Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Keçmiş hakim müdafiə prosesinə qoşuldu - SEVGİLİ CİNAYƏTİ

Keçmiş hakim müdafiə prosesinə qoşuldu - SEVGİLİ CİNAYƏTİ

Date: 7 October 2016 12:44

 

Sevgilisi ilə birləşib ərini qətlə yetirməkdə təqsirləndirilən Lalə Mahmudova və sevgilisi  Sədi Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində  hakim Əfqan Hacıyevin sədrliyi ilə qapalı keçirilən prosesdə təqsirləndirilən Lalə Mahmudovanın müdafiəsinə vəkil Nüşabə Ağayeva (Bakı Ağır Cinayətlər Məhkəməsinin sabiq hakimi) qoşulub.

 

Prosesdə 27-ci Polis Bölməsinin əməkdaşı Rəhman İsmayılov ifadə verib. O, ifadəsində bölməyə Kamran Mahmudov adlı vətəndaşın itkin düşməsi ilə bağlı müraciət daxil olduğunu deyib: "Araşdırdıq, sonra Lalə xanımı bölməyə dəvət etdik. Söhbət elədik. Səmimi şəkildə cinayəti etiraf etdi. Sədinin də iş yerini dedi. İsmayıllıya getdik. Meyiti torpaqdan çıxardıq".

 

Prokurorun suallarına cavab verən  polis əməkdaşı bildirib ki,  Lalə Mahmudovaya heç bir təzyiq göstərilməyib.

 

Lalə Mahmudova bildirib ki, bölmədə ifadəsini Rəhman İsmayılov götürməyib: "Orda hamısı qışqıra-qışqıra danışırdı, axırda Rasim adlı polis əməkdaşı ifadəmi aldı".

 

Lalə Mahmudovanın yeni vəkili Nüşabə Ağayeva cinayət işinin materialları ilə tanış olmadığını deyib. Bunun üçün məhkəmədən vaxt istəyib.

 

Proses oktyabrın 24-də davam edəcək.

 

Qeyd edək ki, qətl hadisəsi ötən il sentyabrın 26-da Yasamal rayonunda baş verib. Paytaxt sakini L.Mahmudova Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə müraciət edərək həyat yoldaşı 39 yaşlı Kamran Mahmudovun itkin düşməsi barədə məlumat verib. Hadisədən 5 gün sonra K.Mahmudovun öldürüldüyü müəyyən edilib. Cinayətin mərhumun həyat yoldaşı L.Mahmudova və sevgilisi S.Məmmədov tərəfindən törədildiyini aşkara çıxarılıb. Hər 2 şəxs saxlanılaraq ifadələri alınıb. İstintaq araşdırmaları zamanı məlum olub ki, sentyabrın 26-da gecə saatlarında S.Məmmədov L.Mahmudovanın yaşadığı evə gəlib. Bu zaman mərhum Kamran Mahmudov və evdəki azyaşlı uşaqlar yatırmış.

 

L.Mahmudova ilə əvvəlcədən plan quran S.Məmmədov özü ilə gətirdiyi tapança ilə yatmış K.Mahmudovun baş nahiyyəsindən 3 dəfə atəş açaraq onu qətlə yetirib. Onlar izi itirmək məqsədilə meyiti hissələrə bölərək bağlamalara yığıblar. Sonra həmin bağlamalarla S.Məmmədov Bakıdan İsmayıllı rayonuna yola düşüb. O, meyiti İsmayıllı rayonunda meşədə basdıraraq Bakıya qayıdıb.

 

Xatırladaq ki, L.Mahmudova Bakıdakı xəstəxanalardan birində tibb bacısı işləyib, əri isə bizneslə məşğul olub.


Tags:  Keçmiş hakim müdafiə prosesinə qoşuldu SEVGİLİ CİNAYƏTİ


RƏYLƏR


Top news