaliyyətini davam etdirəcək?


- Onu indi danışmayaq. Mən əminəm ki, AZAL I dəstəyə düşməyəcək. Buna inanıram. 


Fanat.Az



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotminm-ki-azal-i-dsty-dumyckquot-t53118.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR