Qüdrət Həsənquliyev onlara “İstiqlal” ordeni verilməsini təklif etdi

Qüdrət Həsənquliyev onlara “İstiqlal” ordeni verilməsini təklif etdi
15:33 7 Oktyabr 2016
39 Ölkə
Ölkə mətbuatı
A- A+

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev 1991-ci ildə Ali Sovetdə keçirilən səsvermədə SSRİ-nin saxlanması ilə bağlı Azərbaycanda referendum keçirilməsinin əleyhinə səs verən 43 istiqlalçı deputatın “İstiqlal” ordeni ilə təltif olunmasını təklif edib.

Publika.az xəbər verir ki, Q.Həsənquliyev bu gün Bakıda “Azəri-Türk” Qadınlar Birliyi tərəfindən keçirilən “Azərbaycan dövlət müstəqilliyinin 25 illik həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması” mövzusunda konfransda çıxışı zamanı deyib ki, həmin adamlar qəhrəmanlardır:

“Mən “Demblok” üzvlərini çıxmaq şərtilə, Azərbaycanın Müstəqillik Aktına imza atan 50 nəfəri o qədər qəhrəman saymıram. Əsl qəhrəmanlar SSRİ-nin Azərbaycanda saxlanılmasına qarşı səs verən 43 nəfərdir. Bu adamlar doğrudan da qəhrəmandırlar. Mən dəfələrlə bildirmişəm ki, həmin insanlara “İstiqlal” ordeni verilməlidir. Bu adamlar Azərbaycanda sağlam ruhda böyüyən insanlara da yaxşı örnəkdirlər. Onlar əsl vətənpərvərdirlər”.

Azərbaycanın dövlət müstəqilliyinin 25 illiyi ilə bağlı danışan deputat vurğulayıb ki, inqilabalar hər zaman öz övladlarını yeyirlər:

“Çünki inqilabla hakimiyyətə gələnlər adətən demokratiya adı ilə hakimiyyətə gəlirlər. Ancaq demokratiya deyil, dikdatura formalaşdırırlar. Biz bunu bir sıra inqilablarda da görmüşük. Bilirsiz ki, Azərbaycanda xalq hərəkatı Dağlıq Qarabağa görə başlayıb. Azərbaycanda Qarabağ hərəkatı yeni başlayanda Kamran Bağırov birinci katib idi. Ancaq o,Heydər Əliyev kimi güclü siyasi lider deyildi. Lakin Kamran Bağırovun gücü ona çatdı ki, o, tələbələrə, zavod və müəssisələrdə çalışanlara küçələrə çıxıb xalq hərəkatına başlamaq üçün yaşıl işıq yandırmışdı. Bütün bunları ona görə qeyd edirəm ki, bəzi insanlar Azərbaycan Xalq Hərəkatından çıxan bir illik hakimiyyətin niyə qısa ömür sürməsinin səbəbini bilməlidir”.

Q.Həsənquliyev qeyd edib ki, Azərbaycan dövləti artıq güclüdür və daha torpaq itirməməlidir:

“Biz indiyədək torpaqları itirə-itrə gəlmişik. Gələcəkdə də bunun davam etməməsi üçün Azərbaycanda güclü təhsilə malik dövlət qurulmalıdır. Bunun da başında güclü elm və təhsil dayanır. Azərbaycanda elm və təhsil o qədər inkişaf etməlidir ki, həmin təhsilli şəxslər, gənclər Qərb elm xadimləri ilə rəqabət apara bilsin. Mən əminəm ki, gələcəkdə Azərbaycan gəncliyi bizim arzu etdiyimiz və istədiyimiz inkişafı təmin edə biləcəklər. Buna görə də ruhdan düşmək lazım deyil”.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida/171326.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR