Belçika parlamentində Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti müzakirə edilib

Belçika parlamentində Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti müzakirə edilib
23:32 6 Oktyabr 2016
36 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 6 oktyabr. REPORT.AZ/ Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının nümayəndə heyəti Brüssel-Paytaxt Regionu Parlamentində və Beynəlxalq Münasibətlər üzrə Eqmont Kral İnstitutunda görüşlər keçirib.
Azərbaycanın Belçika Krallıgındakı Səfirliyindən "Report"a verilən məlumata görə, Belçikada səfərdə olan Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması idarə heyətinin üzvləri, Milli Məclisin deputatları Rövşən Rzayev və Fuad Muradov oktyabrın 6-da Brüssel-Paytaxt Regionu Parlamentinin rəhbərliyi ilə görüşüb və onların şərəfinə verilmiş işçi naharda iştirak ediblər.
Müzakirələr çərçivəsində icma üzvləri Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı, işğal edilmiş torpaqlardan qovulmuş azərbaycanlıların pozulmuş hüquqları barədə qarşı tərəfə ətraflı məlumat verib, Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə mühüm töhfə verə biləcək amil olaraq Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmaları arasında birbaşa dialoqun qurulmasında belçikalı siyasətçilərin mühüm rol oynaya biləcəklərini diqqətə çatdırıblar. İki icma arasında belə təmasların məhz Brüssel şəhərində təşkil edilməsində yardım xahiş edilib.
Habelə Azərbaycanın icazəsi olmadan işğal altında olan Dağlıq Qarabağ bölgəsinə edilən səfərlərin beynəlxalq hüquqa zidd olduğu vurğulanıb və belçikalı parlamentarların iştirakı ilə gələcəkdə belə halların qarşısının alınmasında parlament rəhbərliyinin müdaxiləsinin faydalı olacağı qeyd edilib.
Beynəlxalq Münasibətlər üzrə Eqmont Kral İnstitutunun baş direktoru Mark Otte ilə keçirilmiş görüş zamanı icma üzvləri öz tədqiqatlarında Dağlıq Qarabağ münaqişəsinə göstərdiyi diqqətə görə İnstitut rəhbərliyinə təşəkkür edib, gələcəkdə mövzu üzrə dərc ediləcək hesabat və məqalələrdə Azərbaycan qaçqın və məcburi köçkünlərinin probleminin daha geniş işıqlandırılmasını xahiş ediblər.
Habelə, institutun Avropada nüfuzlu tədqiqat mərkəzlərində biri olaraq, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında dialoqu təşkil etməsi təklifi irəli sürülüb.
Həmsöhbətlər görüşlərdəki müraciətləri nəzərdən keçirəcəklərini və Azərbaycan tərəfi ilə mövzu üzrə müzakirələri davam etdirəcəklərini vəd ediblər.

Xəbərin orijinal ünvanı: http://report.az/xarici-siyaset/belcika-parlamentinde-ermenistanin-isgalciliq-siyaseti-muzakire-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR