Ramzan Kadırovun oğlanları yumruqlaşdı: qalmaqal BÖYÜYÜR - VİDEO - FOTO

Ramzan Kadırovun oğlanları yumruqlaşdı: qalmaqal BÖYÜYÜR - VİDEO - FOTO
15:37 6 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Çeçenistan prezidenti Ramzan Kadırovun dünən 40 yaşı tamam olub. Bu münasibətlə Qroznı şəhərində qarışıq döyüş növləri üzrə "Grand Prix Akhmat 2016" turniri keçirilib.

Milli.Az bildirir ki, turnirdə R.Kadırovun üç oğlu - 10 yaşlı Ahmat, 9 yaşlı Zelimxan və 8 yaşlı Adam da çıxış ediblər.

Ahmat rəqibinə nokautla, Adam və Zelimxan isə xal hesabı ilə qalib gəliblər.

Uşaqların rinqə çıxmasını, yaşıdlarını yumruqlamasını "MMA Russia"nın prezidenti, dünyaca məşhur idmançı Fyodr Yemelyanenko sərt tənqid edib.

"Həmin turnirdə döyüşlər yaşlı peşəkar idmançılar üçün nəzərdə tutulmuş qaydalar əsasında keçirilib. Bu qaydalar uşaqlar üçün deyil. Bundan başqa, 12 yaşa çatmamış uşaqlara, ümumiyyətlə, "MMA Russia" çərçivəsindəki turnirlərdə çıxış etmək yasaqdır. Qroznıda baş verənlər yolverilməzdir və heç nə ilə izah etmək olmaz", - F.Yemelyanenko deyib.

Çeçenistandakı "Axmat" Döyüş Klubunun prezidenti və Ramzan Kadırovun mühafizə xidmətinin rəhbəri Əbuzayd Vismuradovun deyilənlərə reaksiyası çox sərt olub: "Qroznıdakı turnirdə uşaqlar arasında döyüşlər nümayiş xarakterli idi və MMA-nı respublikada populyarlaşdırmaq məqsədi güdürdü. Uşaqlar arasındakı sparrinqlər çox müsbət qiymətləndirildi. Amma F.Yemelyanenko nədənsə bəyənməyib. Soruşuram: Yemelyanenko kimdir ki, turnirimizə, döyüşlərə qiymət versin?! Bəlkə o, çoxlarının "Grand-Prix Akhmat 2016 Final"ı Rusiya MMA-sı tarixində ən yaxşı turnir saymasına paxıllıq edir və ya bu turnirə dəvət almamasından inciyib?! Bəlkə ədalət carçısıdır?! Onda bütün dünyanın gözü qarşısında döyüldüyü və biabırcasına uduzduğu son döyüşünü Yemelyanenkoya xatırladım. Yemelyanenko uduzsa da, onun başçılıq etdiyi qurum qələbəni Fabio Maldonadoya vermədi. Qanun çərçivəsində hərəkət edirik. Kimsəyə nə edəcəyimizlə bağlı göstəriş verməyə imkan yaratmayacağıq".

Rusiyanın İdman Nazirliyi Qroznıdakı turnirdə uşaqlar arasındakı döyüşlərlə bağlı araşdırma aparacağını bəyan edib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə bu gün deyib: "Əgər o turnir televiziya ilə göstərilibsə şübhəsiz ki, uşağın nokauta salınmasının efirdə göstərilməsi müvafiq dövlət qurumlarının bu hadisəni araşdırmaları üçün əsasdır".

Milli.Az





Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/476752.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR