Azərbaycan müstəqilliyinin 25 illiyini qeyd edir. 1991-ci ilin
18 oktyabr tarixində Konstitusiya Aktı qəbul olundu və müstəqillik
günü məhz bu tarixdən hesablanmağa başlandı. Lakin bu tarix
həqiqətənmi müstəqillik günü kimi qeyd olunmalıdır? Müstəqillik
günü ərəfəsində bu sual yenidən aktuallaşır.
Azərbaycanın birinci prezidenti Ayaz Mütəllibovun Publika.az müsahibəsi:
Müstəqillik bəyannaməsi
Dünya tarixində təcrübə göstərir ki, bir ölkənin müstəqilliyi
bununla bağlı bəyannamənin qəbul olunduğu tarixdən başlayır. Misal
üçün, Amerika Birləşmiş Ştatlarının müstəqillik bəyannaməsi 1776-cı
ilin 4 iyulunda qəbul olunub. 250 ildir Birləşmiş Ştatların
müstəqillik günü olaraq 4 iyul tarixi qeyd olunur.
Azərbaycan Respublikasının varisi olduğu Azərbaycan Xalq
Cümhuriyyəti də 1918-ci il 28 may tarixində məhz İstiqlal
Bəyannaməsi qəbul olunmaqla elan edildi.
Müstəqillik bəyannaməsi bir dövlətin öz müstəqilliyini elan etməsi
deməkdir. 30 avqust 1991-ci il tarixdə Azərbaycan Respublikasının
Ali Sovetinin növbədənkənar sessiyasında da məhz “Azərbaycan
Respublikasının Dövlət Müstəqilliyinin Bərpası haqqında” Bəyannamə
qəbul edildi. Buna baxmayaraq, müstəqillik tarixi 18 oktyabrdan –
Konstitusiya Aktının qəbul olunmasından hesablandı.
Halbuki, müstəqillik bəyannaməsində deyilir: “Azərbaycan
Respublikasının Ali Soveti Azərbaycan xalqının ali dövlət
mənafelərini rəhbər tutaraq və onun iradəsini ifadə edərək, 1918-ci
ildən 1920-ci ilədək Azərbaycan Respublikasının beynəlxalq birlik
tərəfindən tanınmış müstəqil dövlət kimi mövcud olduğunu qeyd
edərək, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin Birləşmiş
Millətlər Təşkilatının Nizamnaməsində, digər beynəlxalq hüquq
paktlarında və konvensiyalarında təsbit edilmiş prinsiplərə müvafiq
surətdə beynəlxalq birliyin üzvü olan dövlətlər və Birləşmiş
Millətlər Təşkilatı tərəfindən tanınmasına ümid bəsləyərək
Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa olunduğunu
elan edir”.
Bu, faktiki olaraq, Azərbaycan respublikasının müstəqilliyinin elan
olunduğu gündür.
Bununla yanaşı, 18 oktyabrda qəbul olunan Konstitusiya Aktında da
30 avqustda qəbul olunmuş müstəqillik bəyannaməsinə istinad olunur:
“Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Milli Şurasının
1918-ci il mayın 28-də qəbul etdiyi İstiqlal Bəyannaməsinə,
Azərbaycan Respublikasının demokratik prinsiplərinin və
ənənələrinin varisliyinə əsaslanaraq və “Azərbaycan Respublikasının
dövlət müstəqilliyinin bərpası haqqında” Azərbaycan Respublikası
Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsini rəhbər
tutaraq bu Konstitusiya Aktını qəbul edir və müstəqil Azərbaycan
Respublikasının dövlət quruluşunun, siyasi və iqtisadi quruluşunun
əsaslarını təsis edir”.
Nə üçün müstəqillik günü 18 oktyabrdan
hesablanır?
Həmin dövrdə Azərbaycan Respublikasının Ali Sovetinin deputatı və
Mətbuat və İnformasiya naziri olan Sabir
Rüstəmxanlı Publika.az-a açıqlamasında deyir ki,
müstəqilliyin 18 oktyabr tarixindən hesablanması Dağlıq Qarabağ
məsələsinə görədir: “Çünki müstəqillik bəyannaməsi avqustun 30-da
qəbul olunsa da, Azərbaycan Qarabağa görə SSRİ-yə tam üz
çevirmədiyi görüntüsü yaradırdı. Ermənilər əvvəlcə qəti şəkildə
SSRİ-yə qarşı çıxırdı. Lakin onlar gördülər ki, Qarabağ məsələsində
bu, onların ziyanına işləyir. Başladılar Moskvanın dediyi ilə
oturub-durmağa. Bizim hökumət də bu taktikadan istifadə etdi”.
Həmin vaxt prezident olan Ayaz Mütəllibov da
Publika.az-a müsahibəsində bildirir ki, o vaxt ehtiyatlı
davranıblar.
“1989-cu il sentyabrın 23-də Azərbaycan rəhbərliyinin qəbul etdiyi
“Azərbaycan SSRİ-in suverenliyi haqqında” Qanun Azərbaycanın SSRİ
tərkibində suverenliyindən danışırdı. Tam müstəqillik nəzərdə
tutulmurdu.
Bununla belə SSRİ rəhbərliyi tərəfindən bu qanun birmənalı
qarşılanmadı. Azərbaycana qarşı təzyiq daha da artdı, Qarabağı
itirmək təhlükəsi qarşısında qoydu. 20 yanvar hadisələrinə də həmin
qanunun nəticəsi kimi baxmalıyıq, çünki Mixail Qorbaçov hökuməti
Azərbaycandan intiqam aldı. Odur ki, 1991-ci il avqustun 30-da
“Müstəqillik Haqqında Bəyannamə” qəbul edilsə də, başqa
respublikaları qabağa buraxdıq ki, yenidən SSRİ rəhbərliyi
Azərbaycana qaşı təxribat edə bilməsin. Ümumiyyətlə, Azərbaycan
rəhbərliyi 20 yanvar hadisələrindən sonra daha ehtiyatla tərpənirdi
və bununla da faktiki olaraq, Ermənistana qarşı ağıllı siyasət
aparırdı. Bir faktı qeyd etmək istəyərdim- 17 mart 1991-ci ildə
Ermənistandan fərqli olaraq, Azərbaycan SSRİ-nin saxlanılmasına səs
verdi. Bu vaxta qədər Ermənistanın tərəfini saxlayan Mixail
Qorbaçov onlardan üz döndərdi və Azərbaycan rəhbərliyinə “erməni
silahlı dəstələrinin Azərbaycandan təmizlənməsi məqsədi ilə
“Koltso” əməliyyatının keçirilməsi əmrini verdi. Nəticədə, Kamo və
Çaykəndi azad etdik”, - deyə ölkənin birinci prezidenti bu addıma
belə haqq qazandırır.
Ayaz Mütəllibov: “Nuru Paşanın ala bilmədiyi Kamo və Çaykəndi azad etdik” – MÜSAHİBƏ