Uorlik əsgər ölümü ilə bağlı başsağlığı verdi

Uorlik əsgər ölümü ilə bağlı başsağlığı verdi
18:29 6 Oktyabr 2016
50 Digər
Ölkə mətbuatı
A- A+

"Biz Dağlıq Qarabağ münaqişəsi ilə bağlı istənilən insan itkisinə görə təəssüflənirik və başsağlığı diləyirik".

 

Bu sözləri APA-ya açıqlamasında ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Ermənistan silahlı qüvvələrinin cəbhədə atəşkəsi pozması nəticəsində Azərbaycan əsgərinin həlak olmasına münasibət bildirərkən deyib.

 

“Biz tərəfləri atəşkəsə hörmət etməyə, təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində gərginliyi azaltmaq üçün addımlar atmağa çağırırıq. Bu kimi addımlar həllə apara biləcək danışıqlar üçün şərait yaratmaq baxımından çox vacibdir”, - deyə diplomat bildirib.

 

Oktyabrın 5-də axşam saatlarında qoşunların qarşıdurma xəttində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən mövqelərimizin atəşə tutulması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu əsgər Məmmədov Sahil Sabir oğlu şəhid olub.

 

Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.

 

1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.

 

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏM (1994-cü ilin dekabrında keçirilmiş Budapeşt sammitindən sonra ATƏT) Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.

 

1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.

 

Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/255798

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR