Vergilər Nazirliyi: “Hazırda 51 dövlətlə ikiqat vergitutmanın aradan qaldırılması haqqında saziş imzalanıb”

Vergilər Nazirliyi: “Hazırda 51 dövlətlə ikiqat vergitutmanın aradan qaldırılması haqqında saziş imzalanıb”
20:27 6 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 6 oktyabr. REPORT.AZ/ "Mal və ya xidmət alğı-satqısı ilə bağlı əməliyyatlardan vəsaitlərin offşorlarda və ya offşor olmayan, lakin daha aşağı vergilərin tətbiq edildiyi dövlətlərə köçürülməsi qiymət manipulyasiyaları vasitəsilə də reallaşdırılır. Göstərilənlər nəzərə alınaraq, ölkə başçısının sərəncamı ilə təsdiq edilmiş islahatlar çərçivəsində transfer qiymətlərinin tənzimlənməsi ilə bağlı qanunvericilik bazasının yaradılması nəzərdə tutulur. 
“Report” xəbər verir ki, bu barədə Vergilər Nazirliyinin Beynəlxalq əməkdaşlıq və maliyyə institutlarında vergi monitorinqi Baş İdarəsinin Beynəlxalq əməkdaşlıq idarəsinin rəisi, eyni zamanda BMT-nin Vergi məsələlərində beynəlxalq əməkdaşlıq üzrə Ekspertlər Komitəsinin Azərbaycandan olan üzvü Ülvi Yusifov deyib.
Onun sözlərinə görə, Vergilər Nazirliyi bu sahədə beynəlxalq təcrübəni öyrənir: “Dünyada mövcud olan transfer qiymətəmələgəlməsi sistemlərinin əksəriyyətinin İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının standartları və qaydalarına əsaslanmasına baxmayaraq, bu prinsiplərdən kənarlaşmalar da mövcuddur. Vergilər Nazirliyi tərəfindən müvafiq sahədə beynəlxalq təcrübə mütəmadi olaraq öyrənilir, ən qabaqcıl və məqsədəmüvafiq hesab edilən təcrübələrin ölkəmizdə tətbiqi istiqamətində işlər aparılır və bununla bağlı transfer qiymətəmələgəlməsi üzrə qanunvercilik və inzibatçılıq prosedurlarının yaradılması üçün Avropa İttifaqının «tvinninq» yardım aləti çərçivəsində müvafiq layihənin həyata keçirilməsi barədə razılıq əldə edilib. Ölkə başçısının sərəncamı ilə müəyyənləşdirilmiş islahatların həyata keçirilməsi nəticəsində yaradılması nəzərdə tutulan və offşorlarda təsis edilmiş müəssisələrin iştirakı ilə müxtəlif sxem və strukturlardan istifadə edərək gəlirlərini Azərbaycan Respublikasında vergidən yayındıran şəxslərin müəyyənləşdirilməsinə xidmət edəcək mexanizmlərin, eləcə də transfer qiymətlərinin tətbiqi ilə bağlı qanunvericilik və inzibatçılıq prosedurlarının məqsədi bu cür halların qarşısının alınması və bu yollarla vergidən yayındırılan məbləğlərin qanunvericiliyə müvafiq qaydada vergiyə cəlb edilməsini və bununla da vergi daxilolmalarının artımını təmin etməkdən ibarətdir”.
Nazirlik rəsmisi deyib ki, hazırda dünyanın 111 dövlətinin vergi orqanları ilə vergi məlumatlarının mübadiləsinə imkan verən beynəlxalq müqavilələr imzalanıb: “Hazırda 51 dövlətlə imzalanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında sazişlərin inzibatçılıq qaydalarının təkmilləşdirilməsi ilə bağlı işlər çərçivəsində rezident və qeyri-rezident şəxslərdən daxil olan müraciətlərin elektronlaşdırılması və sadələşdirilməsi, ərizə formalarının və tələb olunan inzibati prosedurların azaldılması nəzərdə tutulur ki, bunun da həm müraciət edən şəxslər tərəfindən müvafiq ərizələrin doldurulmasına sərf olunan vaxtın və inzibati yükün azalmasına və eyni zamanda, vergi orqanları tərəfindən müraciətlərə baxılmasının sürətləndirilməsi və səmərəliliyinin artırılmasına xidmət edəcəyi gözlənilir. Sərəncama uyğun olaraq həyata keçirilməsi nəzərdə tutulan tədbirlər vergi inzibatçılığının beynəlxalq tələblərə tam uyğunlaşdırılmasına və digər ölkələrin qabaqcıl təcrübələrinin Azərbaycanda daha geniş tətbiqinə şərait yaradacaq.”

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/vergiler-nazirliyi-hazirda-51-dovletle-ikiqat-vergitutmanin-aradan-qaldirilmasi-haqqinda-sazis-im

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR