“Made in Azerbaijan” Azərbaycanı nə ilə dünyaya çıxaracaq?

“Made in Azerbaijan” Azərbaycanı nə ilə dünyaya çıxaracaq?
17:43 6 Oktyabr 2016
72 Ölkə
Ölkə mətbuatı
A- A+

Türkün fındığı, gürcünün “Barjomi”si, braziliyalının futbolu var, azərbaycanlının nefti...

Yox, bu ardıcıllıqda uyğunsuzluq var. Axı neft iylənən, alovlanan mənasını verir. Üstəlik, tükənəndir və tükənəcək. Hətta bununla bağlı proqnozlar da var. Sona çatacağı proqnozlaşdırılan məhsulu necə brendləşdirək?

Bəs nəyimiz var?

Əslində çox şey. Hələ sovet dövründə Bakı kondinsionerləri zavodu, Ağdam çaxırı, Bakının qərənfilləri və İstisu, Turşsu kimi müalicəvi məkanlarımız var idi.

Xüsusən də, “Ağdam” çaxırı şirin çaxır həvəskarlarının ən sevimli içkisi idi. Çünki bu çaxır həm ucuz idi, həm də şirinliyi baxımdan çox fərqlənirdi. Amma bu gün sadaladığımız məhsullar demək olar ki, ancaq Sovet dövründə yaşayanların yaddaşında xatirə kimi qalıb. Heç birinin brendləşdirə, “Made in Azerbaijan” adı altında dünyaya çatdıra bilmədik. Ona görə də ölkəyə turist cəlb etmək, ölkəmizin dünyada tanıtmaq baxımından çox geridəyik. Hətta bizimlə oxşar taleyi yaşayan ölkələrdən də...

Geridə qalmağımızdan istifadə edənlər də var. İki il əvvəl Litvada Azərbaycanın məşhur şərab brendərindən olan “AĞDAM” brendi altında qeyri-qanuni olaraq şərab istehsal olunması barədə qalmaqal yadınızdadır.

Baxmayaraq ki, kənd təsərrüfatından tutmuş bir çox sahələrdə yetərincə potensialımız var. Məsələn, dənizin bəxş etdiyi kürü, torpaqdan çıxan təbii, mineral sular, Lənkəranın, Bakının zəfəranı, Göyçayın narı, Qubanın alması siyahını uzatmaq olar. Bəs necə təqdim edək?

Qeyd edək ki, ötən gün Prezident İlham Əliyev “Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patentlər almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası”nın təsdiq edilməsi haqqında fərman imzalayıb.

Bu fərmanla “Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı görülmüş işlər barədə hesabat”ın forması da təsdiq edilib. Bu qaydada nəzərdə tutulmuş dəstək tədbirlərinin maliyyələşdirilməsi üçün 2016-cı ilin dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan İqtisadiyyat Nazirliyinə 3 milyon manat ayrılıb.

Marketinq üzrə mütəxəssis Ramil Cabbarov Publika.az-a Azərbaycanın dünya bazarına hansı məhsullar çıxara biləcəyindən danışıb. Ekspert bildirib ki, “Made in Azerbaijan” markasının dünya bazarında tanınma dərəcəsi var: “Məsələn, “Made in USA”, “Made in Germany” markalar artıq ölkənin adı ilə bağlıdır. Dünya bazarında “Made in Japan” adı ilə keyfiyyətsiz məhsul çıxsa belə bu, ad həmin məhsulu etibarı altına alır.

“Made in Azerbaijan” adı altında istehsal məhsullarını brendləşdirə bilərik. Hazırda xidmət sahəsində markalaşma özünü doğrultmur. Əvvəlcə Azərbaycanın dünya bazarına hansı məhsullar çıxara biləcəyini düşünməliyik. Bu zaman rəqabət amili də nəzərə alınmalıdır. Bu gün oturuşmuş məhsullar var ki, həmin bazara daxil olmaq bir qədər çətindir. Dünyada nar şirəsi ən bahalı şirə hesab edilir. Bizim bu sahədə potensialımız var. Dünya bazarında nar şirəsi, qara kürü ilə markalaşa bilərik. Sovet dövründə tanınmış Azərbaycan şərab məhsulları bu gün dünya bazarında təqdim edilə bilər. Ölkənin turizm bölgələrini də brendləşdirə bilərdik. Amma hazırda bu özünü doğrultmaya bilər. Çünki dünyada bu sahədə çox ciddi rəqiblər var. Bundan başqa, tərəvəz məhsullarımız Rusiya bazarında markalaşsa da, dünya bazarına çıxara bilərik. Lakin bunu bütün məhsulları aid etmək doğru olmaz. Çay artıq dünya bazarında markalaşıb, amma zəfərandan yararlana bilərik. Düzdür, Hindistan və İran güclü rəqiblər ola bilər. Lakin Azərbaycan zəfəranının keyfiyyətinin digərlərindən çox üstün olduğunu da unutmamalıyıq”.

Onun sözlərinə görə, Azərbaycanda dünya bazarına təhsil xidməti sata biləcək təhsil müəssisələri yarada bilərik: “Lakin hələ də geri qalmışıq. Universitetlərimiz yeni-yeni markalaşmağa başlayıb. Zəfəranla bağlı xeyli gecikmişik. Baxmayaraq ki, Azərbaycan zəfəranını dadanlar, artıq İran zəfəranını istəmir. Bundan başqa, meyvə-tərəvəzlər yalnız Rusiya bazarına təqdim edilir. Lakin illər ərzində bu bazarı genişləndirmək olar. Ən azından Asiya ölkələrində bu istiqamətli ixrac təşkil edilə bilərdi”.

R.Cabbarov hesab edir ki, təqdim olunan məhsulun brendləşməsi üçün əvvəlcə regiondan başlamalı, sonra sahəni genişləndirməliyik: “Bunun üçün də hansı ölkələrdə markalaşacağımıza da diqqət etməliyik. Birdən-birə dünya bazarında bu adı tanıtmaqda çətinliklər yaşaya bilərik. Ona görə də, dünya bazarına çıxmazdan əvvəl, Qafqaz regionunda, daha sonra Cənubi Avropa və Şərq ölkələrindən başlamaq daha effektli olar. Bu prosesdə digər ölkələrin hansı addımlar atacağı da maraqlıdır. Silsiləli və dayanmadan işləsək, “Made in Azerbaijan” markasını daha yaxşı təqdim edə bilərik. Müxtəlif yarışlar, olimpiya oyunlar, qlobal tədbirlər ölkəni tanıdır. Yəni dünya ölkəni tanıyandan sonra, onun məhsullarını da qəbul edir. Həmin ölkələrdə müştərilərin bizim məhsula nə qədər önəm verdiklərinin təhlilini aparmalıyıq. Məsələn, zəfəranın bu məhsulun yeməklərdə istifadə edilmədiyi ölkəyə idxalının əhəmiyyəti olmaz. Bu iş plan əsasında qurulmalıdır. Əvvəlcə ixrac ediləcək ölkənin məhsulu qəbul etməsinə, daha sonra “Made in Azerbaijan” adı altında sata biləcəyimizə diqqət etməliyik. Əlbəttə, görüləcək işlərin qısa zamanda effekt verəcəyini gözləmək doğru olmazdı”.

Ekspert Sovet dövründə tanınan məhsullarımızın müstəqillikdən sonra brendləşməməsinin ölkə daxilindən daha çox qlobal bazarda böyük rəqiblərin yaranması ilə əlaqədar olduğunu düşünür: “Həmin vaxt dünya kondisioner bazarına “Mitsubishi”, “Samsung” markaları daxil oldu. MDB məkanında bu məhsullar üzərində güclü marketinq strategiyası quruldu. İnsanlar daxili bazar deyil, kənardan gələn və dünya səviyyəsində keyfiyyətini təsdiq etmiş markalara yönəlməyə başladılar. Nəticədə yerli məhsula tələb və təklif balansı pozuldu. Ola bilər ki, “Samsung” və “Bakı Kondinsioner” zavodunda istehsal edilən məhsul keyfiyyət eyni olsun. Sadəcə “Samsung”un marketinq istiqaməti o qədər güclü quruldu ki, insanların seçimlərin təsir etməyə başladı. Müştəri tələbi olmadığına görə, bizim istehsalımız dayandı”.

Gülxar


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/171220.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR