Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

İnsanlığın qürubu və ya orkestr niyə məşq edə bilmir?

İnsanlığın qürubu və ya orkestr niyə məşq edə bilmir?

Date: 7 October 2016 12:53

Niyə ilk Konstitusiya 1787-ci ildə məhz Amerikada yarandı-dövlətçilik tarixləri min illərlə ölçülən qosqoca İran, Çin,Hindistan kimi, Osmanlı imperiyası, Yunanıstan, Misir, İtaliya və s. kimi ölkələr dura-dura? Konstitusiya niyə bu dövlətlərdə(əlbəttə, onlarda da dövləti idarə etmək üçün, müəyyənəmrlər, fərmanlar olurdu) deyil, əsasən İngiltərədən,Avropanın digər ölkələrindən axışıb gələn insan toplusunun formalaşdırdığı, təzəcə yaranmaqda olan cavan Amerikada yarandı?

Səbəb budur ki, neçə min illik tarixi olan ölkələrdə, həmin dövr ərzində bu dövləti təmsil edən əhalinin mükəmməl adət-ənənələri formalaşmışdı.Və həmin dövləti, cəmiyyətləri şahlarla, fironlarla, sultanlarla birlikdə, həm də tarix boyunca süzülüb gəlmiş adət-ənənələr idarə edirdi. İnsanlar arasındakı hardasa "idarə olunan" münasibət həm də cəmiyyəti tənzimləyirdi, gözə görünməz bir nizama kökləyirdi. Adlarını sadaladığımız və sadalamadığımız dövlətlərin hər birində özünəməxsus yazılmamış qayda-qanunlar, təkmilləşmiş adət-ənənələr var idi. Bu qanunlar neçə min illər idi ki, şəraitə uyğun olaraq, cüzi dəyişikliklərlə nəsildən-nəslə keçə-keçə gəlirdi.

Amerikaya toplaşanlar isə hərəsi bir tərəfdən gəlmişdi və gələnlərin hər biri özü ilə atüstü adət gətirmişdi . Amerikanın özünün isə hələ heç bir köklü adət-ənənəsi yox idi (yerli hindular bu qurama cəmiyyətdən təcrid olunmuşdular). Cəmiyyəti, insanlar arasındakı münasibətləri nizamlayan, oturuşmuş adət-ənənə olmadığından gəlmə əhali biri-birinə qənim kəsilmişdi. Əhali sözün əsl mənasında cəngəllik qanunlarıyla idarə olunurdu. Bütün bunlara son qoymaq, insanlar arasındakı münasibətləri, cəmiyyəti,dövləti nizamlamaq üçün tarixdə ilk dəfə "yazılı" adət-ənənə - Konstitusiya yarandı. Aydın görünürdü ki, belə bir qanunlar diktaturası yaranmazsa, qurulmaqda olan ölkə məhvə məhkumdu. Necə ki, hətta günü bu gün həbsxanalarda münasibətləri nizamlamaq üçün "oğru qanunları" formalaşıb.

Min illərin sınağından, süzgəcindən keçib-gələn adət-ənənələr əslində, insanın özünü, insanlar arasındakı münasibətləri daha yaxşı kökləyirdi. Bu, daha çevik, daha mükəmməl, daha yayğın, öz-özünə təbliğ olunan bir vasitə idi.

Amerika isə özü yaratdığı süni adət ənənəsi-Konstitusiyası ilə, digər dövlətlərdə min illərlə formalaşmış adət-ənənələri demək olar ki, dağıtmağa başladı. Cəhd göstərdi ki, bütün digər dövlətlərdə də münasibətlər sırf Konstitusiya üzərində formalaşsın.Konstitusiya isə insan həyatını tam deyil, yalnız fiziki (maddi) hissəsini əhatə edirdi, mənəvi tərəflərə toxunmurdu.

İnsanın varlığı isə iki hissədən - fiziki (maddi) və mənəvi (ruhsal) hissədən ibarətdir. Ona görə də, insanlara daha doğru, düzgün təsir etmək, özlərinin də ürəyincə olan formada onları idarə etmək, ideala yaxın cəmiyyət formalaşdırmaq üçün insan varlığını təşkil edən həm fiziki (maddi), həm də mənəvi (ruhsal) qatları nəzərə almaq lazım idi. Bunlardan hansısa biri nəzərə alınmayanda yarımçıq yanaşma, yəni, cəmiyyətin köklənməsi birtərfli olur. Cəmiyyətin qanunları insanın varlığını təşkil edən mənəvi (ruhsal) və fiziki (maddi) köklənməni pozulmadan daima saxlamağa xidmət edən bir istiqamətdə olmalıdı.

Amerika Birləşmiş Ştatları və sonralar Avropa ölkələri cəmiyyətin köklənməsini adət-ənənələrlə deyil, qəbul olunmuş Konstitusiya vasitəsi ilə həyata keçirməyə başladı və hardasa, cəmiyyəti də buna kökləyə bildi. Onların müəyyən uğurları cəmiyyətin birtərəfli olsa da kökünün (köklənməsinin) təsiri ilə bağlı idi.O ölkələrdə tərəqqi və inkişaf kimi qəbul etdiyimiz sirrin kökü məhz bundadı.Bu səbəbdən Amerika tarix üçün çox qısa bir vaxt ərzində dünyanın ən inkişaf etmiş dövlətinə çevrildi. Bəlli bir zamanda bütün dünyanın ümumi daxili məhsulunun, hardasa 80 faizi Amerikada cəmləşdi.

Amma Amerikada, sonralar Avropada mənəvi (ruhsal) köklənməyə fikir verilmədiyindən, ailə münasibətlərində ənənələr davamlı olaraq dağıldığından tənəzzül başlandı. Müqayisə edək: həmin ölkələrdə 70-80 il qabaq kişi və qadınların neçə faizi ailə sahibiidi, indi həmin dövlətin kişi və qadınlarının neçə faizi ailəlidi? Demoqrafik vəziyyət necədi? O zaman ailədə uşaqların sayı nəqədər idi, indi ailədə uşaqların sayı nə qədərdi?

Bəli, görəcəyik ki, çox güclü tənəzzül var. İqtisadiyyatda artım varsa, deməli, bu sahədə işlər, hardasa düzgün qurulub.Demoqrafik vəziyyətlə bağlı ailələrin sayı, uşaqların sayı azalırsa, az nisbətdə qurulan ailələrdə də boşanmalar çoxdusa, əlahəzrət fakt deyir ki, bu istiqamətdə münasibətlər düzgün qurulmayıb, düzgün köklənməyib. Bu ölkələrdə əhalinin sayı, əsasən, mühacirlərin hesabına artır. Bu artımlar olmasa, həmin dövlətlərdə çox ciddi problemlər yaşanar.

Bütün bunlar Amerika və Avropa dövlətləri üçün çox ciddi fəsadlar törədir. Ona görə də, o dövlətlərin sonu qaranlıq görünür, beləki, bu süni inkişafın sonu yoxdu. Çünki mənəvi (ruhsal) və maddi (fiziki) köklənmələr bir-birini tamamlamalı, biri o birinin hesabına olmamalıdı.

SSRİ-də Stalin dövründə "xalqların rəhbəri" şəxsi keyfiyyətləri hesabına cəmiyyəti kommunizm adlanan ideologiyaya kökləyə bilmişdi. Bu köklənmə enerjisi həm də SSRİ-də istehsalatın, hərbi sənayenin və digər sahələrin inkişafına yönəldilmişdi. Odur ki,bu sahələrdə qısa müddət ərzində çox böyük uğurlar əldə olunmuşdu.

Stalinin vəfatından sonra, cəmiyyət alışdığı bu köklənmədən çıxdı və bunun əvəzedicisi olmadı. Bu cəbəbdən SSRİ kimi qüdrətli hesab olunan dövlət zəifləyə-zəifləyə nəticədə çökdü.

...Hitlerin idarə etdiyi alman cəmiyyətində də düzgün istiqamətə olmasa belə, müəyyən köklənmə var idi. Hitler şəxsi keyfiyyətləri - idarəçilik, natiqlik və s. qabiliyyətləri hesabına əhalini milliyyətçi sosial ideologiyaya kökləyə bildi. Amma əlbəttə,tiranların şəxsi keyfiyyətlərinə hesablanan cəmiyyət normal axarla davam edə bilməzdi ki, tarix də bunu təsdiq etdi.

Bu mənada, sırf yazılmış qanunlar üzərində köklənən cəmiyyət də sağlam ola bilməz. Məsələn, Amerikada bir neçə il bundan əvvəl "Uraqan" adlı təbii fəlakət baş verəndə, dağıdıcı qasırğalar Nyu-Orleanı suya qərq edəndə bütün sahələr kimi hüquq-mühafizə sistemi də iflic vəziyyətə düşdü. O sistemdə çalışanlar öz başlarının hayına qalanda, yazılmış qanunlarla qurulan köklənmə sistemi çat verəndə cəmiyyətin öz içində mənəvi (ruhsal) köklənmə olmadığından insanlar vahimə içində qaldlar. Bölgədə əsl kriminogen vəziyyət yaranmışdı, aləm bir-birinə qarışmışdı-mənzillər, mağazalar qarət olunurdu, insanlar bir tikə çörək üçün bir-birlərini öldürməkdən belə çəkinmirdi.

Belə misalları çox gətirmək olar. Təsəvvür edin ki, Amerikada, Avropada ciddi bir hadisə baş versə, Nyu-Orlean misalındakı kimi qısa deyil, daha uzun müddətdə yazılmış qanunlar işləməsə, cəmiyyətin, dövlətin fiziki (maddi) köklənməsi pozulsa, həmin dövlətdə yaşayan insanlar, heç bir kənar qüvvə olmadan, elə özləri özlərini məhv etməyə hazır olan böyük insan kütlələrinə çevrilərlər.

Digər bir nümunə. 1988-ci ildə Qərbi Azərbaycandan böyük insan kütlələri didərgin düşdü. Bütün dövlət qurumları iflic vəziyyətdə idi. Heç bir yazılmış qanun işləmirdi, insanlar dağlara, dərələrə səpələnmişdi. Amma bütün bunlara baxmayaraq onların aralarında heç bir kriminogen hadisə qeydə alınmadı. Əksinə, insanlar əvvəllər tanımadıqları yaşlıların, uşaqların, qız-gəlinlərin yolunda həyatlarını risqə qoyurdular və yeri gələndə, həyatlarını qurban verənlər belə var idi. Bu, Qarabağdan köçkün düşən azərbaycanlıların timsalında da təsdiqini tapır. Çünki onlar min illərdən gələn yazılmamış qanunların, adət-ənənələrin yaşadığı mühitdə göz açıb böyümüşdülər, o mühitə köklənmış insanlar idi. Onların fiziki köklənməsi pozulsa da, mənəvi (ruhsal) köklənməhələ diriydi, işləyirdi.

Bəli, mənəvi (ruhsal) köklənmə dağıldıqdan sonra, onu yenidən bərpa etmək, yenidən kökləmək mümkünsüz görünür. İtirilmiş fiziki (maddi) köklənməni isə zamanla bərpa etmək mümkündür.

Federiko Fellinin "Orkestrin məşqi" adlı filmində hadisələr əvvəldən axıra qədər bir məbəddə cərəyan edir. Dirijor hansısa əsəri ifa etmək üçün, hardasa, 35-40 nəfərlik orkestrlə məşq edir. Nəticə heç cür hasil olunmur. Çılğın dirijor ayrı-ayrı musiqi alətlərində ifa edən 35-40 nəfəri heç cür öz sözləri, hərəkətləri, dirijor çubuğu ilə bir kökə kökləyib əsəri ifa etdirə bilmir. Dirijorun səyləri ilə bir neçə dəqiqəliyinə köklənib əsərdən bir hissə çalırlar, sonra yenidən kökdən düşürlər. Dirijor nə qədər özundən çıxır, qışqırır, fasilələr verir, yenidən yığışırlar, heç nə alınmır ki, alınmır.

Orkestrin üzvləri ayrı-ayrı ideyalara mənsub adamlardı - məbədin divarlarına fərqli-fərqli şüarlar yazıblar, tez-tez ara qarışır, stulların üstünə çıxıb hərəsi bir şüar qışqırır, dava-dalaşa, əlbəyaxaya çıxırlar. Aralarında sakit, heç nəyə qarışımayan, bitərəf yaşlı kişilər, qadınlar da var. Onlar ara qarışanda sakitcə termoslardan özlərinə çay süzüb içirlər. Hətta o qarmaqarışıqlıqda fortepiano altına girib məhəbbətlə məşğul olanlar da var. Bir sözlə, Fellini Yer kürəsində yaşayan bütün insan tiplərini bir məbədin içinə toplayıb.

Dirijor film boyu o mənəvi (ruhsal) köklənmələri dağılmış insanları bir kökə gətirib, musiqi əsərini ifa etdirə bilmir. Və sonda ...bütün bunların cavabı olaraq, böyük bir qüvvə; zəncirdən asılmış böyük kürə şəkilli ağır əşya yellənərək məbədi dağıdır və orkestrin üzvləri dağıntılar altında qalırlar.

Dahi Fellini, dahiyanəliklə bədii formada biz insanlara, bütün dünyaya çatdırır ki, insanların mənəvi (ruhsal) köklənməsinidağıtmaqla məşğul olmayın. Bu, çox ağır nəticələrə, hətta dünyanın sonuna gətirib çıxara bilər.

...Cəmiyyətdə köklənmənin olması- fərq etməz, istər bu köklənmə dövlət üçün xeyirli istiqamətə yönəlsin, istərsə xeyirsiz,dağıdıcı istiqamətə, istənilən halda bu köklənmənin hesabına çox böyük enerji yaranır - qurucu, ya da dağıdıcı enerji.

Köklənməsi olmayan cəmiyyət isə, ətalət basmış, daxili enerjisi olmayan cəmiyyətdi.

Və bu gün televiziyanın, mətbuatın, internetin, sosial şəbəkələrin ağlasığmaz əlaqələndirici imkanları olduğu bir dövrdə, əslində cəmiyyətləri, dövlətləri ümumiyyətlə, bütün dünyanı hansısa istiqamətə kökləmək daha asan, daha əlçatandı. Bircə lazımdı ki, istiqamət düzgün seçilsin. Köklənmədə həm mənəvi (ruhsal) həm də fiziki (maddi) qatlar nəzərə alınsın.

Mənəvi (ruhsal) və fiziki (maddi) köklənmənin vəhdətində yaşayan insan ən xoşbəxt, ən güclü insandı, ailə ən xoşbəxt, ən möhkəm ailədi, cəmiyyət ən mükəmməl, ən xoşbəxt, ən güclü cəmiyyətdi, dövlət ən qüdrətli dövlətdir



Tags:  İnsanlığın qürubu orkestr niyə məşq edə bilmir

RƏYLƏR


Top news