Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Deputat: "Şərəf və ləyaqəti təhqir edən media orqanı müvəqqəti “bloklanmalıdır"

Deputat: "Şərəf və ləyaqəti təhqir edən media orqanı müvəqqəti “bloklanmalıdır"

Date: 6 October 2016 13:52

Bakı. 6 oktyabr. REPORT.AZ/ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, hakim Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Məlahət İbrahimqızı bir qrup ziyalı ilə mətbuat konfransı keçirib.
“Report”un xəbərinə görə, M.İbrahimqızı deyib ki, son vaxtlar Azərbaycanda bir sıra mətbuat orqanlarında, xüsusilə də onlayn və sosial mediada insanların şərəf və ləyaqətinə zidd, mənəviyyata sığmayan fikirlər irəli sürülür: “İnsanlar mətbuatda sərhədi aşan, əxlaqımıza uyğun olmayan fikirlərdən beziblər. Təhqiramiz sözləri görəndə dəhşətə gəldim, görəsən biz beləyikmi? Dövlət atributlarımız haqda ağıllarına gələni yazırlar. Demokratik dəyərlərin bərqərar olması, bazar iqtisadiyyatının inkişafı üçün dövlətimiz böyükmiqyaslı işlər görür. İnsan hüquqlarının nə olduğunu bilməyən insanlar təhqiramiz fikirlərlə ziyalılarımızı cəmiyyətdə gözdən salmağa çalışırlar. Bunun qarşısı alınmasa, proses sürətlənə bilər”.
Deputat internet üzərindən fəaliyyət göstərən media orqanları ilə bağlı qanunun olmadığına toxunub: “Parlamentdə yeni qanunların qəbulu zamanı bu məsələyə toxundum. Ölkəmizə böyük hörmət qazandıran insanların ünvanına söylənən təhqirlərə susmaq olmaz. Onların adını çəkib ifşa etməliyik”.
M.İbrahimqızı gələcəkdə monitorinq qrupu yaradıb onların fəaliyyətinin izlənməsini təklif edib: “Biz qətiyyən sosial medianın bağlanmasının tərəfdarı deyilik. Əxlaqımıza, milli dəyərlərimizə zidd fikirlərin yayılması qəbuledilməzdir”.
BDU-nun jurnalistika fakültəsinin dekanı, professor Cahangir Məmmədli deyib ki, Azərbaycanda demokratik qaydalar çox güclüdür: “İlham Əliyevin milli mətbuatın yaranmasının 130-cu ildönümündəki çıxışına istinad etmək istərdim. Cənab Prezident bildirdi ki, keçid dövrü yaşayırıq, mətbuatın bütün tənqidlərinə, hətta təhqirlərinə də dözməliyik. Biz həmin keçid dövrünü keçdik. Etik normalara əməl olunmalıdır, hər adamın vicdanı etik normaları qəbul etmir”.
C.Məmmədli bildirib ki, bu cür hallarla mübarizə üçün Mətbuat Şurası ilə birlikdə fəaliyyət göstərilməlidir: “Mətbuat Şurasının sədri Əflatun Amaşov Milli Məclisin iclasında elektron mediaya maddi dəstək üçün müraciət etdi. Bu təklif Oqtay Əsədov tərəfindən də bəyənildi. Yaxın zamanda mətbuatdakı qeyri-etik ifadələrlə bağlı da təkliflər irəli sürəcəyik”.
Müşfiq Ələsgərli qeyd edib ki, sosial şəbəkə və internet medianın yaratdığı problemlər həm Azərbaycan, həm də dünyada narahatlıq doğurur: "Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasına ötən il onlayn mediada baş verən neqativ informasiyalarla bağlı 600 şikayət daxil olub. Ən müxtəlif sferaların təmsilçiləri - təhsil, səhiyyə, sənət adamları və sıravi vətəndaşlar bizə müraciət etmişdi. Hətta kəndlərə gedib sıravi vətəndaşların həyatından neqativ məlumatlar yayımlanmışdı. Cəbhə xəttində baş verən hadisələri xatırlayaq, bəzi qondarma saytlar yaranmışdı və təxribatçı məlumatlar yayırdılar, bununla da informasiya cəbhəmiz yarıldı. Nəinki insanlara böhtan atıb şəxsi həyata müdaxilə edirlər, eyni zamanda, dövlət təhlükəsizliyini təhdid edəcək məlumatlar paylaşılır.
O, “Diffamasiya haqqında” qanunun qəbulunun vacibliyini vurğulayıb: “Bəziləri “Diffamasiya haqqında” qanun deyəndə cəzasızlıq kimi başa düşür. Söhbət ondan gedir ki, insan yazdığı şər və böhtana görə həbs cəzası deyil, maliyyə sanksiyasına məruz qalacaq. Məncə, bu qanunun qəbuluna qarşı çıxanlar bu qanun layihəsinin mahiyyətini dərindən bilmirlər”.
Deputat Elmira Axundova vurğulayıb ki, söhbət kiminsə haqqını məhdudlaşdırmaqdan getmir: “Dünyada informasiya ombudsmanı müstəqil qurumdur. Biz isə vaxtilə həmin səlahiyyətləri ümumi ombudsmana verdik. Maliyyə çətinlikləri ucbatından ombudsmanın böyük fəaliyyəti görünmür. İnformasiya ombudsmanı məsələsinə yenidən qayıtmağı təklif edirəm”.
O, milli-mənəvi dəyərlərə zidd, insanların şərəf və ləyaqətini təhqir edən media orqanının müvəqqəti “blok” olunmasını təklif edib: “İnsanlarn etirazına səbəb olan hansısa verilişlərlə bağlı televiziya rəhbərliyinə irad və ya xəbərdarlıq ediləndə həmin verilişin yayımı dayandırılır. Mətbuat Şurasına da belə səlahiyyət verilə bilər ki, saytlara xəbərdarlıq olunsun, heç bir xeyri olmazsa, 1-2 aylıq “blok” qoyulsun. Məhkəmə prosesi illərlə uzanır, ancaq cərimə və müvəqqəti “blok” daha effektiv vasitədir”.
Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev qeyd edib ki, 25 ildir Azərbaycanda söz azadlığı mövduddur: “Biz sovet dövründə senzuraya qarşı çıxırdıq, kitablarımızı senzura çapa buraxmırdı. İndi heç kəs demir ki, ölkədə söz azadlığı olmasın. Bəziləri düşünür ki, internetdə istədiyimi yaza bilərəm, çünki heç kəs soruşmur ki, nə ixtiyarla kimisə təhqir edirsən? Hər məsələyə görə jurnalisti zindana salmaq, məhkəməyə vermək də olmaz. Kiminsə ləyaqətinə toxunan sayt cərimə ödəməlidir. O zaman sayt rəhbəri daha məsuliyyətli olacaq, təhqiramiz ifadələrin yayımlanmamasına diqqət edəcək. Avropadan söz azadlığı ilə bağlı bəzən tənqidlər eşidirik. Biz çalışırıq ki, Avropanın bir hissəsi olaq, demokratik ölkə qururuq, inkişaf etmək istəyirik”.
Dünya ölkələrinin “Pen-klub” rəhbərlərinin davamlı müzakirələr apardığını xatırladan Ç.Abdullayev deyib ki, Fransanın “Charle Hebdo” nəşri Məhəmməd peyğəmbərlə bağlı təhqiramiz karikaturasını dərc edəndə etirazını bildirib: “Çünki peyğəmbəri təhqir etməklə əslində milyonlarla adamı təhqir etmişdilər. Fransız həmkarlarımız bunun söz azadlığı olduğunu bildirdilər. Mən isə bildirdim ki, əgər söz azadlığı hər şeydən üstündürsə, niyə qondarma soyqırımı qəbul etməyəni nəinki cərimə edirsiniz, hətta cinayət məsuliyyətinə cəlb edirsiniz?”
Ç.Abdullayev əlavə edib ki, mətbuatda xalqın dəyərli şəxsləri, ziyalılarla bağlı təhqiramiz ifadələrə yer verilir: “Yazırlar ki, Üzeyir Hacıbəyli musiqimizi pozub, Səməd Vurğun haqda təhqiramiz ifadələr səsləndirirlər. Siz insanlarda inamsızlıq yaradırsınız, gələcəyimizi sındırırsınız. Sizləri oxuyanlar gənclərdir, onlar da fikirləşəcək ki, niyə gedib Qarabağda vuruşmalıyam? Fikirləşəcək ki, bu ölkənin nə musiqisi, nə tarixi var, vətən nədir ki, gedim uğrunda vuruşum? Qonşularımızın yaratdığı saytlara baxın, müharibə aparan dövlətdə mənəvi dəyərlər sındırılarsa, bu dövlətimizin, xalqımızın gələcəyinə pis təsir edər. Heç kəs demir ki, jurnalistləri cinayət məsuliyyətinə cəlb edək, onları tutduraq. Biz onları məsuliyyətli olmağa çağırırıq. Söz azadlığı var, öz məsuliyyətinizi dərk edin”.
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz hesab edir ki, saytlara “blok” qoyulması məhkəmənin qərarı ilə tənzimlənməlidir: "Azərbaycan interneti KİV-ə bərabərdir, məhkəmələrdə bununla bağlı təcrübələr var".
Tədbir digər iştirakçıların çıxışları ilə davam etdirilib.

Tags:  Deputat Şərəf ləyaqəti təhqir edən media orqanı müvəqqəti bloklanmalıdır


RƏYLƏR


Top news