Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

BFB: Azərbaycan bankları səhmlərinin kütləvi tədavülündə maraqlı deyil

BFB: Azərbaycan bankları səhmlərinin kütləvi tədavülündə maraqlı deyil

Date: 7 October 2016 11:57

Bakı. 7 oktyabr. REPORT.AZ/ Azərbaycan bankları hələ ki, kapital bazarında iştirak etməyə, səhmlərinin listinqə daxil olunmasına maraq göstərmir. Bunu "Report"a açıqlamasında "Bakı Fond Birjası" QSC-nin biznesin inkişafı qrupunun rəhbəri Abdulla İsayev deyib.
Xatırladaq ki, hazırda kapital bazarında cəmi 3 kommersiya bankı - "Azərbaycan Beynəlxalq Bankı", "Dəmirbank" və "Turanbank" ASC-lərin səhmləri listinqdədir. A.İsayevin sözlərinə görə, digər bankları kapital bazarına cəlb etmək üçün edilən cəhdlər hələ nəticə verməyib.
"Məsələ ondadır ki, banklar səhmlərinin kütləvi tədavülündə maraqlı deyil. Bu cür şəraitdə isə onlar birjanın yalnız alternativ bazar seqmentində listinqə daxil edilə bilər. Kapital bazarının inkişafı üçün isə banklar əsas və standard bazar seqmentlərində olmalıdır", - deyə A.İsayev qeyd edib.
BFB rəsmisinin sözlərinə görə, hazırda yalnız bir bank - "Kapital Bank" ASC-nin kapital bazarının əsas seqmentinə çıxmaq üçün imkanı var, çünki onun səhmləri kütləvi tədavüldədir. Amma Bankın rəhbərliyi hələ ki, bu məsələyə müsbət yanaşmır: "Baxmayaraq ki, "Kapital Bank" iqtisadi çətinliklərlə müşaiyət olunan son iki ildə səhmdarlarına yaxşı dividend ödəyib və səhmləri hesabına kapital bazarından əlavə vəsait cəlb etmək üçün böyük potensialı var. Amma hələ ki, Bank bu potensialdan istifadə etmək istəmir".
A.İsayev həmçinin qeyd edib ki, təmsil etdiyi qurum "PAŞA Bank" və "Nikoil Bank" ASC-lərlə də bu istiqamətdə görüş keçirib, lakin onlar da kapital bazarına çıxmaq barədə düşünmür: "Bankların bu məsələyə marağı xüsusilə manatın devalvasiyasından sonra azalıb. Çünki, adətən iqtisadi böhran dövründə insanlar səhm almağa maraq göstərmirlər, daha ehtiyatlı davranırlar. Bu da aydın məsələdir ki, səhmə investisiya manatla həyata keçirilməlidir. Banklar da bunu nəzərə alıb hələ ki, kapital bazarına çıxmaq barədə düşünmürlər. Halbuki, Azərbaycanda bu bazarın inkişafı üçün hər cür şərait, infrastuktur yaradılıb".

Tags:  BFB Azərbaycan bankları səhmlərinin kütləvi tədavülündə maraqlı deyil

RƏYLƏR


Top news