Bakının məşhur "zontik"siz qızı, Dağüstü parkın qulaqsız ceyranı - FOTO

Bakının məşhur "zontik"siz qızı, Dağüstü parkın qulaqsız ceyranı - FOTO
12:05 7 Oktyabr 2016
523 Ölkə
Ölkə mətbuatı
A- A+

Əlimizə neştər alıb üzümüzü "yazırıq"...

Fərq etməz, istər azərbaycanlı, istərsə də xarici olsun, hər bir kəsin əqidəsi, tərbiyəsi onun evindən, ailəsindən gəlir. Hər gün gerçək də olmasa, xəyallarda avropalaşmaq, avropalılar kimi olmaq və digər vədlərlə özümüzü xaricilərə oxşatmaq istəyimiz nədənsə gerçəkləşmir. Bir az sonra hansı səbəblərdən bu qənaətə gəldiyimi sizə söyləyəcəm. 

Çoxumuz, ən azı, qonşu Gürcüstana üz tutmuşuq, onların mədəniyyətlərinə, dövlətə, vətənə sevgisinin şahidi olmuşuq.

Bizim haqda təəssürat istəsək də, istəməsək də budur: "qafqazlıyıq" - qonaqpərvərik, hörmətcilik, amma ən çox istiqanlı, dəliqanlıyıq və sair və ilaxır.

Bununla cəmiyyətdə son vaxtlar belə bir fikir formalaşıb ki, qafqazlı olan şəxs hər şeyi basıb keçməli, gördüyü şeyi dağıtmalıdır. Amma niyə? Axı bir az öncə haqqında danışdığım gürcüstanlılar da "zır" qafqazlıdırlar. Onlar da bu dağların ətəyində böyüyüb boya-başa çatıblar, ancaq nədənsə onların bu dəliqanlılığı mədəniyyətlərinə heç də maneələr törətmir. 

Düşünməyin ki, ifadələrim bütün cəmiyyətimizə aiddir, yox, əsla. Ancaq cəmiyyətimizin yarısının dövlətə, vətənə olan sevgi və qayğısı həddindən artıq azdır. Onlar bunu şəhərimizdə, elə özləri üçün yaradılan abadlığı bərbad hala gətirməklə təsdiq ediblər. 

Keçək əsas məsələyə.

Son illər Bakı parklarında, o cümlədən də ölkəmizin digər şəhərlərinin istirahət məkanlarında bürünc heykəllər qoyulub. Onlar arasında ən məşhuru Fəvvarələr meydanının "Çətirli qızı"dır. 

"Xanım qız" meydanda qoyulan gündən hər kəsin sevimlisinə çevrilib. İstər yerlilər, istərsə də turistlər bu heykəlciklə sevə-sevə şəkillər çəkdirirlər. 

Yadınızdadırsa, "Çətirli qız" meydana qoyulduqdan bir neçə ay sonra çətirsiz qalmışdı. Görünür, insanla heykəl arasında olan "mehribanlıq" pik həddə çatdığından bu "mehribanlıq partlayışı"ndan cuşa gələn həmşərimiz xanımın çətirini qırmışdı. 

Digər məsələni də unutmamısınız, zənn edirəm: Avropa Oyunları ərəfəsində bulvar ərazisində USB kabel çıxışlarını deyirəm.

Bir çoxları ondan istifadə etdi, amma bu faydalı ideya da çox uzunömürlü olmadı. Şəhər sakinləri kabel başlıqlarını qıraraq yararsız hala saldılar. Anlaya bilmirəm, axı sən kabeldən istfadə etdikdən sonra niyə onu qırırsan? 

Deyək ki, qırdın, çıxartdın yerindən, sonrasını düşün. Onu heç bir halda yenidən hansısa cərəyana taxıb istifadə edə bilməyəcəksən axı!

Ən sonuncu hadisə də digərlərindən fərqlənmir. O da Avropa Oyunları ərəfəsində şəhərimizin abadlıq planına daxil olan özəlliklərdən biridir. 

Oyunların simvollarından olan "Ceyran".

Dağüstü parkda qoyulan "Ceyran" heykəllərindən birinin qulağı bu günlərdə qırılıb. Əlbəttə ki, qulaq öz-özünə yerindən qopmayıb. Yenə də öz vətəndaşlarımızın "əl işidir". 

Bakının simasını bəzəyən bu atributların eybəcər hala salınması, əslində, öz simamızı korlamağımızdır. Bakı bizim üzümüzdür. Üzü könüllü olaraq eybəcərləşdirmək isə, inanın ki, heç yaxşı deyil. 

Bunu edənlər özlərini yaxşı saysalar da!

Ceyhun Ələkbərov

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/476941.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR