YAP-çı komitə sədri etiraz etdi: “Müstəqillik tarixini bölmək doğru deyil”

YAP-çı komitə sədri etiraz etdi: “Müstəqillik tarixini bölmək doğru deyil”
15:53 6 Oktyabr 2016
44 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli Məclisin Regional Məsələlər Komitəsinin sədri, Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının və İdarə Heyətinin üzvü Arif Rəhimzadə millət vəkili Fazil Mustafanın Azərbaycanın Müstəqillik Günü tarixinin 1991-ci il dekabrın 29-dan hesablanması ilə bağlı təklifə etiraz edib.

Komitə sədri A.Rəhimzadə Publika.az-a açıqlamasında deyib ki, Azərbaycanın müstəqillik tarixini bölmək doğru deyil:

“Mən tarixin təftiş olunmasına və ya dəyişdirilməsinə tərəfdar deyiləm. Tarix elə tarix olaraq qalmalıdır. Azərbaycanın dövlət müstəqilliyinin müəyyən mərhələləri var. Bütün bu mərhələlər isə Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılması ilə nəticələnib. Ona görə də Azərbaycanın müstəqillik tarixini bölmək və bunu 1991-ci ilin 28 dekabrında keçirilən referendumdan başlamaq qətiyyən doğru deyil. Bu təkliflə razı deyiləm”.

A.Rəhimzadə bu ay Azərbaycan dövlət müstəqilliyinin 25 ilinin tamam olması ilə bağlı da fikirlərini bölüşüb:

“Azərbaycan ötən 25 il ərzində böyük inkişaf yolu keçib. Təsəvvür edin ki, bələkdə olan bir uşaq 25 il ərzində böyüyüb və öz kamillik dövrünə gəlib çatıb. Azərbaycan iqtisadiyyat, mədəniyyət, humanitar və digər bütün sahələrdə böyük nailiyyətlər qazanıb. Ötən 25 ildə Azərbaycan beynəlxalq sahədə böyük nüfuz sahibi olan ölkəyə çevrilib”.

YAP-çı deputat qeyd edib ki, SSRİ dağılanda Azərbaycan xalqı özünü tam müstəqil dövlətin sakini olaraq hiss edə bilməyib:

“O zaman Azərbaycan sanki püskürəcək vulkanın üzərində dayanmışdı. Bilmirdik ki, sabahımız necə olacaq. Azərbaycanın müstəqil ölkə kimi qalıb-qalmayacağı sual doğururdu. Bütün bunların hamısı ötən əsrin 90-cı illərinin gerçəkliyi olub. Ancaq indi Azərbaycan beynəlxalq aləmdə və regionda öz layiqli yerini tutub.

Təbii ki, Azərbaycanın 25 il əvvəlki ilə indi vaxtını müqayisə etmək mümkün deyil. Bu gün Azərbaycan böyük inkişaf yolu keçib.

Şübhəsiz ki, bütün bu nailiyyətləri biz ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışına görə nail olduq. Mən 100 faiz əminəm ki, əgər o zaman ulu öndər Heydər Əliyev hakimiyyətə gəlməsəydi, o zaman Azərbaycanın müstəqil dövlət kimi qalıb-qalmaması sual doğururdu. Ulu öndər müstəqil Azərbaycanın mövcudluğunu qoruyub saxladı. Atəşkəsə nail olunması, Milli Ordunun yaradılması, beynəlxalq neft müqaviləsinin bağlanılması və digər bu kimi addımları ilə ulu öndər Heydər Əliyev bu gün inkişaf edən Azərbaycan dövlətinin uğurlu gələcəyini müəyyən etdi. Ulu öndər həmin dövrdə Azərbaycanın gələcəyini müəyyənləşdirən beynəlxalq layihələrin bünövrəsini qoyub. Bunun nəticəsidir ki, bu gün Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir”.

Fazil Mustafadan TƏKLİF: “Müstəqillik Gününün tarixi dəyişdirilsin”

“Azərbaycanın Müstəqillik Günü tarixi 1991-ci il dekabrın 29-dan hesablanmalıdır”.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida/171199.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR