Rusiya XİN-dən Kerrinin Qarabağ bəyanatına münasibət

Rusiya XİN-dən Kerrinin Qarabağ bəyanatına münasibət
16:19 6 Oktyabr 2016
40 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova ABŞ dövlət katibi Con Kerrinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı son bəyanatına münasibət bildirib.

 
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu gün keçirdiyi brifinqdə Rusiya XİN sözçüsü ABŞ dövlət katibinin "Dağlıq Qarabağ münaqişəsinin nizamlanması hazırda mümkün deyil" bəyanatına belə cavab verib: "Münaqişənin nizamlanması bəyanatlardan deyil, gördüyümüz işlərdən asılıdır".

 

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.

 

1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.

 

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏM (1994-cü ilin dekabrında keçirilmiş Budapeşt sammitindən sonraATƏT) Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.

 

1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.

 

Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/255782

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR