Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

ABŞ və Rusiyanın "peşkaları": Nizamnaməsiz işləyən baş katiblər

ABŞ və Rusiyanın "peşkaları": Nizamnaməsiz işləyən baş katiblər

Date: 6 October 2016 18:48

Bu gün dünyanın ən ali beynəlxalq qurumuna – Birləşmiş Millətlər Təşkilatına (BMT) ən azından beş il rəhbərlik edəcək şəxsin adı rəsmiləşəcək. Amma demək olar ki, bu şəxsin adı məlumdur.

BMT Təhlükəsizlik Şurasının üzvləri Portuqaliyanın keçmiş baş naziri Antoniu Quttereşin namizədliyinin dəstəklənməsi məsələsində razılığa gəliblər. Beləliklə, oktyabrın 6-da baş tutacaq seçkidə Antoniu Quttereş BMT baş katibi postuna əsas namizəddir.

BMT-nin baş katib vəzifəsi üçün 10 nəfər mübarizə aparırdı. Onlardan beşi qadın idi. Namizədlərdən yeddisi Şərqi Avropanı təmsil edirdi: Srcan Kərim (Makedoniya), Danilo Türk (Sloveniya), İrina Bokova və Kristalina Georqiyeva (Bolqarıstan), Natalya German (Moldova), Vuk Yeremiç (Serbiya) və Miroslav Layçak (Slovakiya).

Helen Klark Yeni Zellandiya, Susana Malkorra isə Argentinanı təmsil edirdi. BMT-nin yeni baş katibi işinə 2017-ci il yanvarın 1-də başlayacaq.

Antoniu Quttereş kimdir?

Antoniu Quterreş Portuqaliyanın keçmiş baş naziri və BMT-nin Qaçqınlar İşi üzrə Ali Komissardır.

Antoniu Quterreşin iş üslubu ilə yaxşı tanış olanların sözlərinə görə, o, BMT-yə yeni nəfəs gətirə bilər. Hansı ki, təşkilat buna kəskin ehtiyac duyur. Geniş tamaşaçı isə onun haqqında daha az məlumatlıdır. Antoniu Manuel de Oliveyra Quterreş 1949-cu ildə Lissabonda doğulub. O, Ali Texniki İnstitutda mühəndislik və fizika üzrə təhsil alıb. 1971-ci ildə ali məktəbi bitirib və böyük müəllim vəzifəsində akademik karyeraya başlayıb.

1974-cü ildə katolik şövqlü Quterreş Sosializm Partiyasına daxil olur və tezliklə özünü tamamilə siyasətə həsr etməyə qərar verir. 1995-ci ildə - sosialistlərin birinci katibi postuna seçilməsin 3 il sonra Portuqaliyanın baş naziri olur və 2002-ci ilə qədər bu vəzifədə qalır.

2005-2015-ci illərdə isə BMT-nin Qaçqınlar üzrə Ali komissarı olub. Doğma portuqal dilindən başqa ispan, fransız və ingilis dillərini bilir.

Onun rəhbərliyi illərində BMT-nin Qaçqınlar İşi üzrə Ali Komissarlığının Cenevrədəki qərargahda məmurların sayı azalıb. Ekspertlər qeyd edir ki, komissarlıq “qaynar nöqtələr”ə öz əməkdaşlarını göndərərək beynəlxalq böhranlar reaksiya vermə qabiliyyətini yaxşılaşdırıb. O, baş komissar olaraq yorulmadan dünyanın ən inkişaf etmiş və zəngin ölkələrinin hökumətlərini resurslarını münaqişələrdə və təbii fəlakətlərdə zərər çəkən insanlara yardıma ayırmağa inandırırdı.

Antoniu Quterrreşin 1998-ci ildə xərçəng xəstəliyindən həyatını itirən birinci arvadından iki uşağı var. O, 2001-ci ildə yenidən evlənib və ikinci nikahdan bir oğlu var.

Putinin “kommunist müttəfiqi” necə sıradan çıxarıldı?

BMT-nin yeni birinci katibi vəzifəsinə çoxları ilk dəfə bir qadının seçiləcəyini gözləyirdilər. Bundan başqa, BMT-nin səkkiz birinci katibindən indiyə qədər heç biri Şərqi Avropa dövlətlərini təmsil etməyib. Rusiya da yeni baş katibin Şərqi Avropa regionundan seçilməsini istəyirdi. Rusiyanın xarici işlər naziri Sergey Lavrov da namizədlərin müəyyən olunmasına başlananda, sözügedən təkliflə çıxış etmişdi.

YUNESKO-nun baş direktoru İrina Bokova bu baxımdan Moskva üçün ən ideal namizəd hesab olunurdu. Rusiya prezidenti Vladimir Putinin “müttəfiqi” sayılan, keçmiş kommunist İrina Bokova BMT-nin baş katibi vəzifəsinə namizədlər arasında da favorit hesab olunurdu. Bokova SSRİ dövründə “Dövlət Təhlükəsizlik Komitəsinin toplama meydançası” adlandırılan Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ) təhsil alıb.

Bu ilin aprelində “Daily Mail” nəşrinin əlinə məxfi sənədlər düşür. Sənədlərdə göstərilir ki, Bokova öz yaxın ətrafındakı şəxsi müavini təyin etməyə çalışırdı. Britaniya diplomatları YUNESKO-nun 63 yaşlı başçısı barəsində araşdırmalara başlamağı tələb etmişdilər.

Daha əvvəl isə YUNESKO-nun baş katibinin Nyu-Yorkun bahalı Menhetten hissəsində iki mənzil alması xəbəri onun gəlirlərilə bağlı araşdırmaya rəvac verib. Araşdırmalar göstərib ki, onun və ailə üzvlərinin birlikdə gəliri yemədən, içmədən bu mənzillərdən yalnız birinin alınmasına güclə imkan verərdi. Bütün bunlar isə Putinin “müttəfiqi”nin şanslarını sıfıra endirdi.

BMT-nin indiki rəhbəri Pan Gi Mun da özündən sonra təşkilatın başında qadın görmək arzusunda olduğunu bildirmişdi.

Tarixə nəzər: kimlər BMT-nin baş katibi olub?

Картинки по запросу BMT-nin baş qərargahı

İndiyədək BMT-nin 8 baş katibi olub. Onlar aşağıdakılardır:

1. Trüqve Halvdan Li (Norveç – Qərbi Avropa regionu): 2 fevral 1946 - 10 noyabr 1952

2. Daq Hammarseld (İsveş – Qərbi Avropa regionu): 10 aprel 1953 – 18 sentyabr 1961

3. U Tan (Birma – Asiya regionun): 30 noyabr 1961 – 1 yanvar 1972

4. Kurd Valdhaym (Avstriya – Qərbi Avropa regionu): 1 yanvar 1972 – 1 yanvar 1982

5. Havyer Peres de Kuelyar (Peru – Cənubi Amerika regionu): 1 yanvar 1982 – 1 yanvar 1992

6. Butros Butros Qali (Misir – Afrika regionu): 1 yanvar 1992 – 1 yanvar 1997

7. Kofi Annan (Qana – Afrika regionu): 1 yanvar 1997 – 1 yanvar 2007

8. Pan Gi Mun (Koreya Respublikası – Asiya regionu): 1 yanvar 2007 – hazırda vəzifədədir və səlahiyyət müddəti 2017-ci il 1 yanvar tarixində başa çatır.

BMT baş katibinin səlahiyyət müddəti 5 ildir və bir şəxs iki dəfədən artıq bu vəzifəyə seçilə bilməz. Siyahıdan göründüyü kimi, birinci, ikinci və altıncı baş katibdən başda, digərləri bu vəzifədə 5 il qala biliblər.

BMT baş katibləri nizamnamədə və vəzifə başında

Birinci katib BMT-nin ideallarının simvoludur və dünya xalqlarının, xüsusilə əhalinin zəif və kasıb təbəqələrinin hüquqlarını müdafiə etməlidir. Nizamnaməyə əsasən, baş katib BMT-nin əsas orqanları olan Baş Assambleya, Təhlükəsizlik Şurası, İqtisadi və İctimai Şura, Qəyyumluq Şurası, Beynəlxalq Məhkəmə və Katiblik tərəfindən müəyyənləşdirilən funksiyalar üzrə hərəkət edir. Nizamnamə baş katibə beynəlxalq sülh və təhlükəsizliyin təmin olunması üzrə istənilən məsələlərlə bağlı Təhlükəsizlik Şurasına müraciət etməyə səlahiyyət verir. O, nizamnaməyə görə, təşkilatın “birinci inzibati şəxsi” olduğundan dünyada təhlükəsizliyin təmin olunmasında cavabdeh şəxslərdən biridir.

Lakin BMT baş katiblərinin əksəriyyəti super dövlətlərin – “soyuq müharibə” dövründə ABŞ və Rusiyanın, daha sonra isə ABŞ və Rusiyanın maraqları üzündən dünyada təhlükəsizliyin təmin olunması məsələsində üzərinə düşən öhdəlikləri yerinə yetirə bilməyib.

Trüqve Halvdan Li Koreya müharibəsini dayandırmağa, Qərbi Berlinin mühasirəsi, Kəşmir böhranı və İsrail-Fələstin münaqişələrini həll etməyə çalışırdı. Lakin ABŞ və SSR-nin təzyiqi altında 1952-ci ilin noyabrında istefa verib.

Daq Hammarseldin baş katibliyini də dünyada təhlükəsizliyin təminatı üçün qismən müsbət hesab etmək olar. BMT 1956-cı ildə ərəb-İsrail müharibəsinin qarşısını ala bilməsə də, sonradan sülhə nail olur və özünün fövqəladə qüvvələrini Misir-İsrail sərhədlərində yerləşdirir. Bu əməliyyat BMT-nin ilk sülh əməliyyatı oldu və gələcək çoxsaylı sülh əməliyyatları üçün model oldu. Baş katib 1959-1960-cı illərdə Afrikanın problemləri ilə məşğul oldu. Lakin onun fəaliyyəti də həm ABŞ-ı, həm də SSRİ-ni qane etmirdi. Hətta SSR-nin rəhbəri Nikita Xruşşov qərb dövlətləri, sosializm düşərgəsi və “üçüncü dünya” ölkələrinin hərəsindən bir nəfər olmaqla BMT-yə üç nəfərin rəhbərlik etməsini təklif etdi. Lakin bu təklif rədd edildi. Xruşşov yenidən BMT-nin baş katibinə hücumlarla çıxış etdi və bildirdi ki, istefa vermək üçün onun cəsarəti çatmır.

U Tan 1962-ci ildə Karib böhranının həllində və Konqoda vətəndaş müharibəsinin başa çatdırılmasında önəmli rol oynadı. Tan Cənubi Afrikada ayrı-seçkiliyin qızğın tənqidçisi idi. O, BMT-nin İnkişaf Proqramı daxil olmaqla bir çox proqramların əsasını qoydu.

SSRİ ilə yaxşı münasibətdə olan Kurd Valdhaymın baş katibliyi “soyuq müharibə”nin ən qızğın vaxtları idi. 1973-cü ildə növbəti ərəb-İsrail müharibəsi baş verir. Onun xələfi Havyer Peres de Kuelyar və Butros Butros Qali da beynəlxalq proseslərə təsir baxımından çox zəif idi. Havyer Peres de Kuelyar “Səhrada tufan” əməliyyatının qarşısını ala bilmədi. Xüsusilə, Butros Qalinin vəzifə dövrü SSRİ-nin dağılmasından sonra illərdə təsadüf etdiyindən və prosesin daha qansız keçməsi baxımından onun üzərinə daha çox iş düşürdü. Onu tənqid edirdilər ki, BMT sülhməramlılarının ləng davranması soyqırımın qarşısını almağa imkan vermədi.

Kofi Annan BMT-də islahatlar aparmağa çalışırdı, amma müvəffəqiyyətsizliyə uğradı. O, 2003-cü ildə İraqa ABŞ-ın başçılığı ilə koalisiyanın müdaxiləsinə qarşı çıxırdı. Kofi Annanın Kipr məsələsinin həlli üzrə irəli sürdüyü “Annan Planı”da müvəffəqiyyətsizliyə uğradı. Yunan tərəfi plana qarşı çıxdı.

İndiki baş katib – Pan Gi Mun isə BMT-nin 8 baş katibi arasında ən passivlərindən biri hesab olunur.

Nobel mükafatçıları

BMT-nin baş katibləri arasında iki nəfər Nobel Sülh mükafatına layiq görülüb. Bunlar Daq Hammarseld və Kofi Annandır.

Daq Hammarseld ölümündən sonra Nobel Sülh Mükafatına layiq görülmüş ilk şəxsdir (1961-ci ilin sentyabrında sülh danışıqları üçün Afrikaya yola düşən Hammarşeld ayın 17-dən 18-ə keçən gecə Ndola yaxınlığında, Şimali Rodeziya (indiki Zimbabve) ərazisində təyyarə qəzasına uğrayıb). Kofi Annan isə 2001-ci ildə Nobel Sülh Mükafatına layiq görülüb.

Ömər Dağlı


Tags:  ABŞ Rusiyanın peşkaları Nizamnaməsiz işləyən baş katiblər

RƏYLƏR


Top news