Deputatdan ittiham: "ABŞ Qarabağ probleminin həllinə mane olur"

Deputatdan ittiham: "ABŞ Qarabağ probleminin həllinə mane olur"
07:42 7 Oktyabr 2016
95 Ölkə
Ölkə mətbuatı
A- A+

Dağlıq Qarabağ probleminin həllinə mane olan dövlətlərdən biri də ABŞ-ın özüdür.

Bunu Milli.Az-a açıqlamasında Milli Məclisin üzvü Fəzail İbrahimli ABŞ-ın Dövlət katibi Con Kerrinin Dağlıq Qarabağ münaqişəsinin həllinin hazırda mümkünsüz olması ilə bağlı açıqlamasını şərh edərkən deyib.

Onun fikrincə, C.Kerrinin bəyanatından belə nəticə çıxarmaq olar: "Birincisi, Obama adminstrasiyasının siyasi səhnədəki bu son akkordlarından ABŞ-dakı erməni lobbilərinə qarşı bir istiqanlılıq hiss edilir. İkincisi, biz Kerrinin həmin lobbilərlə hansı siyasi əqidə, iş və ya düşüncə birliyi olduğunu dəqiq bilmirik. Üçüncüsü, bu məsələdə ən pis cəhət ondan ibarətdir ki, ABŞ Qafqaz regionunda öz mövqeyinin möhkəmləndirilməsi üçün nə etdisə, heç bir cəhdi alınmadı. Hətta prezident Buş Gürcüstana kimi gəldi çıxdı, dolayısı ilə "buralar mənimdir" dedi, amma nəticəsi olmadı. Yəni hazırda Dağlıq Qarabağ probleminin həll olunmaması regionda nüfuz dairələri uğrunda gedən bir savaşın qurbanıdır".

Millət vəkili qeyd edib ki, Dağlıq Qarabağ probleminin həllinə mane olan elə böyük dövlətlər, o cümlədən ABŞ-ın özüdür: "Münaqişənin həllində vasitəçiliyi üzərinə götürmüş əsas 3 dövlət var - ABŞ, Rusiya və Fransa. ATƏT-in Minsk Qrupunun bu həmsədrlərinə tapşırılıb ki, bu problemi həll eləsinlər. Əgər Amerikanın və digər ölkələrin bu məsələdə öz mövqeyi və maraqları varsa, bu zaman vəziyyət "ördək, balıq və xərçəng üçbucağı"na oxşayır. Ona görə də münaqişənin həlli üçün "şərait yetişməyib", "zamanı çatmayıb", "liderlər hazır deyil" deyirlər. Buradan da belə bir məntiqi nəticə çıxır ki, əgər liderləri özləri oturub bu məsələni həll edəcəkdilərsə, o zaman siz nəyə lazımsız? Əgər işğalçı Ermənistanın siz arxasından çəkilsəniz, bu məsələ çox rahatlıqla həll edilə bilər. Çıxış yolu budur: erməni tərəfi arxasındakıların çəkildiyini görsə, təbii ki, dərhal danışığa gedəcək. Əgər bu da olmasa, Azərbaycan hərbi yolla öz torpaqlarını azad edəcək. Amma bu problemin həllinə mane olan dövlətlərdən biri də ABŞ-ın özüdür. Marağı da ondan ibarətdir ki, öz nüfuzunu bu regionda möhkəmləndirsin, buralara sahib olsun, sonra özü bu məsələləri qaydaya qoysun. Əgər Qarabağ məsələsi həll olunsa, böyük dövlətlərin regiona hansı təsir mexanizmi qalacaq? Heç bir təsir mexanizmi qalmayacaq. Bütün bu deyilənlərin də hamısı bundan qaynaqlanır".

Qeyd edək ki, ABŞ-ın dövlət katibi Con Kerri Vaşinqtonda Aspen Elmi Tədqiqat İnstitutu və "Atlantik" həftəlik dərgisinin təşkil etdiyi 8-ci illik forumda deyib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün hələlik şərait yaranmayıb. Onun fikrincə, münaqişə tərəflərinin liderlər buna hazır deyillər.

Xatırladaq ki, Con Kerri artıq 30 ilə yaxındır ki, ABŞ-ın xarici siyasətində Amerika ermənilərinin maraqlarını müdafiə edir. O, hələ 1983-cü ildə, Masseçusets ştatının qubernatoru olarkən anti-türk mövqeyi ilə "şöhrət" tapmış Maykl Dukakisin köməkçisi olub. Daha sonra senator olduğu dövrdə "erməni soyqırımı" iddiasının tanınmasına dəstək verib, hətta bununla bağlı Konqresdə qətnamənin hazırlanmasında iştirak edib. C.Kerri də daxil olmaqla bir qrup senator 1990-cı il 20 yanvar hadisələri ərəfəsində M.Qorbaçova məktub ünvanlayaraq "160 min Dağlıq Qarabağ ermənisinin Ermənistanla birləşməsinin zəruriliyini" qeyd edib. Kerri 1992-ci ildə erməni lobbi təşkilatlarının dəstəyi ilə konqresmen Ueyn Ouenslə birgə Azadlığı Müdafiə Aktına Azərbaycana qarşı yönəlmiş məşhur "907-ci düzəlişi" irəli sürüblər və onun qəbul edilməsinə nail olublar. 2004-cü ildə ABŞ-da Demokratlar Partiyasından prezidentliyə namizəd olarkən hətta "erməni soyqırımı"nı tanıyacağını vəd edən C.Kerri buna nail olmadıqda 2005-ci il aprel ayının 23-də ABŞ-ın 32 senatoru və 175 konqresmeni ilə birgə aprelin 24-də Corc Buşdan, 2008-ci il sentyabrın 26-da isə senator Robert Menendezlə ABŞ-ın Türkiyədəki gələcək səfiri Ceyms Ceffridən qondarma "erməni soyqırımı"nı tanımağı tələb edib. O, 2012-ci il sentyabrın 5-də Ramil Səfərovun azad olunmasını pisləyib və bundan "şoka düşdüyünü" deyib.

İlkin İzzət
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/476764.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR