Budaq Nəsirov niyə oynamır?

Budaq Nəsirov niyə oynamır?
12:17 7 Oktyabr 2016
39 İdman
Ölkə mətbuatı
A- A+

Ötən bazar Portuqaliya çempionatında növbəti turun oynları keçirildi. Yığmamızın qapıçısı Kamran Ağayevin şərəfini qoruduğu “Boavişta" öz meydanında “Moreyrense" ilə qarşılaşdı. 1 tur əvvəl “Portu"ya qarşı səfər oyununda da əsas heyətdə meydana çıxan Kamranın komandası 1:3 hesabı ilə məğub olmuşdu. 


“Boavişta"nın qapısına vurulan  3-cü qolda qapıçımız kobud səhvə yol vermişdi. Düşünmək olardı ki, bu səhvə görə Ağayev əsas heyətdəki yerini itirəcək. Lakin “Boavişta"nın baş məşqçisi Ervin Sançes “Moreyrense" ilə matçda ona yenə etimad göstərdi. Kamran isə öz növbəsində məşqçinin etimadını doğruldaraq komandasının 2:0 hesabı ilə qalib gəlməsində yardımçı oldu. Yığmamızın qapıçısı bir neçə epizodda komandasını qoldan xilas etməkdən yana, 26-cı dəqiqədə Robertonun penalti zərbəsini qaytarmaqla yadda qaldı. Hətta Kamran Ağayev turun rəmzi yığmasına da düşdü. “Boavişta"da oynayan digər həmyerlimiz Emin Mahmudov isə təəssüf ki, “18-lik"də belə yer almadı.


Əvəzində Portuqaliyanın digər klubu “Sportinq"in futbolçusu Budaq Nəsirovun adı “Akademiku Vizau" ilə görüşdə iştirak ərizəsinə salınmışdı. Doğrudur, əsas komandanın deyil, “Sportinq B"nin. Buna baxmayaraq, Budaq səfərdə meydana buraxılmadı. Özü də ardıcıl neçənci dəfə. 3 aya yaxındır ki, “Sportinq"ə transfer olunan Budaq indiyə kimi 1 rəsmi oyunda, o da cəmi 10 dəqiqə oynamaq imkanı qazanıb. Yığmamızın üzvünün ehtiyatda qalmasının və oynamamasının səbəbi nədir? 


Budaq Nəsirovun meneceri Vaqif Heydərli ilə əlaqə saxladıq. Vaqif bəyin Budağın oynamamasına görə hansısa narahatlıq keçirmədiyini və buna təbii baxdığını bildirdi: “Budaq “Sportinq"ə iyul ayının axırında keçdi. Transferdən cəmi 2 həftə sonra isə çempionat başladı. Bundan başqa komanda Budağın gəlişinə kimi 2 aya yaxın təlim-məşq toplanışında olmuşdu. Bu mənada onun komandadakı futbolçuların səviyyəsinə çatması üçün müəyyən zaman lazım idi. Bundan başqa “Sportinq" sıradan klub deyil. Komandada 1 mövqeyə 5-6 futbolçu namizəddir. Onlardan cəmi ikisinin adı oyunun protokoluna salınır. Budaq zəif futbolçu olsaydı, daim “18-liy"ə düşməzdi. Daha bir məqam əsas komandanın bir neçə futbolçusunun demək olar ki, hər oyunda “B" komandasına göndərilməsidir. Budaq indiyə kimi cəmi 1 oyunda oynamaq şansı qazanıb. Amma bu o anlama gəlmir ki, əsas heyətdə oynamağa layiq deyil. Sadəcə, bir qədər səbir etmək lazımdır".


Vaqif bəydən Budağın komandaya uyğunlaşmasından, oradakı futboldan kənar vəziyyəti ilə maraqlandıq. Məlum oldu ki, futbolçumuz Portuqaliyaya gedəndə ingilis dilini müəyyən qədər öyrənə bilib. Lakin Portuqaliyada ingilis dili az işləndiyindən bu, onun işinə o qədər də yaramayıb. Hazırda portuqal dilini öyrənir və artıq məişətdə və məşqdə fikirlərini rahat izah edə bilir: “Bizim futbolçular getdikləri xarici komandalara gec uyğunlaşırlar. Qürbət, fərqli mentalitet, fərqli futbol və s. Bu mənada ilk günlər çətinliklər qaçılmazdır. Budaq ağıllı insandır. Həvəsdən düşmür, işinə məsuliyyətlə yanaşır. Əsas odur ki, məşqçilərlə münasibəti yaxşıdır, ona inanırlar. Bir faktı qeyd edim - əsas komanda ikitərəfli oyun keçirəndə və ya geniş tərkibdə məşq eləyəndə “B" komandasından ora 3 futbolçu cəlb olunur ki, onlardan biri Budaq olur. Demək, futbolçunun səviyyəsinə bələddirlər və ona inam var. Özü də bilir ki, indiki çətinliklər müvəqqətidir. Tezliklə oynamaq üçün şans qazanıb özünü göstərəcəyinə inanıram. Portuqaliyada olanda məşqçisi ilə qısa söhbətim olmuşdu. “Budağın potensialına bələdəm, onu komandaya mən götürmüşəm və hamıya sübut etmək istəyirəm ki, futbolçu seçimində yanılmıram". Bu sözləri Budağın məşqçisi deyib. İndiki vəziyyətdə oynamadığına görə Budağı tənqid etmək yox, ona mənəvi dayaq olmaq lazımdır. Zamanla hər şey qaydasına düşəcək".


Vaqif bəydən Budaq Nəsirovun az oynayacağı təqdirdə oyun praktikası qazanması üçün başqa komandaya icarəyə verilməsi ehtimalının olub-olmamasını soruşduq. Menecer bunun mümkün olmadığını söylədi: “Fikir versək görərik ki, Portuqaliyada 4 böyük komandadan 3-ü - “Porto, “Benfika" və “Braqa" gənc futbolçuları alıb başqa komandalara icarəyə verir. Amma “Sportinq" bunu etmir. Budaq “Sportinq"ə transfer olunub və oyun praktikasına görə “B" komandasına göndərilib. Yəni, onun başqa kluba icarəyə verilməsi “Sportinq"in futbol siyasətinə uyğun gəlmir. Bu, heç mümkün də deyil. Ortabab Premyer Liqa təmsilçisi istəsə belə, Budağı ora göndərməzlər".


"Het-trik news" qəzeti


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-budaq-nsirov-niy-oynamr-t53146.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR