Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Zavallı, bədbəxt insanlar və biz: harada səhv elədik?

Zavallı, bədbəxt insanlar və biz: harada səhv elədik?

Date: 6 October 2016 21:05

Günlərin, ayların yedəyində gətirdiyi yaşımızdan böyük, çəkimizdən qat-qat ağır gələn ağrılara, dərdlərə başımız elə qarışıb ki, macal tapıb özümüzə bu sualı verə bilmirik: Biz nə zaman böyüdük?
Həyat bizə sərt və amansız üzünü nə zaman göstərdi? Və nə zaman uçurumun kənarına qədər bizi gözübağlı gətirib əlini çəkdi əlimizdən?

Özündə qüvvət tapıb bu intəhasız uçurumu fəth edənlər də oldu aramızda, dağlara-daşlara çırpılıb ölənlər də. Bir parası da şikəst oldu...
Zavallı, bədbəxt insanların yanından səssiz-səmirsiz ötüb keçirik. Öz dərdimiz özümüzə bəs etdiyi üçün başqalarının dərdi ilə maraqlanmırıq.

Küçəmizin tinində göyərti, meyvə satan bir qadın var. Zülmlə böyütdüyü iki oğlunun faciəli sonluğundan danışdı bir dəfə. İkisi də narkotika aludəçisiymiş. Biri həbsxanaya, o biri ruhi əsəb dispanserinə düşübmüş. Danışdıqca gözlərinin yaşını saxlaya bilmirdi. Sarı güllü qara yaylığının qulağı ilə gözlərini silib astadan dedi: "Mən harda səhv elədim?" 
Həyatın uçuruma yuvarladığı bu qadının özünə ünvanladığı həmin sualı tez-tez təkrar edəydik kaş. Onda katarsis baş verərdi: səhv etməzdik.

Saman çöpünü sular bizdən əvvəl aparmazdı...

***

Orta məktəbin "Son zəng"ində adətən müəllimlər 11-ci siniflərə həyatın qoynuna atıldıqlarını xatırladır, bu yolda büdrəməmək üçün öz məsləhətlərini verirlər. Məsləhətə qulaq asmadığımız, qulaq asıb əməl eləmədiyimiz zamanlar olur. Bütün hallarda biz bu yolda büdrəmək istəmirik... 
Heminqueyin "Qoca və dəniz"ində qoca istəyir qayığa qonan quşa desin ki, qırğılar uçub sənin dalınca gəlir. Sonra fikirləşir ki, quş, onsuz da, onu başa düşməyəcək. Qırğının nə olduğunu həyat özü ona öyrədəcək...

*** 

Cəmiyyət olaraq düşdüyümüz ağır vəziyyətdən, maddi çətinlikdən xilas olmaq üçün zamanında bu sualı özümüzə verəydik kaş: "Biz harada səhv elədik?" Nə vaxt çoxaldı körpə uşağı ilə dilənən qadınlar, boşanan gənclər? Nədən dağıldı ailələr? Bəs bu qədər qətllər? Qardaş qardaşı torpaq üstdə öldürürsə, müəllim şagirdinə, ata qızına qarşı əxlaqsızlıq edirsə, qadınlar ehtiyacın dəmir qolları arasından qurtulmağın yolunu bədənlərini satmaqda görürsə, həyatı günahlandıra bilmərik.

O insanlar həyatın sınaqlarına tab gətirməyənlərdir.

Xuraman Hüseynzadə
Milli.Az


Tags:  Zavallı bədbəxt insanlar biz harada səhv elədik

RƏYLƏR


Top news