Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycan Cüdo Federasiyası baş məşqçi ilə bağlı hökmü gözləyir

Azərbaycan Cüdo Federasiyası baş məşqçi ilə bağlı hökmü gözləyir

Date: 6 October 2016 21:52

Peter Seisenbacher-in baş məşqçiliyi altında Azərbaycan komandası Rio Olimpiadasında iki gümüş medal qazanıb
Azərbaycan Cüdö Federasiyası cinsi zorakılıqda ittiham olunan cüdo üzrə milli komandanın əslən avstriyalı baş məşqçisilə bağlı məhkəmə hökmünü gözlədiyini deyir.
İkiqat olimpiya çempionu olmuş Peter Seisenbacher-in 2000-ci illərdə Vyanada məşqçilik etdiyi zaman iki gənc qızı zorlamaqda günahlandırılır, Associated Press xəbər agentliyi bildirir.
Vyana dövlət prokurorluğu çərşənbə günü bildirib ki, iddia olunan cinsi zorakılıq halları 1999-2004-cü illər arasında baş verib və həmin ərəfədə qızların yaşı 14-dən az olub.
Azərbaycan Cüdo Federasiyası hadisələrin inkişafını izlədiyini bildirib.
BBC Azərbaycancaya danışan təşkilatın mətbuat katibi deyib ki, Federasiya məsələyə dair qərarını məhkəmədən sonra bildirəcək.
"Seisenbacher ona qarşı ittihamları rədd edib. Bizim hüquqi cəhətdən mövqeyimiz məhkəmənin qərarını gözləməkdir. O, yaxın zamanlarda keçirilməlidir ", - Elnur Əşrəfov deyib.
Onun sözlərinə görə hazırda avstriyalı məşqçi şərti razılaşma əsasında fəaliyyət göstərir və onunla rəsmi müqavilə imzalanmayıb.
"2015-ci ilin oktyabr ayında şərti anlaşdıq ki, o, Olimpia oyunlarının sonuna qədər Azərbaycan Millisinin baş məşqçisi olsun".
Qadınlar keçmiş məşqçilərinə qarşı iddia ilə 2013-cü ildə çıxış ediblər. Təqsirli bilinəcəyi təqdirdə 56 yaşlı cənab Seisenbacher-i 10 ilədək həbs cəzası gözləyir.
Onun vəkili Bernhard Lehofer Avstriya Xəbər Agentliyinə bildirib ki, "cənab Seisenbacher-in ittihamdan xəbəri var, lakin bu barədə şərh vermək istəmir".
Bundan başqa o, 2001-ci ildə Xorvatiyada düşərgədə olarkən 16 yaşlı şagirdini zorlamağa cəhddə ittiham olunur.
Hazırda Azərbaycanın cüdo üzrə milli komandasının baş məşqçisi olan Peter Seisenbacher, bundan əvvəl Avstriya və Gürcüstanda da məşqçilik edib.
Elnur Əşrəfovun sözlərinə görə avstriyalı məşqçinin fəaliyyəti çox uğurlu olub və Azərbaycan son Olimpiya Oyunlarında iki gümüş medal qazanıb. O, həmçinin məşqçinin Rio Olimpiadası ərəfəsində də nailiyyətlərini qeyd edib.
"Bu ilin aprel ayında bir cüdocumuz Avropa cempionu oldu. Biri də gümüş medal qazandı. Cüdo tarixində ilk dəfə olaraq Azerbaycan millisi Avropa Çempionatında komanda çıxışlarında medal qazandı".
 

Milli.Az


Tags:  Azərbaycan Cüdo Federasiyası baş məşqçi bağlı hökmü gözləyir

RƏYLƏR


Top news