İslam ölkələrinin gəncləri birgə fəaliyyət göstərəcəklər - FOTO

İslam ölkələrinin gəncləri birgə fəaliyyət göstərəcəklər - FOTO
15:57 6 Oktyabr 2016
24 Dünya
Ölkə mətbuatı
A- A+

İslam Əməkdaşlıq Təşkilatı Avrasiya Regional Mərkəzindən Milli.Az-a bildiriblər ki, İstanbulda İslam ölkələri Gənclər və İdman Nazirlərinin 3-cü beynəlxalq toplantısı öz işinə başlayıb.

Bu gün İƏT-ə üzv ölkələrin Gənclər və İdman nazirləri 3-cü Sessiyasının rəsmi açılış mərasimi olub. Mərasimində İƏT rəhbərliyi, İƏT-ə üzv 40-a yaxın ölkənin gənclər və idman nazirliklərinin və ya müvafiq dövlət qurumunun rəhbərləri, 10-dan çox beynəlxalq təşkilatın başçısı, Türkiyənin yüksək dövlət məmurları, İƏT-ə üzv ölkələrin gənclər hərəkatları nümayəndələri, rəsmi qonaqlar iştirak edib.

Tədbirin açılış mərasimində  "İƏT Gənclər Paytaxtı" və "Bakı - İslam Həmrəylik Oyunları 2017" video-təqdimat çarxları, İslam Konfransı Gənclər Forumunun İƏT arealındakı fəaliyyəti haqqındakı film nümayiş etdirilib, tədbirin təşkilatçıları - İƏT GİN Sessiyasına ev sahibliyi edən Türkiyə Gənclər və İdman naziri Akif Cığatay, İƏT Baş Katibinin müavini Muhəmməd Naem Xan, İƏT Gənclər Forumunun sədri Elşad İskəndərov, İslam Həmrəylik Oyunları  Federasiyasının (İHOF) prezidenti, şahzadə Feysəl əl-Nasir çıxış ediblər.

İƏT Gənclər Forumunun sədri Elşad İskəndərov İƏT Gənclər və İdman Nazirlərinin sessiyasında qəbul edilməsi nəzərdə tutulan ən mühüm sənədlərdən biri, İƏT ölkələri gənclər siyasətini qurmağı hədəfləyən İƏT ölkələri Gənclər Strategiyasını təqdim edib. O, qeyd edib ki, Gənclər Strategiyasının əsas hədəfləri İslam ölkələri gənclərinin təhsil, elm, ictimai aktivlik sahəsində səviyyələrinin yüksəldilməsi və imkanlarının genişləndirilməsi, işsizlik və savadsızlığın azaldılması, təkfirçilik və dini ektremizmə qarşı profilaktik tədbirlərin, məzhəblərarası yaxınlaşma işinin güncləndirilməsi, İƏT Gənclər Mərkəzlərinin yaradılmasıdır.

E.İskəndərov son 10 ildə İƏT gənclər siyasətinin inkişafını xüsusi qeyd edib. O, bu inkişafa göstərdiyi əvəzsiz köməyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Türkiyə Prezidenti Rəcəb Təyyib Ərdoğana İƏT Gənclər Forumu adından təşəkkürünü bildirib. Forumun sədri İslam ölkələrinin problemlərinin beynəlxalq arenada işıqlandırılması və tanıdılması baxımından müsəlman ölkələri gənclər hərəkatlarının əməkdaşlığının xüsusi rolu olduğunu deyərək, bu sahədə ən bariz nümunənin "Xocalıya Ədalət" kampaniyasının beynəlxalq tanıtımı zamanı İslam ölkələri gənclərinin həmrəyliyi olduğunu bildirib.

Səudiyyə Ərəbistanı şahzadəsi, İHOF prezidenti Feysəl əl-Nasir isə İslam ölkələrində idmanın inkişafını nəzərdə tutan və hazırki konfransın yekun sənədlərinə daxil ediləcəyi gözlənilən İƏT İdman Strategiyasını təqdim edib.

İƏT GİN nazirlərinin 3-cü Sessiyasında daha bir neçə mühüm qərarın reallaşması, o cümlədən İƏT ölkələri GİN-lərin Birgə Fəaliyyət Planının qəbul edilməsi, bu planı həyata keçirmək üçün İƏT GİN Nazirlər Şurasının və İƏT GİN toplantılarının Daimi Katibliyinin də yaradılması nəzərdə tutulur. Bu qərarlar İƏT çərçivəsində gənclik sahəsində fəaliyyətlərin daimi əsasda davam etməsi baxımından mühüm hesab edilir.

Bugünkü tədbirdə Malayziyanın Putrajaya, İranın Şiraz və Mərakeşin Fəs şəhərlərinin İslam ölkələri 2017-ci il Gənclər Paytaxtlarının elan edilməsi, bununla bağlı həmin ölkələrin Gənclər və İdman Nazirlikləri ilə İƏT Gənclər Forumu arasında protokolların imzalanması gözlənilir.

İki gün ərzində davam edəcək İƏT Gənclər və İdman nazirləri Sessiyasının yekun qərarlarının sabah qəbul edilməsi gözlənilir.

Milli.Az





Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/476739.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR