""Veriliş xoşuma gəlmir, bağlansın" demək dözümsüzlükdür"

""Veriliş xoşuma gəlmir, bağlansın" demək dözümsüzlükdür"
13:05 7 Oktyabr 2016
149 Ölkə
Ölkə mətbuatı
A- A+

"Bu gün cəmiyyətdə demokratik müzakirə mühiti olan, fərqli fikirləri gündəmə daşıyan alternativ media kanalları və verilişləri heç də xoş qarşılanmır. Bunun səbəbi isə əslində demokratik fikrə dözümsüzlükdür".

Milli.Az bildirir ki, bunu aznews.az-a açıqlamasında media eksperti Ələsgər Məmmədli millət vəkili Aqiyə Naxçıvanlının Xoşqədəm Baxşəliyevanın və Zaur Baxşəliyevin müəllifi olduğu verilişlərin bağlanması ilə bağlı fikirlərinə münasibət bildirərkən deyib. 

Onun sözlərinə görə, millət vəkillərinin ard-arda medianı hədəfə alması onların öz funksiyalarına uyğun gəlmir: "Bundan öncə də parlamentdə bir neçə media qurumunun bağlanmasını müzakirəyə çıxarıblar. Xoşqədəm xanım yeni bir veriliş açıb və əhəmiyyətli hadisələri gündəmə gətirib. Format olaraq kiminsə xoşuna gələ bilər, yaxud da əksinə, lakin yaradıcılıq müstəqilliyinə hər hansı müdaxilə yolverilməzdir. Çünki televiziya dediyimiz qurum öz proqramlarını mahiyyət etibarilə bildiyi kimi qurur. Təqdimetmə baxımından əgər hüquqa zidd bir şey yoxdursa, "bu proqram mənim xoşuma gəlmir, bağlansın" demək, əlbəttə, dözümsüzlük və medianın mahiyyətinin dərk edilməməsini göstərir".

Ə.Məmmədli qeyd edib ki, millət vəkilləri bu cür cağırışlardansa, bir an öncə öz işlərinə dönüb, enerjilərini cəmiyyəti narahat edən problemlərin həllinə, o cümlədən qanunvericiliyin daha da təkmilləşdirilməsinə sərf etsələr, daha yaxşı olar.

Qeyd edək ki, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, deputat Aqiyə Naxçıvanlı X.Baxşəliyevanın və Z.Baxşəliyevin verilişləri ilə bağlı sərt açıqlamalar verib: "Xoşqədəm veriliş aparır və halı pisləşir. Onun doğrudan da əsəbləri elə verilişləri aparmağa dözə bilmirsə, aparmasın. Əhalinin gözü önündə dərman istəməyin və onu efirdə verməyin nə adı var? Ümumiyyətlə, Zaur və Xoşqədəmin verilişləri nəyə lazımdır?! Onların verilişləri bağlanmalıdır. İnsanların hissləri ilə oynayırlar. Şou xətrinə bunu etmək olmaz. Bu, insana başucalığı gətirmir. Sensasiya yaratmağa ehtiyac yoxdur".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/476980.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR