Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Nüsrət Kəsəmənlinin xanımı: "Onsuz da, mən itirdiyimi itirmişəm..." - FOTOlar

Nüsrət Kəsəmənlinin xanımı: "Onsuz da, mən itirdiyimi itirmişəm..." - FOTOlar

Date: 7 October 2016 14:47

Çox adamın sevən, sevilən, yaxud platonik bir eşqlə, ünvansız bir məhəbbətlə çarpışdığı vaxtlar olur... Elə vaxtlarda, yeniyetməlikdə əksər şeir kitablarından sevgi şeirlərini seçib oxuyardıq, dəftərlərimizə köçürərdik... Qanrılıb baxanda dünəndi, söykəli olduğumuz tarixdi, ancaq sürət əsrində xeyli uzaq, adamı nostaljiyə kökləyən anlar kimi görünür... Həmin illərin sevimli şairləri ürəyində yaşatdığın, gözlərində arzusu, həsrəti azalmayan hansısa sevgi şeirlərinin müəllifləri idi... Belələrinin irəlisində gedən, sevilən şair Nüsrət Kəsəmənli idi...

İndi bilmirəm, xatirə dəftərləri tuturlar, ya yox, bəlkə də xatirə dəftərləri də artıq elektrondur, "word"dur, "PDF"dir... Amma məktəb vaxtı qızların xatirə dəftərlərinə yazılan sevgi şeirlərinin çoxu Nüsrət Kəsəmənlinin yazdıqları idi...

Kitabxanadan alanda görərdim ki, nəşrin cildinə içəridən yapışdırılmış, oxucuların kodları, kitabın alınma və qaytarılma tarixləri yazılan vərəq ya dolub, ya da dolmaq üzrədi... O kitablardan kimlərə yoltapan, ürəkqanadan misralar yazılmamışdı ki... İndi bizlər, 90-ların uşaqları dəyişmişik, Sovet reallığı ilə hesablaşan axırıncılarıq və bizdən hələ də köhnələrin - o vaxtın ətri az da olsa gəlir... Nüsrət Kəsəmənlinin şeirləri ilə ürək tikmişik, onun şeirlərindəki ağrılara görə bizə rəhm eləyənlər də olub... Bu gün gerçəkliyin ucalığından baxanda isə görürük ki, vaxt başqa, zaman başqadı... Dünənlərin reallığı xatirə kimi əzizdi, ancaq bu gün keçmir, yerimir... Bu gün ağzını açan Lorkadan deyir, Nazimdən deyir, Nerudan deyir, aforizmlər döşəyir... Ancaq yaddaşımızdakı keçmiş öz ünvanındadı, dəbərmir, yerini dəyişmir...

Söhbətimizdə şeirlərini sevərək oxuduğumuz, keçmişimizin bir hissəsi olan Nüsrət Kəsəmənli haqqında danışmışıq, müsahibimiz şairin vəfalısı - həyat yoldaşı Rəhilə Kəsəmənlidir. Rəhilə xanımla bu müsahibəyə görə bir neçə dəfə görüşdük, şairin əlyazmalarını, foto arxivini, vaxtı ilə dövrü mətbuatda çap olunan yazılarını, müsahibələrini, haqqındakı məqalələri söhbətimizdən əvvəl mənə verdi...

Bir ay ərzində vaxtaşırı görüşdük, telefonlaşdıq, əlavə materiallar gərəyim oldu... Bu günlər ərzində, ünsiyyət müddətində mənim gözlərim "dinc durmamışdı", Rəhilə xanımın hər hərəkətinə, sözünə, həyat yoldaşına münasibətinə fikir verirdim, görürdüm ki, o yenə də qulluqdadı, xidmətdədi, gətir-götürdədi - həmişə olduğu kimi - Nüsrətin Kəsəmənlinin yolunda...

Milli.Az qafqazinfo-ya istinadən müsahibəni təqdim edir:

- Nüsrət Kəsəmənli bir vaxtların elə ədəbi imzalarından olub ki, kitabları əl-əl gəzib. Bu gün də onun şeirlərini sevənlər, yaradıcı yolu ilə getmək niyyətində olanlar var. Ancaq elə bil, illər keçdikcə onun şeirlərinə diqqət əvvəlkinə nisbətdə azalır, siz necə düşünürsünüz?

- Nüsrətin ölümündən sonra 40 gün hansı kanalı çevirirdinsə, onun haqqında veriliş gedirdi, vəfatından sonra da ona olan diqqət azalmadı, bu gün də yeni bir veriliş açılan kimi bizi yada salırlar. Onun haqqında yazılan yazılar, hazırlanan verilişlər qədər heç bir şair, yazıçı haqqında verilişlər hazırlanmayıb, məqalələr yazılmayıb. Yaradıcılığını elə qurub ki, elə şeirlər yazıb ki, onun barəsində söz demək həmişə mümkündü. Yaşayası əsərlər qoyub getmiş şairdi. Qaldı ona olan diqqət məsələsinə, heyfislənirəm ki, o cür şair fəxri ad ala bilmədi. Nüsrət Kəsəmənli adı gələndə İranda, Türkiyədə, ümumən Şərqdə tanıyanlar imzasına ehtiramla yanaşır. O nə Əməkdar İncəsənət Xadimi, nə də Xalq şairi adına layiq görüldü. Kim o adları alıbsa sağlığına qismət, hamısı Azərbaycan xalqı üçün əlinə qələm almış insanlardı, ancaq Nüsrət onların hansından zəif şair idi?

Elə şairlər var, bir misrasını heç kim bilmir, ancaq elə bir kəs varmı ki, Nüsrətdən bir şeir oxumasın, yaxud eşitməsin, əzbər deməsin. Hansısa məclisdəsə başda oturmuş, şeir oxuyan şairin adını bir saat sonra ordakılardan soruş çoxu xatırlamayacaq. Deyəcək kim idi o? Ancaq belə şeyləri Nüsrətə aid etmək olmur. Özü deyirdi ki, mən Xalq şairi olmasam da, xalqın şairiyəm, elə yazmışam ki, 14-15 yaşına çatmış yeniyetmədən tutmuş, ta qoca nənə-babalara qədər qələmə aldıqlarımı oxuyurlar və oxuyacaqlar. Əsl şair o şairdir ki. ölümündən sonra da şeirləri sevilir.

Demirəm şairdi, amma oğlum Rəşad Kəsəmənli də hərdən nəsə yazır. Bir dəfə şeirini verib dedi oxu gör bəyənirsən? Dedim Rəşad mən bunu oxuyub bir müəllim kimi qiymətləndirə bilərəm, atansa şairdi, ona göstər, gör nə deyir. Nüsrət şeiri oxuyub dedi ki, əvvəla şeir yazırsansa çalış yaxşı yaz, mənim imzama xələl gətirmə, ikincisi də əsl şair odur ki, onun şeirləri özündən sonra da yaşasın. Yazıq o şairdi ki, bu gün ölür, özüylə birgə şeirləri də dəfn olunur. Respublika Prezidentinin 12 yanvar 2004-cü il tarixli "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" sərəncamı ilə çap olunan kitablar arasında Nüsrət Kəsəmənlinin də kitabı vardı və nəfis çap olunub. Fərmanda deyilir ki, ən gözəl əsərlər çap edilsin. Bu ifadəni Nüsrət yaradıcılığına verilmiş klassik tərif kimi qiymətləndirirəm. Ona görə daha heç bir narahatlığımız yoxdur. Sağlığında özü enmədi kürsülərdən, öləndən sonra da şeirləri dillərdən düşmür.

- Sovet dövründə məktəblərə, bağçalara vurulan məşhur bir şəkil varmış: Stalin qucağında da qanışirin bir qızcığaz - Gelya Markizova. Şəkil dövlət tədbirlərinin birində çəkilibmiş. Bütün Sovet respublikalarında hamı o qızcığazı bəxtəvər sayarmış. Amma o məşhur şəkil çəkiləndən sonra, həmin qızın atası repressiya maşınında əzilir, qızcığaz isə anası ilə birgə sürgün olunur. Gelya sürgündə olanda orta məktəbdə şəkilləri varmış və çoxları elə bilərmiş ki, o bəxtəvərlər bəxtəvəridi. Yəni qıraqdan kiməsə həsəd aparanlar həmin adamın tale burulğanlarından, ürəkəridən zillətlərindən xəbərsiz olurlar. Sözü sizə gətirirəm, Nüsrət Kəsəmənli ilə ailə qurmaq istəyən qızlar çox olub, bunu dünyanın ən böyük səadəti hesab ediblər, ancaq onunla birgə ömür sürmək sizin nəsibinzə yazılıb. Bilirəm ki, elə məşhur bir adamla yaşamağın (Gelyanın şəkli kimi) kənardan bəxtəvər görünən yanları olsa da, çətin, dözümistətən tərəfləri də olub... İstərdim bu barədə danışaq...

- Əlbəttə, diqqət mərkəzində olan bir adamla ailə həyatı qurmaq da, yaşamaq da çətindi. Düzü, ailəm bu izdivaca razı deyildi deyə çətin günlərdə mən Nüsrətdən onlara şikayət edə bilmirdim. Daim diqqət mərkəzində idi, gecələr gec gəlirdi, evə zənglər olunurdu. Bütün bunlara dözmək bir qadın üçün ağırdı. Ancaq mən dözürdüm, çünki onun həyatında yalnız özümü götürdüm, bilirdim ki, hara getsə, axşam evinə gələcək.

Nüsrət ailəsinə, uşaqlarına həddən artıq bağlı idi. Başa düşürdüm ki, bütün bunların, bu diqqətin, bu istəklərin, canatmaların hamısı onun şairliyinə görədi, o adi bir insan olsaydı, bütün bunlar olmayacaqdı və əgər mən belə bir insanla ailə qurmuşamsa, dözməliyəm. Gecənin bir aləmi gəlirdi, düzü, əsəbiləşirdim, deyirdim gələndə hirslənəcəm, ancaq elə ki, qapını döyürdü, heç onu görməmiş, qapının səsinə yumşalırdım, hissim-hikkəm əriyib gedirdi.

Gec gələndə qapını döyüb gizlənirdi arxasında, deyirdi utanıram e, bu vaxt evə gələrlər? Deyirdim gec gələn də sənsən, utanan da... Gəl-gəl... Evə girəndən sonrasa olurdu bir başqa Nüsrət. Qapını barmaqları ilə mahnı çala-çala döyürdü, bu onun adəti idi. Nüsrət pilləkənləri çıxanda sevinirdim, ondan narazı qalsaydım, o hisləri keçirə bilməzdim. Axşam qapını açıb içəri girəndən üzü gülərdi, ta səhər işə gedənə qədər. Evdə ən qiymətli əşya sınsaydı, qaşını da turşutmazdı, deməzdi ki, onu alanacan nə qədər əziyyət çəkilib. Həmişə bilmişəm ki, Nüsrət mənə güldən ağır söz deməyəcək, belə rahat yaşamışıq. Gecə neçədə gəlsəydi keçirdi mətbəxə, qazanın ağzın açıb deyirdi ki, bax, mən bu yeməkdən yeməyə gəlmişəm. Bilirdim ki, ziyafətdən gəlib, yeyib-içib, bu vaxta ac adam qalmaz, ancaq onun verdiyi qədir-qiymət o idi ki, mənim bişirdiyim qazan ağzıörtülü qalmırdı. Hərdən o qədər tox olurdu ki, yazıq yeyə də bilmirdi (gülürük).

Mən həddindən artıq qürurlu insanam, evin sirrini heç kəsə deyən deyiləm. Həmişə istəmişəm ki, kənardan ailəmi necə qoruduğumu, işlərin öhdəsindən necə gəldiyimi görsünlər. Hərə kənardan bir söz deyirdi, zənglər gəlirdi, gözümün içinə baxa-baxa Nüsrət haqqında xoşagəlməz sözlər danışıblar mənə, çöldə onların cavabını vermişəm, ancaq evə gələndə pis olmuşam, düşünmüşəm: niyə hər şey belə oldu ki, mən də bu sözləri eşitdim. Həmin sözləri Nüsrətin özünə də deməmişəm.

Nüsrətin bəzi naqolay hərəkətlərin müşahidə etmişəm, haqqında xoşagəlməz sözlər eşitmişəm, amma heç vaxt reaksiya verməmişəm, üzünə vurmamışam, bilirsiz nədən qorxmuşam? Qorxmuşam ki, bir dəfə mənə deyər: bu mənəm, xoşun gəlir otur, xoşun gəlmir xoş gəldin. Onda ya gərək gedəydim, ya da öləydim. O sözdən sonra həmin evdə qalmaq, gəzmək, yaşamaq mümkün deyildi. Çünki o sözləri bir-birinə deyəndən sonra ailədə ailəlik qalmır. Nüsrət həmişə ailədə özünü elə aparıb ki, ondan incik düşməmişəm, sadəcə məni ağrıdan kənar dedi-qodular olub. Bilsəydim ki, onun həyatında ikinci dərəcəliyəm heç vaxt onunla bir evdə yaşamazdım. Məni ona verməyən anamı biz evlənəndən sonra Nüsrət elə ələ aldı ki, oğlanları ola-ola vəsiyyətnaməsini kürəkəninə yazdı.

- Ananız Sona xanımı yada saldınız deyə bir məsələni də xatırlatmaq istərdim. Bildiyim qədərincə, "Biri vardı, biri yox" şeirində "Nişan üçün iki şey istədilər" misrasına görə ananız Nüsrət müəllimdən bərk inciyibmiş...

- Bəli, anam həmin misraya görə ondan incik düşmüşdü. Demişdi, mən ki səndən heç nə istəməmişəm. Axı bir valideyn ki, kürəkənin illər uzunu - tələbəlik dönəmindən qaldığı bir zirzəmiyə qızını gəlin köçürməyə razı olsun, onun nənə himayəsində böyüdüyünü bilsin, ondan nə istəyə bilər? Nüsrət də dedi ki, Sona xanım, mən şeirin həmin misrasını qafiyə xətrinə yazmışam. Beləcə anamı inandırdı...

- Amma o şeirdə bir həqiqət payı olan misra da var: "İki qıza könül verib getmişdim". İki qız - rəhmətlik Sevda xanım və siz. Nüsrət müəllim müsahibələrinin birində deyib ki, iki qıza könül verib əsgərliyə yollanmışdım, hər ikisinə də məktub yazmırdım, dözümlərini yoxlayırdım. Əsgərlikdən qayıdanda Sevda xanım artıq nişanlı olub. Nüsrət müəllim niyə gözləmədiyini ondan soruşanda, qız cavab verib ki, yazmadın, elə bildim unutmusan, istəyirsən, nişanımı qaytarım. Nüsrət müəllim etiraz edib, ancaq o qız nişanını qaytarıb, sonra ailə qursa da, ayrılmalı olub. Nüsrət müəllim də sizin vəfanızı, sədaqətinizi yüksək qiymətləndirib... Həyatınızı sizə danışdım... (gülürük)

- Hə, qayıdanda var olan mən idim, Sevdanı nişanlamışdılar. Düzü, Nüsrətin o xanıma qarşı olan hissləri sevgi kimi yox, ilk məhəbbət ağrısıtək həmişə yaşadı və mən onun hisslərinə həmişə hörmətlə yanaşırdım...

- O sevgi tarixçəsindən çox danışmısınız, təzədən istəmirəm deyilənlər təkrar olunsun. Ancaq bilmək istəyirəm, Sevda xanımın şəkli sizin evinizə necə gəlib çıxmışdı və rəsmə sizin reaksiyanız necə olmuşdu?

- Nüsrət o şəkli işdən gətirmişdi. Mən də səs salmadım, qan-qaraçılıq yaratmadım. O qız Nüsrətin həyatında ötəri bir xanım olmayıb. Mənim danışığımdan elə çıxmasın ki, elə Nüsrət kiminlə münasibət qurubsa mən demişəm ki, bərəkallah, halal xoşun. Hansı qadın bunu edər? Qətiyyən elə olmayıb. Sevda isə Nüsrətin həyatında onun sevgisini qazanmış bir insan olub, əgər sevgiləri baş tutmayıbsa, buna görə onları qınamaq olmazdı. Bir-birini hədsiz çox istəyiblər. Qızın da istəyinin sonradan şahidi oldum. Sevdanı görmüşdüm mən. Şəkil məsələsinə gəldikdə tutaq ki, o şəklin evə gəlməsinə narazılıq elədim, cırıb atdım, Nüsrətin ürəyindəki hisləri necə qopardıb atacaqdım? Əksinə həyat yoldaşımın keçmişinə hörmətlə yanaşdım və onun gözündə bir az hörmət qazandım. Bu gün də həmin şəkli saxlayıram...

- Bayaq dedi-qodulardan, evdağıdan, yuvauçuran sözlərdən danışdınız, həmin gəzən söhbətlər haqqında həyat yoldaşınıza nəsə deyirdinizmi və o əməllərinə necə bəraət donu geyindirirdi?

- Yox, üzünə vurmurdum. Bircə xəstə olanda zarafatla dedi ki, ölsəm, ay Rəhilə, sən özünü öldürərsən, məni yaman çox istəyirsən. Zarafatına zarafatla cavab verdim ki, mən niyə öldürürəm, qoy filankəslər özün öldürsün, başladım ad çəkməyə, gördüm elə gülür, elə gülür... Dedi onlar mənim yadımdan çıxıb, bu isə adlarını əzbər bilir, deməli, sən hamısın bilirdin, hə?

Əgər bildiklərimi dilə gətirib desəydim, ağır cavab ala bilərdim. Ancaq içimdə həmişə belə bir təskinliyim olub ki, onlar kim, mən kim? Mən Nüsrətin xanımıyam, uşaqlarının anasıyam, gör mən harda əyləşmişəm, onlarsa ötəri əyləncələrdi. İnsanın bir ürəyi olduğu kimi, o ürəkdə bir insan olur, kim kimin ürəyini qazanıb əbədi onunla yaşaya bilirsə, deməli, onun sevdiyi də o imiş.

- "Əskisi tüstülü" məsələsi də yəqin olub, elə adam var ki, min oyundan çıxır, ancaq görünmür, eləsi də var ki, barmağını tərpətsə rüsvaylığı ellə bir olur.

- Düzdü, bəzən adamlar olmayanları da danışırlar, yaxud həqiqətləri lap şişirdib çatdırırlar. Məni möhkəm saxlayan inam idi, özümə də güvənirdim, ona da. Hamı bilirdi ki, onun qulluğunda necə dayanıram, ona qarşı necə dözümlüyəm. Nüsrət də sərraf adam idi, qiymət verməyi bacaran idi. Elə insan var ki, imkanları artdıqca, şöhrəti çoxaldıqca ailəyə arxa çevirir. Hətta Nüsrət elə etsəydi, yenə incik düşməzdim, elə bilərdim heç yoxdu, əgər o qiymətləndirmək bacarığına malik deyilsə, deməli, onunçün fərq etmir. O cür insanları itirmək isə faciə deyil. Bir dəfə də demişəm, yenə təkrar edirəm: baxmayaraq ki, aliməm, universitet müəlliməsiyəm, mən gedib gecələr çörək zavodlarında işləyərdim, ancaq məni sevməyən biri ilə eyni damın altında yaşamazdım, heç aliment də almazdım uşaqlara. Qoy bəraət donları barədə də deyim: hərdən olurdu ki, hansısa məsələnin üstü açılırdı, o saat deyirdi ki, eyninə alma, sənin tayın-bərabərin ola bilməz... Bəzən də zarafata salırdı ki, bu da bir yaradıcılıqdı...

- Əksər şair xanımlarının, hətta sevgililərinin adətidir, sevgi şeirlərində ünvan axtarırlar, eşələməkdə mahirdilər... Sevgi şairinin vəfalısı kimi belə cəhətləriniz vardımı?

- Mənə yad ünsürlərdir bunlar. Bəlkə də bunların belə olmasına səbəb o idi ki, özümə bir xanım kimi inanırdım. Qardaşlarım da var və ümumən kişilərin xasiyyətinə bələdəm, kişilər bilsələr ki, qadınlarında ona qarşı qısqanclıq var, bu artıq onun əlində bir alətə, hətta silaha çevriləcək. Yəni əsəbiləşən kimi qadından acıqlarını belə çıxacaqlar. Özümdən artıq heç kəsi görmədim onun həyatında. Ona görə də onun şeirlərini eşələmədim, çözələmədim, sadəcə əksər Azərbaycan oxucuları kimi oxuyub, zövq aldım...

- Həyatına, ömürlüyünə baxanda görünür ki, dalaşqan adam olub. Faktlar var, sadəcə xatırlatmağa lüzum görmürəm. Adətən, insanlarla münasibətinin gərginləşməsinə səbəb nə olurdu, nəyə dözə bilmirdi?

- O hissiyyat adamı idi, dalaşıbsa, deməli, ona toxunan nələrsə olub, elə-belə, heç nədən söz-söhbət yaradan biri deyildi. Şərə, böhtana, yersiz hərəkətlərə dözə bilmirdi...

- Eşitdiyimə görə, bir az da söyüşcül olub...

- Ailə içində, uşaqların yanında belə sözlər danışdığını görməmişəm, yəqin çöldə, hansısa məqamda, hirslənəndə ağzının acısını alırmış... Uşaqlarını çox sevirdi, elə bil üç qardaş idilər, oğlanları ilə o cür rəftar edirdi. Evdə içməyin əleyhinə idi, evə yeyib-içmək salmazdı, hardasa oturardılar, uzağı gəlib deyərdilər ki, bakılı qızı, qutab bişir yeyək.

- Övladlarının işlərinə qarışardı, yoxsa seçim sərbəstliyi verən ata idi?

- Böyük oğlum Rəşad hüquq fakültəsində oxuyub, ancaq əsgərlikdən sonra Mədəniyyət və İncəsənət Universitetində rejissorluq fakültəsində təhsil aldı. Mən onun peşəsini dəyişməyindən narazı idim, istəyirdim əvvəlki ixtisası üzrə işləsin. Ancaq atası seçiminə etiraz eləmədi, dedi qoy özünü hansı sahədə görürsə, o sahədə də çalışsın. Sevdiyi peşələrlə məşğul olmalarını arzulayırdı...

- İki oğlunuz var, hansı daha çox oxşayır atasına?

- Araz üzdən çox oxşayır, baxanda elə bilirsən Nüsrət sağdı. Rəşad isə danışığı, yaradıcılığı ilə atasına oxşayır. Yaxın binalarda qalırıq, hərdən Rəşad zəng edəndə telefonda susub qalıram, elə bilirəm Nüsrət danışır. Xasiyyətlərində oxşarlıqları odur ki, peşman olsalar da dilə gətirməzlər, sınan deyillər. Nüsrət "İlk addım atırsan" adlı şeirini oğlanlarına həsr edib, o şeirdə belə bənd var:

Əllərdə qalmasın nigaran gözün, 
Hər addım atanda təzədən doğul. 
Yıxıl, parça-parça kəsilsin dizin, 
Ətəkdən tutmağa öyrənmə, oğul!

Ataları şeirində necə deyibsə, onlar da elə yaşayırlar, fəqət həmişə elə olmaq da xoşbəxtlik gətirmir. Baxıram ki, atalarının şeiri onlara daha çox təsir edib, nəinki mənim öyüdlərim...

- Üç sənət mühitinin içində olub Nüsrət Kəsəmənli: Kino aləmi, ədəbiyyat mühiti və indi dəbdə olan ifadəylə desək "şou-biznes dünyası". Ölümündən sonra bu üç mühitdən olan dostları, həmkarları arasında hansılar daha etibarlı oldu?

- Şou-bizneslə onun əlaqəsi mahnılarla bağlı idi, şeirlərinə yüzlərlə musiqilər bəstələnib. Bir də görürdün bəstəkarlar hansısa şeirə görə zəng eləyirdilər, görüşürdülər. Hesab etmirəm ki, ədəbi mühitdən etibarlı dostları vardı, ancaq sizin dediyiniz o şou-biznes mühitindəki dostlarının əksəriyyəti ilə bu gün də ünsiyyətimiz var. Şou-biznesdəki dostları daha etibarlı çıxıb. Biz bu gün də çətin günümüzdə, xoş anlarımızda onları yanımızda görürük...

- Sabir Rüstəmxanlı, Nüsrət Kəsəmənli, Çingiz Əlioğlu üç dost olublar. Bu dostların sonradan aralarında yaranan soyuqluğa səbəb nə olub?

- Mənimçün indi bu şeylərin heç bir əhəmiyyəti yoxdur. Onlar elə dost olublar ki, hətta məzuniyyətlərini də eyni vaxtda götürürdülər, birgə istirahətə gedirdilər. Bütün günlərini bərabər keçirirdilər. Nüsrət il yarım xəstə yatdı, biz onların birini qapıda görmədik. Ancaq ölümündən sonra elə adamlarla tanış olduq ki, Nüsrəti və ailəsini yüksək qiymətləndirdilər, qeydinə qaldılar, uşaqlarına dayı, əmi kimi dayaq durdular. Fəqət Nüsrətlə bir qabdan yemək yeyənlər, elə bil, Nüsrətin ailəsini tanımırlarmış.

Nüsrət öləndə ağlayanlar, kaş onun sağlığında gülərüzlə gəlib qapısını açaydılar. Mən hiss etdim ki, onların dostluğu möhkəm dostluq deyilmiş, bu fikrimi Nüsrətin sağlığında özünə dedim. O mənə cavab qaytardı ki, dostlarımı məndən yaxşı tanıyırsan? Dediklərim təsdiqini tapdı. Xəstə olanda yenə dedim ki, pis günündə heç biri görünmədi dostlarının. Onda da dedi ki, sən elə istəyirsən məndən "peşmanam" sözünü alasan, ancaq o sözü dilə gətirməyəcəyəm, çünki peşmanlıq mənim üçün ikinci məğlubiyyətdir. Yaxşı ki, o hamını tanıyıb köçdü dünyadan...

- Həyatdan zövq almağı bacaran adamlar, adətən, xəstəlik vaxtı dəyişirlər, Nüsrət müəllim yorğan-döşəkdə olanda xaraktercə kövrəkləşmişdimi?

- Hə, çox kövrək olmuşdu, filmə baxırdı, ağlayırdı, bir hadisə danışırdılar, gözləri dolurdu. Əvvəllər elə kövrək deyildi. Sonra başqalarından eşitdim ki, belə xəstə insanlar həssas olurlar. Büruzə vermirdi, amma görünür, öləcəyini düşünürmüş. İrana gedəndə qardaşımı çağırıb deyib ki, xəstəxanaya gedirəm, ola bilər qayıtmayım, uşaqlardan muğayat olun. Bu hadisəni mənə Nüsrətin ölümündən sonra qardaşım danışdı.

Ölümündən illər öncə "Ölümə gedən yol", "Allaha tərəf", "Ölümə tərəf", "Hazır qəbirlər". "Qapamayın gözlərimi" və s. ölümlə bağlı şeirlər yazıb. Ölümə hazır idi, dünyanın hər üzünə görmüşdü. Əməliyyata aparanda gördüm zəndlə üzümə baxır, gözlərini çəkmir. Beş dəqiqə keçdi, on dəqiqə keçdi, gördüm baxır. Bir azdan qayıdıb gəldi. Dedi qaldı birinci günə getməyim. Dedim bayaq niyə elə baxırdın, qorxursan əməliyyatdan? Dedi hə, qorxuram. Dedim nədən qorxursan, sənin kimi o qədər adam əməliyyat olunur ki! Cavab verdi ki, vallah, ölümdən qorxmuram, sizinçün qorxuram, qarşıda çətin günlər gözləyir sizi, öhdəsindən necə gələcəksən?

Bir də dilə gətirdi ki, demirəm tam sağalım, Allahdan möhlət istəyirəm, səni aparıb çoxlu gəzdirim, sonra yenə bu yatağa düşməyə razıyam. Dedim narahat olma, sağalacaqsan, hər yeri gəzəcəyik. Ancaq vəziyyəti ağırlaşanda dedi ki, yadındadırmı, demişdim səni aparıb gəzdirəcəm, deyəsən, arzularım gözümüzdə qalacaq...

- Özündən sonra hansı həlli çətin, müşkülü çözülməz problemlər sizə "miras qaldı"?

- Onun yoxluğu ən böyük çətinlikdi. Bütün o çətinliklərin içində mənə kömək edənlər oldu. Qardaşlarım mənə arxa-dayaq durdular. Şükür ki, qarşımıza yaxşı insanlar çıxdı. Hər gün evdən işə piyada gəlirəm, yol boyu ürəyimdə Nüsrətlə danışıram, bir an olsun yadımdan çıxmır. Lap xəstə olaydı, ömrüm boyu qulluğunda durardım, təki yaşayaydı, uşaqlar atasız qalmazdı, hər işin öhdəsindən gələrdim, təki sağ olaydı. Hərdən də şükür edirəm ki, 30 il bir yerə yaşadıq, ancaq xoşbəxt yaşadıq, adamlar var 50 il bir yerdə ömür edirlər, ancaq 50 gün xoşbəxt ola bilmirlər.

- Əksər şöhrətli adamın ad-sanından, dəbdəbəli günlərindən onun ailəsinə də pay düşür. Yəni o şöhrətli adama görə o ailəyə də bir ayrı diqqət, qayğı olur. Nüsrət Kəsəmənlinin ölümündən sonra həyatınızın axarının dəyişdiyini, az da olsa diqqətdən kənarda qaldığınızı müşahidə etmisinizmi?

- Mən Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində dərs deyirəm, bura ilk və son iş yerimdir. Ömrümün illərini bu təhsil ocağına bağlamışam, el arasında bir deyim var: "baba ocağı", elə bil ora da mənim "baba ocağım"dı. Tələbələr qruplara bölünəndə, mühazirə müəllimi kimi məni təqdim edib ad-soyadımı deyəndə uşaqlar əl çalır, sevinirlər. Çünki onların böyük əksəriyyəti Nüsrətin şeirlərinin aşiqidi. Bir dəfə zarafatla onlara dedim ki, siz o qədər belə hərəkət edəcəksiniz, axırda məni auditoriyaya qoymayacaqlar. "Nəsimi" filmində necə deyilir: "Dövlət bəyin ölüsü də gözəldi". Nüsrət Kəsəmənlinin vəfatı da mənim üçün əzizdir, ona və ailəsin olan biganəlik, yaxud bilərəkdən azalan diqqət, bunlar hamısı onun istedadına görə idi. İstedad çox adama düşmən qazandırıb. Nüsrət nə birincidi, nə də sonuncu. Onsuz da, mən itirdiyimi itirmişəm, ən böyük təskinliyim odur ki, qarşıma Nüsrət çıxdı, həyatımı onunla yaşadım. Nüsrətdən sonra mən də dəyişdim, əvvəlki kimi ola bilmədim. Hərdən deyirəm, İlahi, gör necə istək qazandı bu, lap əbədiyaşar oldu...

- Bu yaxınlarda Nüsrət Kəsəmənlinin şeir dəftərlərinin hərraca çıxmasıyla bağlı bir xəbər oxudum. Düzü, şeir dəftərindəki sahmana, xəttin səliqəsinə baxanda hansısa şairin belə uşaq ustufuyla yazdığı dəftərinin olmasına təəccüb qaldım...

- Nüsrətin şeir dəftərləri evdədir, məndədir. O qədər də xırda hərflərlə yazıb ki, oxumaq çətindir... Həmin yazıların üstündə çox işlədim, çap olunanlarla, işıq üzü görməyənləri ayırdım. Həmin dəftəri kim hərraca çıxarıb bilmirəm, ancaq bildiyim odur ki, Nüsrətin xətti deyil o. Onun yazıları ürək stenoqramına oxşayır. Nüsrətin heç bir dəftəri evdən başqa yerə aparılmayıb. Görün, Nüsrət necə şairdir ki, onun olmayan şeir dəftərini də hərraca çıxarırlar (gülür).

- Ümumiyyətlə, başıbəlalıdır onun şeirləri: gah oğurlanır, gah icazəsiz çap edilir...

- Kitablarını icazəsiz çap etdirmək probleminə görə 3 dəfə məhkəməyə müraciət etmişəm, qalib tərəf olmuşam. Nüsrət 2003-cü ildə vəfat edib, pirat kitabsa 2005-ci ildə işıq üzü görüb, məhkəmədə kitabın redaktoru üstümə qışqırdı ki, müəllif bizimlə müqavilə bağlayıb, pul köçürülüb. Soruşdum ki, müəllif nə zaman gəlmişdi sizinlə müqavilə bağlamağa? Dedi 2005-ci ildə. Özümlə Nüsrətin ölüm şəhadətnaməsini aparmışdım, göstərdim, dedim ayıbdı, utanmırsınız, 2003-ci ildə vəfat etmiş adam, 2005-ci ildə sizinlə necə müqavilə bağlayıb? Çarəsiz qaldılar...

Bundan başqa, Gülhanə Əliyeva adlı bir qız Nüsrət Kəsəmənlinin şeirlərini öz adına çıxıb, kitaba 30 nəfər rəy verib, heç biri nəşrə baxmayıb ki, çap edilən kimin əsərləridir. Axırda Müəllif Hüquqları Agentliyi işə qarışdı, o xanım mətbuat konfransı keçirdi, dedi üstümə niyə düşürsünüz, nolub, Nüsrət Kəsəmənlinin evinə girib oğurluq eləməmişəm ki, şeirlərin oğurlamışam da?! Onun bu sözlərindən lap hiddətləndim, məhkəməyə müraciət edəcəkdim, çox yerlərdən xahiş elədilər, həm də fikirləşdim ki, bir Azərbaycanlı qızını necə məhkəmə qarşısına çıxarım, fikrimdən daşındım...

- Bəzən düşünürlər ki, Nüsrət Kəsəmənli oxucularını nəzərdə tutub yazıb, ürəklərə yol tapmaq azarında olub. Sizcə, o, oxucularının zövqünə hesablaşırdımı?

- Xeyr, ürəyindən nə gəlirdisə onu yazırdı. Kiminsə marağına hesablamırdı şeirlərini. Kitabın satılacağı barədə də düşünmürdü. Bu yemək hazırlamaq deyil ki, kiminsə zövqünə hesablayasan. Günü bu gün də Nüsrətin şeirləri dillər əzbəridir. Bir də görürsən tələbə icazə istəyir, getmək istəyini əsaslandıranda, yerdən o biri tələbələr qayıdır ki, "getmək istəyirsən bəhanəsiz get". Yaxud "Biri vardı, biri yox" şeirini insanlar həyatın ən müxtəlif məqamında xatırlayır... O, sevgi şairi idi. Özü müsahibələrinin birində vurğulayır ki: "Mənə məhəbbət şairi deyirlər, etiraf edim ki, bu ad mənim xoşuma gəlir. Çox şükür ki, "saray şairi" demirlər.

- Bir şeirində deyir:

Beşiyim başında layla çalanda,
Bayatı hicranı dilimdə qaldı.
Ürəyim bir ata-ana yanında,
Əllərim nənəmin telində qaldı.

Nüsrət Kəsəmənlini nənəsi saxlamışdı, ehtiyac içində böyümüşdü. Uşaqlığını belə xatırlayırdı: "Kasıb dolandığımız üçün həmişə yaxşı oyuncaq, təzə paltar, ən azı bir rezin top həsrətində olmuşam. Mənim çox az hallarda təzə paltarım olurdu, həmişə qohum-əqrəbanın astarı üzünə çevrilmiş, əynimə bir az böyük olan paltarlarını geyinmişəm. Qəribədir ki, buna da sevinirdim".

Sonra birdən-birə şöhrətlənmişdi, həyatı yaxşılaşmışdı, cibi pul görmüşdü. Maddi vəziyyətinin düzəlməsi onun xarakterində fərqlilik yaratmışdımı?

- Valideynləri ayrılmışdılar, hər ikisi yenidən ailə qurmuşdular. Nüsrəti nənəsi böyütmüşdü. Ancaq Nüsrətin həm anası, həm də atası ilə ünsiyyəti, münasibəti vardı. Biz rayona onun anasıgilə gedəndə, atalığı bilmirdi neyləsin, o günlər ərzində bizim başımıza fırlanırdı, öz oğlanlarından daha çox Nüsrətlə fəxr edirdi. Allah ona gözəl ögey ana və ögey ata vermişdi. Rəşad anadan olanda qaynatam gəlib uşağı apardı, ögey nənə Rəşada o qədər gözəl qulluq edirdi ki... Bir də Rəşad məktəbə gedəndə gətirdik evimizə.

Tələbə olanda nənəsi Nüsrətə təqaüdündən göndərirmiş. O deyirdi ki, həyatda üç nəfərə borcluyam: məni boya-başa çatdıran nənəmə, əlimi çörəyə çatdıran Nəsir İmanquliyevə və həyatda hər çətinliyimə dözən xanımıma.

Maddi imkanı düzəldikcə Nüsrət yaxşı mənada dəyişdi. Elə bil, gözləyirdi ki, bir imkan düşsün, kiməsə yaxşılıq eləsin. Çox adama əl tutub, kimin nə əyər-əskiyi olurdusa, bacardığını əsirgəmirdi. Atasız qızın cehizinə kömək eləmişdi, televizoru yanan bir ailəyə bayramda televizor aldı, dedi bu da sizin bayram payınız. Bu onun çoxsaylı xeyirxahlıqlarını ən adiləridi. İmkanı olandan sonra xarakterində fərq yaransaydı, o cür içdən gələn şeirləri yaza bilməzdi. O düşünüb yazan şairlərdən deyildi, qəfildən görürdüm ki, bir kənara çəkilib nəsə yazır, bir neçə dəqiqədən sonra gəlib deyirdi ki, artıq bir şeir hazırdı...

- Məktəb vaxtı sürücü olmaq istəyirmiş, ona görə orta məktəbdən çıxıb, sonra yaşıdları universitetə qəbul olub, tətil vaxtı Bakıya gələndə onunla danışmaq istəmirlərmiş, aralarında düşüncə uçurumu yaranıbmış, buna görə də qarşısına məqsəd qoyub ki, o da həmyaşıdları kimi təhsil alsın. Ancaq sürücülük eşqi heç vaxt azalmayıb, "özü-özünə sürücülük" edirmiş, yəni maşın aludəçisi olub...

- Babası sürücülük məktəbində dərs deyib, həmişə həyətlərində maşın görüb, maraq göstərib. O, məktəbi bitirəndən sonra ailələrinin maddi vəziyyəti ağır olduğuna görə sürücü kimi çalışıb, sonra həmyaşıdlarının təhsil arxasıyca getdiyini görüb deyə universitetə sənədlərini verib. Hə, maşına marağı vardı, imkan düşən kimi təzələyirdi, mən onun belə işlərinə qarışmırdım.

- Qarabağ hadisələri ilə bağlı nə düşünürdü, bu problemin həllinə ümid edirdi?

- "Azərbaycan torpağı", "Cıdır düzü", "İsa bulağı", "Yaddan çıxmaz Qarabağ" adlı poetik əsərləri var. İnanırdı ki, hər şeyin gec-tezi var, qayıdacağıq torpaqlarımıza. Ancaq onu narahat edən iki məsələ vardı: bir prosesin uzanması, bir də düşünürdü ki, görəsən, bir də biz ermənilərlə görüşə bilərik? Yəni dəfələrlə başımıza belə hadisələr gəlib, görəsən, bir də biz onları bağışlayarıq? Mənim qardaşım 28 yaşından Qarabağ əlilidir, 2 gözündən olub. Yəni əksər ailələr o vaxtı bəlalar çəkdilər. Nüsrət bu məsələləri dərindən fikirləşirdi. Düşünürdü ki, onlarla əbədi düşmən olmaq lazımdır. Nəvələrini şəhidlər xiyabanına aparırdı, ermənilərin, rusların xalqımızı qırmasından, şəhidlərin qəhrəmanlığından danışırdı. Uşaqlar tam başa düşmürdülər, amma Nüsrət buna baxmayaraq, həmin hadisələri onlara danışırdı.

- İmkanları reallaşdırmaqla bağlı hərənin taleyi bir cür gətirir. Yəni elə adam olur ki, "sonra yazaram" deyərək illəri yelə verir, eləsi olur "yazsam hamıdan yaxşı yazaram" ümidi ilə saç ağardır, eləsi də olur ki, vaxtını tamam başqa işlərə xərcləyir, yaradıcılıq qalır kənarda. Bütün bunları nəzərə alanda, sizcə, Nüsrət Kəsəmənli kim ola bilərdi, ancaq kim oldu?

- Mən Nüsrəti tanıyan gün də şair idi, dünyadan da şair kimi köçdü. Onun ən böyük vəzifəsi şairlik idi. Elə bil, şeir yazmaq üçün yaradılmışdı. O cür təfəkkürlə doğulan insan başqa işlərlə məşğul ola bilməzdi. İranda əməliyyatdan sonra vəziyyəti ağırlaşanda nəzarətsiz qalmasın deyə həkimlər növbəylə işləyirdilər. Həkimlər məəttəl qalırdılar ki, heç bu adamın ağzı yumulmur, bir belə ağrıyla durmadan şeir deyir. Axırda gəlib ağzını tuturdum ki, bəsdi, olmaz axı sənə bu qədər danışmaq. Axı o şeirləri oxuya-oxuya nələrisə xatırlayırdı, hanısa hisləri yenidən keçirirdi, hansısa fikir onun yadına təzədən düşürdü, həyəcanlanırdı, bütün bunlar isə ona ziyan idi. Mənə elə gəlir, o təpədən-dırnağa şair idi, ona görə də inanmıram ki, başqa sahədə şairlik qədər uğur qazana biləydi...

Milli.Az























Tags:  Nüsrət Kəsəmənlinin xanımı Onsuz mən itirdiyimi itirmişəm FOTOlar

RƏYLƏR


Top news