Bakı. 7 oktyabr. REPORT.AZ/ Növbəti tədris ilində Fransa-Azərbaycan Universiteti (UFAZ) Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) 3-cü tədris korpusuna köçürüləcək.
“Report”un xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında ADNSU-nun rektoru Mustafa Babanlı deyib.
Eyni zamanda UFAZ-a rəhbərlik edən M.Babanlı bildirib ki, ADNSU-nun Nizami 183 ünvanında yerləşən üçüncü korpusu həmin universitet üçün ayrılıb: “Hazırda binanın təmiri Təhsil Nazirliyinin ümumi nəzarəti altında dövlət səviyyəsində həyata keçirilir. Növbəti tədris ili üçün binanın istifadəyə verilməsi nəzərdə tutulub”.
O əlavə edib ki, UFAZ-ın ADNSU-nun əsas korpusundakı indiki binasında isə I kursa qəbul edilən ingilis dili üzrə 320 tələbə təhsilini davam etdirəcək: "Yəni, ADNSU-nun ingilis dili bloku həmin korpusa yerləşdiriləcək".