Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"ATƏT-in tədbirləri dialoq platformasından daha çox qarşılıqlı ittiham məkanına çevrilib"

"ATƏT-in tədbirləri dialoq platformasından daha çox qarşılıqlı ittiham məkanına çevrilib"

Date: 7 October 2016 16:22

Bir müddət bundan öncə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun yaranmasının 25 illiyi tamam oldu. Bu il həm də BMT-nin Mülki və siyasi hüquqlara dair beynəlxalq paktının və İqtisadi-sosial və mədəni hüquqlara dair beynəlxalq paktının qəbul olunmasının 50, ratifikasiya edilib qüvvəyə minməsinin də 40 illiyi tamam olub. ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun ənənəvi və hər il eyni vaxta keçirilən "İnsan meyarı" üzrə illik toplanıtısında yubleylərə həsr olunan panellər də olub. Milli.Az bildirir ki, uzun illər ATƏT DTİHB-nun "İnsan meyarı" üzrə illik toplanıtısında  və bu mövzuda Vayanada keçirilən əlavə tədbirlərdə iştirak edən hüquq müdafiəçisi Sahib Məmmədov "Kaspi"nin suallarını cavablandırıb.

- Sahib müəllim, ATƏT DTİHB-nin  bu yaxınlarda insan meyarı üzrə 25-ci yubiley toplantısı keçirilib. Siz də hər il olduğu kimi bu dəfə də həmin toplantının iştirakçısı olmusunuz. İlk öncə bu toplantıyla bağlı təəssüratlarınızı öyrənmək istərdik...

- Uzun illərdir ki, ATƏT-in insan meyarı üzrə illik toplantılarında, eyni zamanda əlavə tədbirlərdə də iştirak edirəm. Əlavə tədbirlər bir qayda olaraq ya Avstriyanın paytaxtı Vyanada, ya da Polşanın paytaxtı Varşavada olur. Əsas tədbirdə bir qayda olaraq birləşmə, toplaşma azadlığı və digər fundamental insan hüquqları ilə bağlı, əlavə tədbirlərdə isə bunların biri və ya bir neçəsi barədə mövzular olur. Varşavada keçirilən tədbirdə gündəlik çox geniş tərtib edilir. Misal üçün, gündəlikdə fundamental hüquq və azadlıqlarla yanaşı, sosial hüquqlar, miqrant hüquqları, ksenofobiya, dini dözümsüzlük və sair mövzular da ola bilər. Belə tədbirlər adətən 10-14 günü əhatə edir. Məsələ burasındadır ki, bu tədbirlərdə gündəlikdə dayanan əsas məsələlərdən başqa, bəzi maraqlı qüvvələr gündəlikdə qeyd olunmayan, əlavə tədbirlər də təşkil edirlər. Bunlara əlavə (paralel) tədbirlər - (sayt eventy) də deyilir. Ötən ilki toplantıda 81 belə əlavə tədbir keçirilmişdi. Təsəvvür edin ki, ATƏT-in tədbirində gündəlik üzrə panellər təşkil olunur, bunlara paralel, yaxud fasilələrdə və ya səhər tezdən əsas tədbir başlayana qədər, üst-üstə düşməmək şərtilə, elə həmin yerdəcə müəyyən qüvvələr tərəfindən otaqlar, zallar kirayələnir, əlavə tədbirlər keçirilir. Beləliklə, ATƏT-in tədbirləri çox geniş olur. ATƏT-in budəfəki tədbiri isə yubiley xarakterli idi. İlkin təəssüratım bundan ibarətdir ki, ildən-ilə bu tədbirlərin mahiyyəti pisə doğru dəyişir. Əvvəllər bu tədbirlərə bir dialoq platforması kimi baxmaq olardı. Əslində 1990-cı ildə qəbul olunmuş Yeni Avropa üçün Paris Xartiyasında bütün tədbirlərdə vətəndaş cəmiyyəti iştirakçılığı tövsiyə olunur. Gəlin görək, xartiya ilə ATƏT-in qarşısında qoyulan missiya nə idi? Belə tədbirlər vasitəsilə hökumətlə vətəndaş cəmiyyəti arasında dialoqu daha da yaxşılaşdırmaq əsas məqsədlərdən biridir. Təəssüf ki, son illərdə bu, dialoq platformasından daha çox qarşılıqlı ittiham platformasına çevrilib. Məsələn, dövlətlərin dövlətlərə qarşı ittihamına nümunə üçün Ukraynanın Rusiyanı, yaxud ABŞ-ın Rusiyanı ittiham etməsini, yaxud hansısa dövlətin, o cümlədən Ermənistanın Azərbaycana qarşı ittihamını, Azərbaycanın da buna qarşı əks çıxışlarını göstərə bilərik. Digər tərəfdən, bu tədbirlər vətəndaş cəmiyyəti, xüsusən də "vətəndaş cəmiyyəti" nümayəndəsi adlandırılan ayrı-ayrı qüvvələrin idarə etdiyi şəxslərlə hökumətlərin bir-birilə qarşıdurmaları üçün məkana çevrilib. Bu, heç nəyə xidmət etmir. ATƏT-in budəfəki tədbirində çıxış edənlər də açıq şəkildə bildirdilər ki, Demokratik Təsisatlar və İnsan Haqları Bürosu artıq şikayətlər bürosuna çevrilib.

- Sizcə, kimlər və ya hansı təşkilatlardır ATƏT DTİHB-i şikayətlər bürosuna çevirən?

- Avropada yüzlərlə, minlərlə QHT var. Onlar çoxsaylı şəbəkələr yaradıblar. Həmin şəbəkələr öz fəaliyyətlərinə böyük məbləğdə vəsaitlər cəlb etməklə, müxtəlif dövlətlərə qarşı kampaniyalar təşkil edirlər. Azərbaycan da zaman-zaman bu şəbəkələrin fokusunda olub. Xüsusən də ölkəmizdə hansısa irimiqyaslı tədbir keçirilməsi ərəfəsində, yaxud beynəlxalq əhəmiyyətli iqtisadi layihənin reallaşması öncəsində. Misal üçün, Bakı-Tbilisi-Ceyhan boru xəttinin çəkilməsi, seçkilər, yaxud Avroviziya-2012, I Avropa Oyunları ərəfəsində böyük ümumdünya kampaniyaları təşkil olunmuşdu. Bu antiazərbaycan kampaniyalarda aparıcı qurumlar sırasında  erməni təşkilatları, erməni lobbisinin təsiri altında olan qüvvələr də olur. Məhz onlar məqsədli şəkildə belə bir addım atırdılar. Düzdür, hər bir ölkədə insan haqlarının pozulması faktı var və bu hüquq pozuntusuna görə dövlətlərin tənqid olunması normal haldır. Ancaq maraqlı burasıdır ki, belə tədbirlərdə böyük əksəriyyət hallarda Gürcüstan, Ermənistan kimi dövlətlər insan haqlarının pozulması baxımından ümumiyyətlə "yada düşmürlər". Amma Gürcüstandan və ya Tacikstandan ATƏT-in tədbirinə qatılmış hansısa QHT Azərbaycanı insan hüquqlarının vəziyyətinə görə geninə-boluna sərt tənqid edir. Əgər bu QHT hansısa səhv məlumat, yaxud da reallığı əks etdirən faktlar əsasında Azərbaycanı, eləcə də başqa bir dövləti tənqid edərdisə, səmimi narahatlığını çatdırardısa, bunu anlayışla qarşılamaq olar. Hətta biz özümüz də hökumətin, dövlətin hansısa siyasətini beynəlxalq tədbirlərdə, ölkə daxilində, kütləvi informasiya vasitələrində də tənqid edə bilərik. Buna normal baxmaq lazımdır. Lakin qısa bir araşdırma aparanda hiss edirsən ki, bəzi xarici QHT-lərin Azərbaycana qarşı "həssaslığı", "narahatlığı" məqsədli xarakter daşıyır.

- Müxtəlif ölkələrdən sözügedən koalisiyaya cəlb olunmuş QHT-lər Azərbaycan barəsində daha çox hansı "tənqidləri" dilə gətirirlər?

- Misal üçün, bir neçə il bundan öncə Azərbaycana qarşı "Demokratiya naminə oxu", "İnsan hüquqları naminə idman" kampaniyaları təşkil edilmişdi. Belə kampaniyanı həyata keçirən bir koalisiya var ki, orada 19 təşkilat birləşib. Təsəvvür edin, bu koalisiyada "Azərbaycan fəalları", Gürcüstan QHT-ləri ilə yanaşı, hətta Tacikistandan da QHT təmsil olunur. Tacikistandan olan bu QHT nümayəndəsi tədbirlərdə Azərbaycandakı insan haqlarının vəziyyəti ilə bağlı "ürək yanğısı" ilə çıxış edir. Halbuki, bu adamın ölkəsində əhalinin 90 faizi qul vəziyyətindədir, müxtəlif ölkələrdə qul kimi işlədilir. Çoxsaylı Tacikistan qadınları isə Ərəb Əmirliklərində, Dubayda bədənini satır. Əgər tacikistanlı QHT sədrini insan haqlarının vəziyyəti səmimi olaraq narahat edirsə, məntiqlə ilk növbədə öz ölkəsindəki vəziyyəti dilə gətirməlidir. Lakin o, bunu etmir, hətta ATƏT-dəki çıxışında, - "Mən çox şadam ki, Tacikistan belə vəziyyətinə görə Azərbaycan səviyyəsinə enməyib", - deyə, fikir bildirir. Eləcə də götürək Gürcüstandan olan QHT sədrini. Əgər onun azərbaycanlılara doğrudan da canı yanırsa, o zaman Gürcüstandakı azərbaycanlıların fundamental, o cümlədən din, dil, mülkiyyət, təhsil, əmək və sair hüquqlarının pozulmasını da dilə gətirməlidir. Azərbaycandakı siyasi məhbuslardan danışan həmin QHT sədri heç demir ki, Saakaşvilinin prezidentlik müddəti bitəndən sonra onun yerinə gələn şəxs əvvəlki hakimiyyətin demək olar bütün nümayəndələrini həbs etdirib, bir qismini isə mühacirətə getməyə məcbur edib. Həmin koalisiyada Ermənistandan QHT olmasa da, bilavasitə ermənilərin təsiri altında olan təşkilatlar var. Ən önəmlisi də budur ki, ermənilərin təsiri altında olan təşkilatlar sözügedən koalisiyada dominant rol oynayırlar. Buna misal kimi Çexiyanın People in Need (PİN), Polşanın İnsan Hüquqları üzrə Helsinki Fondu, Norveçin İnsan Hüquqları Evi  kimi təşkilatların adını çəkmək olar. Koalisiyanın bütün maliyyələşməsi, fəaliyyət planı və sair məhz bu təşkilatlar vasitəsilə tənzimlənir. Bu koalisiyaya Azərbaycan tərəfdən cəlb olunan zombiləşmiş, xaltalı "hüquq müdafiəçiləri" də digərlərini müşayiət edir. Onlar insan ağlına gəlməyən, cüzi bir hissəsi həqiqət olan, lakin həddən artıq şişirdilmiş dezinformasiyaları koalisiyaya ötürürlər.
 
- Azərbaycana qarşı kampaniyanı təşkil edən koalisiyalarda dominant rol oynayan təşkilatların ermənipərəstliyini sübut edəcək hər hansı fakt, sübut təqdim etmək mümkündürmü?

- Əlbəttə mümkündür. Götürək elə PİN təşkilatını. 1988-ci ildə Ermənistanın Spitak rayonunda dəhşətli zəlzələ olanda Çexiyada bir qrup tələbə təşəbbüs göstərərək, möhtac olan insanlara yardım aksiyası keçiriblər. Sonradan bu təşəbbüs əsasında adı "möhtac insanlar" kimi məna verən People in Need adlı humanitar təşkilat yaradılıb. PİN 1992-ci ildə beynəlxalq humanitar hüququn prinsiplərini kobud surətdə pozaraq, Xankəndində döyüş əməliyyatlarında yaralanan erməni döyüşçülərini müalicə etmək üçün hospital yaradıb. Beynəlxalq humanitar hüququn prinsiplərinə görə döyüşlər zamanı yaralananlara, əsir düşənlərə münasibətdə humanitar yardım göstərən tərəf neytiral və qərəzsiz olmalıdır. Onlar üçün işğalçı və müdafiə olunan anlayışı olmamalıdır. Döyüşlərdə bədbəxtliyə düçar olan, yaralanan, əsir düşən və sair şəxslərə eyni münasibət göstərilməlidir. Lakin PİN-in "humanizmi" ancaq ermənilərə münasibətdə özünü göstərib. O vaxt yaralanaraq əsir düşən hərbiçi və ya mülki azərbaycanlıları PİN öz hospitalına qətiyyən qəbul etməyib. Sonradan bu təşkilat öz mandatından kənara çıxaraq ermənilərin əlində Azərbaycana qarşı dubinka rolunu oynadı. Halbuki, humanitar təşkilatlar insan hüquqlarını müdafiə edən təşkilat deyil, konkret humanitar missiya yerinə yetirir. Ümumiyyətlə, bu təşkilatın Azərbaycan vətəndaşları ilə bağlı daha dəhşətli əməlləri var. Təəssüf ki, bizim istintaq orqanlarında bu təşkilatla bağlı əsir və girovlarımızın ifadələri, demək olar yoxdur. İndi belə təşkilatın Azərbaycanda insan hüquqlarının vəziyyətindən narahat olması sadəcə sinizimdir. Bundan başqa, Azərbaycana qarşı təşkil edilən koalisiyanın əsas koordinatorlarından biri də Rebeka Vinset idi. ABŞ vətəndaşı olan bu qadın vaxtilə Azərbaycandakı Amerika səfirliyində çalışıb. Sonradan "Artikl XlX"un nümayəndəsi kimi ən böyük antiazərbaycan kampaniyalardan birinin, 2012-ci ildə fəallıq göstərən Azərbaycan üzrə Beynəlxalq Əməkdaşlıq Qrupunun koordinatoru olub. O, ABŞ konqresində olan və hər il Azərbaycanla bağlı dinləmələr keçirən ermənipərəst konqresmenlərin birbaşa göstərişləri əsasında fəaliyyət göstərir. Bu qüvvələrin yaratdığı şəbəkə heç vaxt Ermənistanla bağlı hər hansı bəyanat verməyib. Cənubi Qafqazın digər dövlətləri ilə bağlı fəaliyyəti yoxdur. Maraqlıdır niyə onları bu qədər maraqlandırır Azərbaycan? İndi onlara müraciət edək ki, bizim girov götürülmüş həmvətənlərimiz Şahbaz və Dilqəmlə bağlı da bir yardım edin, görün reaksiya olacaqmı? Halbuki PİN-in əsas funksiyası məhz budur. Siz təşəvvür edin ki, bu koalisiya tərtib etdiyi siyasi məhbus siyahısında olan Qarabağ qazisinin müadfiəsi ilə bağlı heç bir hərəkət etməyib. Buraxdığı broşurlarda, keçirdiyi kampaniyalarda ondan başqa hamının şəkilləri var. Səbəbi sadədir. Çünki həmin Qarabağ qazisi vaxtilə Ermənistana qarşı döyüşüb. İndi bu şəbəkə, ABŞ-dan olan bəzi fondalrın dəstəyi ilə xarici ölkələrdə təlim-məşq toplanışları keçirir və ora Azərbaycandan zombiləşdirdikləri insanları cəlb edirlər. Özü də bunun üçün beynəlxalq tədbirlərdən istifadə edirlər. Məslən, insanlar ATƏT və ya hər hansı beynəlxalq təşkilatın tədbiri üçün qeydiyyatdan keçir və tədbirə gedir. Amma həmin tədbirə demək olar iştirak etmir, əsas tədbirdən kənarda təşkil olunan gizli toplantıya qatılırlar. Belə toplantılardan sonra Azərbaycanla bağlı yeni kampaniyalara start verilir. Məslən indi Azərbaycanın Mədən Hasilatında Şəffaflıq Təşəbbüsündə, daha sonra Açıq Hökumətə dair Beynəlxalq Təşəbbüsdə statusunun bərpası məsləsi var. Həmin qüvvələr bunun qarşısını almaq üçün işə keçib. Məqsəd Azərbaycanı təmsil etdiyi qurumlarda gözdən salmaq və mükün hallarda onun üzvülüyünə xitam verməyə nail olmaqdır. Bununla bağlı həmin qüvvələrin Azərbaycandan olan tərəfdaşları bir sıra işləri görməlidirlər. İlk növbədə Azərbaycanın Mədən Hasilatında Şəffaflıq Təşəbbüsündəki üzvülük statusunun bərpasının qarşısını almaq və mümkün halda onun bu təşəbbüsdən çıxarılmasına nail olmaq. Eyni zamanda Açıq Hökumət Tərəfdaşlığı beynəlxalq təşəbbüsündə Azərbaycanın aktiv statusunun bərpasına mane olmaq, mümükün halda onun növbəti bir il üçün deaktiv statusda qalmasına çalışmaq. Ən nəhayət, İnsan Hüquqları üzrə Müvəkkilin BMT-dəki "A" statusunun ləğvinə və onun "B" statusuna endirilməsinə nail olmaq. Bu fəaliyyətlərlə bağlı şəbəkənin Azərbaycandakı fəalları müraciətlər hazırlayaraq müvafiq qrumlara göndəriblər. Yəqin ki, tezliklə beynəlxalq dəstək də təmin olunacaqdır. 

- Qeyd etdiniz ki, xaricdə şəbəkələşmiş QHT-lər Azərbaycana qarşı məqsədli kampaniyalar təşkil edirlər. Bu məqsədlər nədən ibarət ola bilər?

- Apardığım araşdırmalar nəticəsində ATƏT tədbirləri çərçivəsində Azərbaycana qarşı fəallaşan koalisiyaları, məqsədli tənqidləri, kampaniyaları qruplaşdırmışam. Burda bir neçə məqsəd var. Ən birincisi, bu koalisiyada böyük pullar dövr edir. Həmin pulların nağdlaşdırılması, çirkli pulların yuyulması üçün Azərbaycandan olan "hüquq müdafiəçiləri"ndən istifadə edilir. Loru dildə desək, belə koalisiyalarda əsas güc, söz sahibi olan bir-iki təşkilat pul pul gətirər prinsipi ilə qurumun fəaliyyətinə bir az pul xərcləyir, daha sonra oradan böyük pullar qazanırlar. Tacikistan, Gürcüstan, Azərbaycan və sair ölkədən bu koalisiyada təmsil olunan QHT-lərin də ATƏT-in tədbirlərinə gedib-gəlmək, hotellərdə qalmaq, qidalanmaq xərcləri ödənilir. Ola bilsin az miqdarda qonorar da verilir. Lakin Azərbaycan ətrafında kampaniyalar təşkil etməklə böyük pulları həmin koalisiyalarda dominant rol oynayan təşkilatlar qazanırlar. Misal üçün, ötən il yalnız ABŞ-ın Demokratiyaya Dəstək Fondu - NED təşkilatından Azərbaycana ümumi həcmi 1 milyon 200 min dollara yaxın 21 qrant ayrılıb. Bu qrantlar içərisində siyasi məhbuslara yardım üçün ayrılan vəsaitlər də var. Amma bu günə qədər siyasi məhbus adlandırılan şəxslərdən heç kimə, onun ailə üzvlərinə, yaxud da hüquqlarının müdafiəsinə heç kim heç bir vəsait xərcləməyib, yardım olunmayıb. Yəni, pullar bu kimi adlarla Azərbaycana qrant adı ilə ayrılır, sonra nağdlaşdırılıb geri qayıdır. "Hüquq müdafiəçisi" var ki, onun adına Azərbaycan banklarının birində hesab açılıb, həmçinin bu hesaba köçürülən pulların asan əldə edilməsi üçün onun plastik kartı var. Lakin həmin kart xaricdəki hansısa təşkilatdadır. Qrant adı altında xaricdən pul həmin şəxsin hesabına köçürülür, bir müddət sonra xaricdə sözügedən plastik kart vasitəsilə nağdlaşdırılır. Ermənilərə bağlılığı olan və koalisiyalarda dominantlıq edən təşkilatların məqsədi isə puldan da önəmli olan bəzi məsələlərdir. Onlar Azərbaycanın Ermənistanla müqayisədə antidemokratik, insan hüquqlarının total pozulduğu bir dövlət imicini formalaşdırmaqla, Dağlıq Qarabağ ermənilərinin separatçılığına, əslində isə Ermənistanın işğalçı siyasətinə haqq qazandırmağa çalışırlar. Bundan başqa, koalisiyada dominantlıq edən qüvvələr Azərbaycanda radikalizmi artırmaqla cəmiyyətdə tolerantlığın, multikulturalizmin pozulmasına çalışırlar. Bu məqsədlə Azərbaycan daxilində dini radikalizmi stimullaşdıra biləcək qüvvələri müdafiə edirlər. Reallıq budur ki, Azərbaycan cəmiyyətində monolitlik var. Dini, irqi, milli zəmində heç bir qarşıdurma yoxdur. Hətta eyni dinin ayrı-ayrı məzhəbləri arasında da radikal fikir ayrılığı, qarşıdurma yoxdur. Koalisiyadakı bəlli qüvvələr bu sabitliyin pozulmasında, monolitliyin, tolerantlığın, multikulturalizmin dağıdılmasında, parçalanmasında maraqlıdırlar. Beləliklə, dövləti daxildən çökdürmək, vətəndaş qarşıdurması yaratmaq, Azərbaycan ordusunun ön cəbhədəki mətin mübarizəsini də sarsıtmaq niyyəti güdürlər.

- Son olaraq gəldiyiniz qənaət nədən ibarətdir? Vətəndaş cəmiyyətinə, QHT-lərə, hüquq müdafiəçilərinə nələri tövsiyə edərdiniz?

- Azərbaycanın 20 faiz ərazisi işğal altındadır. Atəşkəs razılaşması olsa da, qarşı tərəf müxtəlif təxribatlarla bu razılaşmanı pozur. Bütün çətinliklərə rəğmən, Silahlı Qüvvələrimiz cəbhə xəttində ayıq-sayıq dayanır, Vətənimizin keşiyini çəkir. Azərbaycan Ordusunun gücü, düşmən üzərində sözün bütün mənalarında üstünlüyü də göz qabağındadır. Belə olan vəziyyətdə düşmənlərimizə imkan verməli deyilik ki, Azərbaycanın daxilində ikinci cəbhə açsınlar. Bunun üçün isə güclü vətəndaş cəmiyyətinin olması vacib şərtdir. Əsl dövlət mövqeyində dayanan, yeri gələndə, hökuməti tənqid edən, lakin dövlətçiliyin təməl prinsiplərini qoruyan vətəndaş cəmiyyətinin gücləndirilməsi zərurətdir. Vətəndaş cəmiyyəti deyərkən yalnız QHT-ləri təsəvvür etmək düzgün deyil. Buraya kütləvi informasiya vasitələrini, icmaları, dini təşkilatları, siyasi partiyaları, müxtəlif sahələrdə təmsil olunan insanlarımızı, ümumən bütün vətəndaşlarımızı aid etmək gərəkdir.

Milli.Az


Tags:  ATƏT-in tədbirləri dialoq platformasından çox qarşılıqlı ittiham məkanına çevrilib

RƏYLƏR


Top news